"Vətənimə bahar mütləq gələcək"

1 718 3-10-2018, 09:30 siyaset / gundem

"Vətənimə bahar mütləq gələcək"

BAHARI GÖRDÜM

Bilirsiz ən çox nədən sarı darıxıram? Uşaq idim. Hər yay Cəlilabadın ən ucaq kəndlərindən birinə gedib, yay boyu dağların ən dəcəl, ən tənbəl uşaqlarından biri olurdum. İşıqların yanmasına sevindiyim qədər ikinci bir şey yox idi. Bax belə, kiçik şeylərlə mutlu olurdum. Bilmirəm, bu xoşbəxtçiliyə görə kimə minnətdarlıq etməliyəm. Amma bir gün mütləq onunla qarşılaşacağıq.
Kənd İrana çox yaxın idi. İranın sərhəd boyu kəndləri açıq-aydın görünürdü. İran kəndlərində demək olar ki, işıqlar sönmürdü. Eşitdiyimə görə hələ o kəndlərə qaz da gəlirdi. Qazın nə olması haqda heç bir təsəvvürüm olmadığı üçün elə də diqqətimi çəkmirdi. Amma indi qazın nə olduğunu dəqiq anlayıram. Əslində çox uşaq idim. Ancaq bir çox şeyləri dərk edəcək qədər daxilən yaşımdan çox böyümüşdüm. Öz-özümə sual edirdim! Niyə o kəndlərdə işıqlar yanır, bizim kəndlərdə yox? Fikirləşirdim ki, indi İrandan bizə baxıb gülürlər həə! Daxilən çox utanırdım. Milli qürur məni uşaqlığından himayəsinə götürmüşdü. Sonra öz-özümə fikirləşirdim ki, bəlkə ermənilər qoymur bizdə işıqlar yansın. O zaman nə biləydim ki, elə düz fikirləşmişəm. Bir deyim var, "xoşbəxt insanın hekayəsi olmur". Kim deyibsə, çox doğru deyib. Çünki nə qədər istəsəniz hekayə yaza bilərəm. Hər nə yazsam mütləq siyasi baxışlar öz üfiqlərini göstərəcək. Çünki həyat belə öyrətdi. Təbii sərvətimiz olan problemlərin içində, bir qığılcım hər zaman közərirdi. Həyatımın baxış bucağı olan doğulduğum Biləsuvar rayonu uşaqlıq illərimə birbəbir şahidlik edib. Soyuq qış gecələrində Baharın tezliklə gələcəyini özümə təsəlli edib yuxuya gedirdim. Məktəbə gedəcəyik deyin, hər səhər anam bizdən tez durardı. Qazın, işığın və heç bir şəraitin olmadığı halda, bezmədən əziyyətlərə qatlanırdı. Tək istəyi məktəbə getməyimiz idi. Anam hər zaman ümidlə yaşayırdı. Bütün ümidlərin ayaqlar altına atıldığı bir ölkədə, nəyəsə ümid etməyi anamdan öyrəndim. Ona görə də, içimdə azacıq da olsa ümid nəfəs almağa cəht edirdi. Nəyin necə olacağını bilmirdim, amma hər nədisə bir gün yaxşı şeylərin olacağını düşünürdüm. Mən Baharı görürdüm. Uzaqda da olsa, güclə görünsə də görürdüm. Bir gün qara buludların dağılacağına inanırdım.
Məktəbdə müəllim cümlə qurmağı öyrədirdi. Evdən gətirdiyimiz təzəklərlə güclə yanan peçi qucaqlayıb, "ölkəmiz günü-gündən gözəlləşir" cümləsini yazmağımızı istəyən müəllimin gözlərindəki köləliyi görürdüm...Özümü dərk edəndən haqsızlıqları görə-görə böyüdüm. Siyasətə burnunu soxma, sən hara dövlət işləri hara, müxalifət sənə çörək verəcək?
MTN-nin padvalında sınmayan sümüklərin qalmayacaq deyənlərin üzündə mənəviyyatsızlığı gördüm. Bu qədər zülmün içində necə sakit qala bilərdim? Necə mübarizə, siyasət meydanına atılmaya bilərdim? Mütləq atılmalıydım və atıldım da. Çünki Baharı görürdüm. Bu ölkəyə bir gün Baharın gələcəyini, qara buludların dağılacağına inanırdım və hələ də inanıram. İndi Azərbaycandan çox uzaqlardayam. Uşaqlıq illərimdə silinməz iz qoyan bu Vətənə bəlkədə heç vaxt dönməyəcəyəm. Amma bir şeyə əminəm ki, Vətənimə Bahar mütləq gələcək!

Elçin Aztürk

XƏBƏR LENTİ