Bizə Diaspora Komitəsi lazımdırmı? - Rüfət Muradlı

982 27-04-2018, 10:37 siyaset / gundem

Bizə Diaspora Komitəsi lazımdırmı? - Rüfət Muradlı
Prezident Diaspora ilə iş üzrə Dövlət komitəsinin sədrini dəyişdi, əvəzinə gənc deputatı təyin etdi. Və bundan sonra dünənəcən keçmiş sədri öyənlərin yadına düşdü ki, sən demə adam yaxşı çalışmayıb. Hələ təqdimatı həyata keçirən ağsaqqalın nisbətən yumşaq tərzdə keçmiş sədri korrupsiyada ittihamlandırması bəzi diaspora dəllallarını lap cəsarətləndirdi. Sanki vaxtilə metal alverçisi olmuş keçmiş sədrin yanında quyruq bulayan, onun hər fəaliyyətini təqdir edən elə bunlar deyildi. Hər halda inanmaq istərdik ki, yeni təyinat Azərbaycan reallığında diaspora ilə gerçək işin ortaya çıxmasına təkan versin. Əlbəttə inanmaq istərdik, amma təəsüf ki, son illərin saxta seçkilər üzərində qurulan vəzifə təyinatları bizi bundan - inanmaq nemətindən də məhrum edib. Həm də mənim ölkəmdə fərdlər ümummilli ya ümumdövlət problemlərinin həllində elə də təsirli deyillər. Ona görə ki, rüşvətə bulaşmış, maddi mənəvi asılı duruma salınmış ortamda kadrların nəinki ciddi addım atması, hətta nisbətən cəsarətli mövqe sərgiləməsi belə mümkünsüz görünür. Yəni dəyişən kadrlar, fərdlər yox, sistem və mahiyyət olmalıdır.

Diaspora ilə işə gəlincə.
Ümumiyyətlə vaxtilə diaspora ya diaspora ilə iş üzrə dövlət komitəsinin yaradılması büdcənin talan edilməsi ilə sonuclanan uğursuz bir siyasətin nəticəsi idi. On illər idi həmin komitə olmadan belə Avropa və Amerikada yaşayan əsasən Güneyli soydaşlarımız bu missiyanı təmənnasız, eyni zamanda uğurlu şəkildə yerinə yetirirdilər. Misal üçün, 90-cı illərdə Dünya Azərbaycanlıları Konqresinin yaradılması və 2000-ci illərin ortalarınadək onun uğurlu və təsirli fəaliyyətini kimsə inkar edə bilməz. Diaspora Komitəsi isə bu uğurlu qurumu param parça etdi. Eləcə də xaricdə ya daxildə Azərbaycan adına hər hansı diaspora qurumu formalaşmağa başladısa, məlum Komitənin amilləri tərəfindən dərhal hədəfə alındılar- öz muzdluları vasitəsilə dərhal alternativ, eyni adlı qurumlar ortaya çıxarıldı. Bu taleyİ DAK, GAMAC, Güney Azərbaycan Konseyi, Güney Azərbaycan Mühacirət Parlamenti, Borçalı Cəmiyyəti kimi qurumlar gözlərimizin önündə yaşayıblar. Təəsüflər olsun ki, Diaspora ilə iş üzrə Komitə faktiki olaraq xaricdəki soydaşlarımızı bir araya gətirmək yox, onları parçalamaq, son zamanlar da artıq qarşı qarşıya qoymaq missiyasını sürdürüb. Bu qurum yarandığı andan diaspora fəaliyyətini həm də iqtidarın lobbiçilik fəalliyyətlərinə qurban verdi. Əslinə qalsa dövlət qurumunun əsas fəaliyyəti elə lobbiçilik üzərində təmərküzləşməlidir. Amma bunu diaspora adı ilə ya müvafiq komitənin xətti ilə deyil, konkret diplomatik missiyanın ya müvafiq mərkəzlərin imkanları hesabına etmək daha evvektiv və məqsədəuyğun olardı. Halbuki son dönəmlər bəzi xarici ölkələrdə səfirliklərlə diaspora komitəsinin fəalları arasında mövqe qarşıdurmasının da şahidi olduq. Diaspora komitəsi xarici ölkələrdə milli maraqları deyil, iqtidarın və konkret Komitənin maraqlarına xidmət edən bəzi "casuslarını" ara sıra mükafatlandıraraq bu fəaliyyətə stimul da verirdi. Elə maraq doğuran cəhətlərdən biri də budur ki, o mükafatlandırmanı bu gün Nazim İbrahimovu işini düzgün icra edə bilməməkdə suçlayan Ramiz Mehdiyev şəxsən həyata keçirib. Buradan isə konkret nəticə almaq olar- Nazim İbrahimovun vəzifədən getməsinin nə maddi dəstəklərin yerinə yetirilməməsi məsələsi, nə də onun yarıtmaz fəaliyyətlərilə əlaqəsi yoxdur. Çünki zatən komitə yarandığı andan məhz bu şəkildə fəaliyyət göstərib. Vəzifədən azad etmə üçün əsas səbəb isə artıq kimsəyə sirr deyil- N.İbrahimov son zamanlar Avropada yaranan müxalifət hərəkatını susdurmaqda aciz qaldı. Və indi bu quruma deputat-siyasətçi kadrın gətirilməsi çox güman ki, yarımçıq qalan və Nazim İbrahimovu bitirən faktorun- xaricdəki müxaliflərə qarşı başlanmış prosesin aktivləşdirilməsinə təkan verəcək. Amma çox istərdim ki, Diaspora ilə iş üzrə dövlət komitəsi öz fəaliyyətini yalnız dövlət və milli mənafeyimiz üzərində formalaşdırsın, nəinki yarandığı gündən bu anadək izlədiyi iqtidar maraqları üzərində yox...

Xeberdar.net

XƏBƏR LENTİ