Azərbaycan: 4, 5, 6 və 7 iyulda hava şəraitinin kəskin isti keçməsi ilə bağlı sərəncam verilib

934 4-07-2018, 15:31 cemiyyet

Azərbaycan: 4, 5, 6 və 7 iyulda hava şəraitinin kəskin isti keçməsi ilə bağlı sərəncam verilib
Baş nazir Novruz Məmmədov hava şəraitinin kəskin isti keçməsi ilə bağlı sərəncam imzalayıb.

Nazirlər Kabinetinin sözçüsü Akif Əli BBC News Azərbaycancaya bildirib ki, sərəncamda isti hava ilə bağlı Əmək Məcəlləsindən irəli gələn tələblərə riayət olunması haqqında məsələlər öz əksini tapıb.

Sərəncamda deyilir ki, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar bütün müəssisə, idarə və təşkilatların, eləcə də işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərləri Əmək Məcəllləsinin "Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması" tələbinə ciddi riayət olunması təmin edilsin.

Qanunda nə deyilir?
Maddə 233. Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması

1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

2. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur.

4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

2-ci əlavə

İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri

1. Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosu iyulun 1-də Bakıda və Abşeron yarımadasında 120 ilin rekord temperatur göstəricisinin qeydə alındığını bildirmişdi.

Nazirlik iyulun 4-də Bakıda və Abşeron yarımadasında gecə 25-27, gündüz 39-41 dərəcə olacağını deyib.

İyulun 5-də isə havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, günün birinci yarısında 39-41, ikinci yarısında 34-37, Bakıda gecə 25-27, günün birinci yarısında 41 dərəcəyədək, ikinci yarısında isə 34-36 dərəcə isti olacağı gözlənilir.

İyulun 3-ü gecə saatlarında Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Qəza Bakı və Gəncə şəhərləri də daxil olmaqla 39 şəhər və rayonunun elektrik enerjisinin kəsilməsinə səbəb olub və əhali bir neçə saat işıqsız qalıb. İşıqlar həmin gün axşamı ikinci dəfə kəsilib.

Azərenerji ASC-dən BBC News Azərbaycancaya bildirilib ki, "havanın kəskin isinməsi ilə bağlı iki gün ərzində elektrik enerjisinə tələbat ölkə üzrə 40% artıb və bu da sistemdə gərilməyə gətirib çıxarıb".

Əlaqəli mövzular

XƏBƏR LENTİ