Fransadakı səfirliyiniz erməni cəllada sənəd verib? – “Sübut edin ki….”

843 7-04-2018, 15:52 bolge

Fransadakı səfirliyiniz erməni cəllada sənəd verib? – “Sübut edin ki….”
Fransada yaşayan bloqqer Elnur Məcidli Azərbaycanın Fransadakı səfirliyinin yerli saytlara göndərdiyi təkzibə münasibət bildirib. Musavat.com xəbər verir ki, E.Məcidli Eduard Qriqoryan adlı erməni bir vətəndaşa Azərbaycanın Fransadakı səfirliyi vasitəsilə şəxsiyyət vəsiqəsi verilməsi ilə bağlı iddiasına səfirliyin verdiyi açıqlamanın onda təbəssüm yaratdığını və bunu çərçivəsiz saydığını yazıb.

E.Məcidli daha sonra yazıb: “Mən bu adamın Fransada olduğunu, və əgər səfirlikdən sənəd aldığı təqdirdə bunu gizlədilməsini düzgün hesab etmədiyimi bildirmişəm. Səfirlik, klassik, bir az da kommunist cümlələrlə cavab verməyə çalışıb. Bir ölkəni təmsil edən, xüsusən diplomatik missiyanı yerinə yetirən bir qurumun açıqlaması bu formada olmamalıdır. Səfirliyin mətbuat xidmətinin bəlkə də təcrübəsizliyindən də qaynaqlanmış ola bilər”.

E.Məcidli daha sonra səfir və səfirliyin işçilərinə müraciət edib: “Məsələ olduqca sadədir, siz bu şəxsin səfirliyə gətirilmədiyini, belə bir sənd verilmədiyini deyirsiniz və əvəzində əgər doğrudan da bu cinayətkar şəxs Fransadadısa, fikri səsləndirən tərəfə məlumatın dəqiqliyi üçün çağırış edirsiniz. Mətbuatdakı bu informasiyanı əsas alaraq Fransa Daxili İşlər Nazirliyinə, Fransa Xarici İşlər Nazirliyinə, o cümlədən Orlean Prefekturasına rəsmi müraciət ünvanlayırsınız və yekun nəticəni gözləyirsiniz və bütün bu prosesi ictimai şəkildə paylaşır və prosesə həm milli diasporun, həm də ictimaiyyətin qoşulmasında maraqlı olduğunuzu göstərirsiniz. Bu da olur kostruktiv açıqlama. Yoxsa prezident seçkiləri belə gəldi, dövlətçiliyimizə təxribat belə getdi, inanın bu diplomatik səviyyə deyil, çeynənmiş, ikrah hissi doğuran düşük siyasi səviyyədir”.

E.Məcidli yazıb ki, dünən bu məsələ ilə bağlı görüşü olub və səfirlik də bundan və bu görüşün detallarından xəbərdardır: “Ölkənin milli maraqları, daxili siyasi çaxnaşmalardan ön planda olmalıdır. Bu arada yaxşı olardı ki, səfirliyimizin rəsmi facebook səhifəsinin adı fransız və ingilis dilində olmaq əvəzinə, sadəcə fransız və azərbaycan dillərində olardı, və öz dilimizdə səfirliyin səhifəsini axtaran həmvətənlərimiz daha tez bu səhifəni tapardılar. Necə ki, ölkəmizdəki Fransa səfirliyi öz səhifəsinin adını fransız və azərbaycan dillərində edib”.

XƏBƏR LENTİ