DİN: Yol polisinə atəş açan Salyan sakini tutulub

781 3-03-2018, 17:19 cemiyyet / gundem

DİN: Yol polisinə atəş açan Salyan sakini tutulubMartın 1-də saat 17 radələrində Ələt-Astara yolunun 16-cı kilometrliyində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılmış, bu zaman sürücü onu təhqir edərək hadisə yerini tərk edib.

DİN-dən Trend-ə verilən məlumata görə, dərhal həmin avtomobilin saxlanılması üçün müvafiq tədbirlər görülüb, həmin ərazidəki BDYPİ-nin stasionar postunda həmin avtomobilə “saxla” işarəsi verilib, lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq oradan uzaqlaşıb.

Martın 2-də saat 15 radələrində Ələt-Astara yolunun 38-ci kilometrliyində naməlum sürücü idarə etdiyi “Mitsubishi L 300” markalı avtomobili qəsdən yol polisi əməkdaşının xidməti “KİA” markalı avtomobilinə vurub, habelə odlu silahla polis əməkdaşını hədələyərək ondan yaxınlaşmamağı tələb edib, bir qədər sonra öz maşınını “BMW” markalı avtomobildə xidmət aparan polis əməkdaşlarının yanında saxlayaraq onları da təhqir edib, odlu silahdan “BMW”-yə tərəf 1 dəfə atəş açıb hərəkətini davam etdirib.

Salyan RPŞ əməkdaşları tərəfindən görülmüş əməliyyat tədbirləri nəticəsində avtomobil şəhər ərazisində saxlanılarkən sürücü, idarə etdiyi avtomobildən polis əməkdaşlarının olduğu avtomobilə bir neçə dəfə atəş açıb, avtomobillə yol polisi əməkdaşını qolundan vurub.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb.

Araşdırmalarla onun Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Bağırov olması müəyyən edilib. Həmçinin martın 1-də “Mercedes” markalı avtomobillə qeyd edilən hərəkətlərin də onun tərəfindən törədilməsi məlum olub.

O.Bağırovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi və 16 ədəd patron götürülüb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Xeberdar.net

XƏBƏR LENTİ