Tarixi torpaqlarımız – Göyçə, Zəngəzur, İrəvan

1 265 30-10-2018, 12:06 cemiyyet / gundem

 Tarixi torpaqlarımız – Göyçə,  Zəngəzur,  İrəvan


Göyçə, Zəngəzur, İrəvan..sehrli aləmdir havası, suyu, təbiəti... Harda var belə gözıllik, Cənubdan– Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, Şimaldan– Murğuz, Şahdağ silsiləsilə əhatə olan Göyçəyə Şah dağından baxanda ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladır bu mahal. Göyçə mahalının gözəlliyi, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı "Kitabi-Dədə Qorqud" eposunda vəsf olunub. Varmı ikinci bir yer sənin olduğu halda əlin çatmasın, adı çəkiləndə ürək göynəsin, fəxarətlə yad edəsən, həsrət də içini yandırsın?! Varikən yox olan, ocağı sönmüş Vətən torpağında toponimlər hər nə qədər dəyişdirilsə də, sinələrə dağ çəkilsə də yüz il sonra da deyiləcək Göyçə, Zəngəzur, İrəvan tarixi torpaqlarımızdır! Bu torpaq Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Əsəd, Aşıq Qurban, Şair Məmmədhüseyn kimi məşhur ustad saz və söz sənətkarlarını, çox sayda vətənsevər ziyalıları, Qəmlo kimi tarixdə iz qoyan xalq qəhrəmanı Qəmbəralı İsmayıl oğlu Abbasov kimi şəxsiyyətləri bəxş edib.
Vətən əldən getdi, deyiləsi sözümüz, dərdimiz çoxdur... Bəzən tarix o qədər əzəmətli görünür ki, adam düşünür görəsən gerçəkdən hər şey fərqli ola bilərdimi? Nədənini bilirik, böyük Ermənistan xülyası...Bəs necə oldu ki, Azərbaycan xalqının yazıb-yaratdığını əlindən aldılar, adı üstündə olan hər nəyi varsa asanlıqla dəyişdirdilər?!
Bir vaxtlar bütün Qafqaz ərazisinin 39 faizini Azərbaycan torpaqları təşkil edirdi. XIX əsrin birinci yarısında Türk Qacar imperatorluğu ilə Rus imperiyası arasında gedən savaşlar bağlanan 1813-ci il "Gülüstan", 1828-ci il "Türkmənçay" müqaviləsilə bitdisə Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə- Güney və Quzey hissələrə parçalandı. "Şimali Azərbaycan" və ya "Rusiya Azərbaycanı", "Cənubi Azərbaycan" və ya "İran Azərbaycanı" siyasi-coğrafi anlayışları meydana gəldi. 1813-1828-ci illərdə Bütöv Azərbaycanın sahəsi- 410 000 kv.km idi. Parçalandıqdan sonra Güney Azərbaycan ərazisi- 280 000 kv.km, Quzey Azərbaycan ərazisi- 130 000 kv.km oldu.
XIX əsrin I rübündə ermənilər İrəvan şəhəri əhalisinin dörddə bir hissəsini, azərbaycanlılar isə böyük əksəriyyətini təşkil edirdilər. 1828-ci ilin martın 21-də I Nikolay çar Rusiyasının Cənubi Qafqazı, o cümlədən Azərbaycanı işğal etməsində ermənilərin rus qoşunlarına etdikləri köməyi nəzərə alıb, onlara hədiyyə olaraq İrəvan vilayətini yaratmışdı ki, həmin vilayət iki qəzaya-İrəvan və Naxçıvan qəzalarına bölündü. Çar Rusiyasında 1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min kv.km olan Dərbənd, Altıparın, Axtı, Doqquz Parın, Qaytaq və digər ətraf rayonlar Dagıstan viləyətinə birləşdirildi. Çar Rus İmperiyası dağıldıqdan sonra 1918-ci ilin 28 mayında Quzey Azərbaycanda qurulmuş Müstəqil Azərbaycan Demokrtik Cümhuriyyəti Rus Bolşevik Qızıl Ordusu tərəfindən 1920-ci ilin Aprelin 28-də işğal edildikdən sonra, Rus Sovet imperiyasının 1 dekabr bəyanatına əsasən, Zəngəzurun bir hissəsi (4505 kv.km)- Qafan, Gorus, Sisyan və Mehri bölgələri Ermənistana birləşdirildi.
Azərbaycanla Gürcüstan arasında mövcud torpaq möbahisələri haqqında 20-ci illərin ortalannda və ikinci yarısında qəbul edilmiş qərarlar nəticəsində 63 min hektardan artıq ərazi Gürcüstana verildi.
1920-ci ildə Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi, 1922-ci ildə Goyçə gölü hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər bölgələri Ermənistana verilib. 1922-ci ildə Dərələyəz ərazisi, 1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaradılması nəticəsində Naxçıvan bölgəsi Azərbaycandan qoparılıb. L.Mirzoyan Azərbaycan KP MK-nın katibi işlədiyi dövrdə 1929-cu ildə Qazax rayonundan 51 kv.km torpaq sahəsi, Cəbrayıl qəzasının Nüvodi, Elnəzir, Tüğud kəndləri Ermənistana verilib. Zaqafqaziya MİK Rəyasət Heyətinin 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən Azərbaycanın 27.599 kv.km ərazisi- Zəngəzur qəzası, Şəmr-Dərələyəz qəzası və Göyçə dairələrinin torpaqları, əlavə olaraq 11 min kv.km Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana verilib. 1946-cı ildə daha 40 kv.km meşə sahəsi Ermənistana bağışlanıb. Vəli Axundovun rəhbərliyi dövründə Gədəbəy rayonunun Şınıx zonasından 76 kv.km torpaq sahəsi olan Hacılar sovetliyinin Tağlar kəndi, Qaravəlilər, Göyəli kəndlərinin yaylaq və biçənək sahələri Ermənistana verilib. 1980-ci ilin ortalarında Ordubadın Kotam və Kilid kəndlərinin bəzi hissələri Ermənistana verilib. 1982-ci ildə Qazax rayonunun Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin örüşlərinin bir qismi Ermənistan ərazisinə qatılıb. Getdikcə azalaraq 1988-ci ildə hazırda biz yaşadığımız Quzey Azərbaycanın ərazisi 86,6 000 kv.km olub. İllər boyu pay verilən, yağmalanan torpaqlar azmış kimi Dağlıq Qarabağ vilayəti və ətraf 7 rayon da ermənilər tərəfindən işğal olundu, 20 faiz torpaqlarımız ələ keçirildi.
Dünyada ən ağır şey itkidir...Hətta ZAMAN, VAXT, bəzən itirilmiş bir an, bir dəqiqə belə adama ağır gəlir. Amma nəticələr, şərtlər hər necə olsa da həyat davam edir. "Qismət belə imiş", "ölümə çarə yoxdur", "torpağın üzü soyuqdur", "palaza bürün- elnən sürün" deyərək insanlar hadisələri qəbullanır, təsəlli tapır. Lakin elə itkilər var ki, baş verənləri unutmaq, heç bir təsəlli ilə qəlbi ovundurmaq olmur. Bu, yüz minlərlə insanın həyatına sui-qəsd etməklə mal-mülk varlığının talan edilməsi, mənimsənilməsi, el-obanın məhv edilməsi, tarixi torpaqlarımızın itkisidir..
18-ci əsrin sonu 19-cu əsrin əvvəli Azərbaycan xalqı üçün faciələrlə dolu tarixdir. Bütün dünya Avropanın 5 ölkəsində ümumilikdə 1 milyon yəhudinin qətl edildiyini pisləyir. Amma xəritədə 5 deyil, yalnız bir ərazidə Azərbaycanda- Qərbi Azərbaycanda törədilən qətllər, terror aktları, el-obaların viran qoyulması ümumən 5 ölkədə törədilmiş faciədən müqayisəedilməz dərəcədə ağır facələrdir...Qərbi Azərbaycandan türk-müsəlmanların etnik təmizlənməsi və soyqırımı dörd mərhələdə həyata keçirilib: I-ci mərhələ 1905-1907-ci illər; II-ci mərhələ 1918-1920-ci illər; III-cü mərhələ 1948-1953-ci illər; Dördüncü mərhələ 1988-1992-ci illər. 1948-1953-cü illərdə Azərbaycan türklərinin Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası son 200 ildə soydaşlarımızın başına gətirilən faciələr silsiləsinin bir həlqəsidir. Statistik məlumatlarda göstərilir ki, 1918-1920-ci illərdə Ermənistan yaradılana qədər İrəvan mahalının ən böyük Canfida kəndində 1815 nəfər azərbaycanlı yaşayırdısa, onların sayı 1931-ci ildə 6 nəfərə qədər azalıb. 1919-cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalıb, azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya edilib. 1915-1918-ci illərdə Türkiyənin Alaşgerd, Samson vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilib. 1918-ci ilədək tək Zəngəzur mahalında 200-dək azərbaycanlı kəndi olub. 1988-ci ildə onların sayı 58 idi. 1828-ci ələdək İrəvanda 14 min erməni yaşayıb, 63 kənddə ermənilər yaşadığı halda 650 kənddə azərbaycanlılar yaşayıb. 1828-ci ildə İrandan və Türkiyədən 43 mindən artıq erməni Qərbi Azəraycana köçürülüb. 1916-cı ildə Qərbi Azərbaycanda 333 min azərbaycanlı yaşayırdısa 1926-cı ildə onların sayı 84 min azalmışdır. 1914-cü ildə 18 kəndi birləşdirən Talin rayonunda 5531 azərbaycanlı yaşayıb, amma 1931-ci ildə onların sayı 1 nəfər olub.
Rus diplomatı, şair, dramaturq A.S.Qriboyedov "Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlər"ində yazır:"ermənilərin mülkədar torpaqlarında yerləşdirilməsi bir yana, müsəlmanların yerini dar eləmələrinə baxmayaraq, üstəlik, onlara güzəştlər verilir. Halbuki, ziyan çəkən tərəf müsəlmanlardır. Əslində buranın müsəlmanlarını köçkün hesab etmək lazımdır. Çünki müharibə zamanı sərdar onları döyüş meydanından köçürmüşdür və ən kasıb vəziyyətdə yaşayırdılar. Ermənilər köçürülən zaman müsəlman ailələrinin əksəriyyəti yaylaqda olmuşdular və gəlmələrin onların evlərində yerləşdiklərindən xəbərləri yox idi". 1828-ci il oktyabrın 1-də Qriboyedov Paskeviçə göndərdiyi məktubunda göstərir ki, Naxçıvan əyalətində ermənilərin köçürülməsi nəticəsində qarışıqlıq və sıxıntı yaranmışdır.
1918-1920-ci illərdə İrəvan Anadoludan qaçmış yüz minlərlə ermənilər üçün yeganə sığınacaq yeri olub. Xanlıq paytaxtı olan İrəvan müsəlman şəhəri olub, burada böyük kilsələr tikilməmişdi, lakin altı məscid var idi. 1827-ci ildə İrəvanda cəmi 25000 erməni yaşayırdı, müsəlmanların sayı isə qat-qat çox idi. 19-cu əsrdə Türkiyə və İrandan gələn minlərlə erməni ailəsini ruslar İrəvanda yerləşdirdilər, beləliklə İrəvanda ermənilər üstünlük təşkil etdi.
1747-1828-ci illərdə Göyçə İrəvan xanlığının mahalı olmuşdur. Rusiyaya müharibə ilə birləşdirilənə qədər Göyçə mahalı İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Göyçə gölünün sahili boyu geniş bir ərazini əhatə edən Göyçə mahalının Basarkeçər, Çəmbərək, Aşağıqaranlıq, Kəvər kimi böyük bölgələri və Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Ciyil, Şorca kimi məşhur, böyük kəndləri vardı. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayona bölündü: Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər, Yelenovka .
XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Kürdüstan qəzası-Zəngilan, Qubadlı, Laçın ərazisini əhatə edirdi. Zəngəzur mahalının əraziləri də zaman-zaman zor-xoş ermənilərin əlinə keçməklə Şimali Azərbaycan parçalandı, Türkiyə ilə əlaqə pozulmuşdu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin yaradıldı.
Tədqiqatçı Vaqif Arzumanlı, Nazim Mustafa " Tarixin qara səhifələri" adlı kitabda N. Şavrova istinadən yazır: "Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi. 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılmışdı. Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi. Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, hamısı vaxtilə Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici ölkələrdən - əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan, Rumıniyadan köçüb gələnlərdən ibarətdir".
Bütün baş verən hadisələrin səbəbləri iyirminci yüzilliyin qaranlıqlarında axtarılmalıdır. Haqlı olduğumuzu sübut edən inkaredilməz faktlar çoxdur. 1903-cü ildə Qafqaz Hərbi Dairəsinin litoqrafiya və hərbi topoqrafiya şöbəsi tərəfindən dərc olunmuş "Карта Кавказского Военного Округа 1903-го года" xəritə aşkar edilib. Ümumilikdə bütün Qafqazı əhatə edən bu Xəritədə əks olunan dağlar, çay adları, yaşayış məskənləri indiki Ermənistanın bütün toponimləri Azərbaycan mənşəlidir. Erməni mənşəli tək-tək yaşayış məntəqələr rast gəlir. "Sevan" gölü kimi ermənilərin təqdim etdiyi əsrarəngiz gözəllik Azərbaycana məxsus olan "Göyçə" Gölüdür. Haqq səsimizi dünyaya çatdırmaq, informasiya savaşında dürüst məlumatın yayılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.04.2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu xəritəni "Cənubi Qafqaz. 1903-cü il" adı ilə 25 min tirajla ingilis, rus və Azərbaycan dillərində nəşr etmişdir.
Bəs necə oldu ki, faktlara, sübutlara rəğmən ermənilərin hər şeyi dəyişməyə, silməyə, saxtalaşdırmağa nail ola bildilər?
"Qarabağ Ermənistan və Azərbaycan sülh və savaş yollarında" adlı ingilis, rus, erməni və azərbaycan dillərində nəşr edilmiş kitabın müəllifi Tomas de Vaal yazır:"Ermənilərə öz paytaxtlarında azərbaycanlı məscidini asanlıqla yer üzündən silməyə linqvistik fenomen kömək etdi: sən demə, Ermənistanda azərbaycanlıları ölkə tarixindən silmək çox asandır, çünki, iyirminci əsrə qədər "azərbaycanlı" sözü ümumiyyətlə işlədilmirdi, onun əvəzinə "tatar", "türk" və ya saədəcə olaraq "müsəlman" adlandırırdılar. Buna baxmayaraq, onlar nə fars, nə də türk idi. Onlar fars imperiyasının Səfəvilər sülaləsindən kökünü götürən türkdilli şiələr idi. Bir sözlə, onlar indi "azərbaycanlı" adlandırdığımız xalqın əcdadları idi. Beləliklə, ermənilər Yerevandakı məscidə "fars məscidi" dedikdə, "Fars" sözü onlara unutdurur ki, məscidin inşa edildiiyi 1760-cı illərdə burada ibadət edənlərin əksəriyyəti elə azərbaycanlılar idi. Müasir Ermənistanda bu kiçik faktlar barədə çox az sayda insan xəbərdardır. Lakin erməniləriin pərəstiş etdiyi, Yerevanda ən böyük prospektlərdən birinə adı verilmiş 18-ci əsrin məşhur aşığı Sayat-Novanı heç təəccübləndirməzdi ki, Ermənistan bir çox türkdilli müsəlmanların vətəni olub. O, Ermənistanda doğulub, Sanahin monastırının rahibi olub, lakin sonradan Tiflisdə gürcü kralı İkinci İrakli onu öz sarayında şair tyin edib. Sayat-Nova erməni, Azərbaycan, gürcü və fars dillərində şer yazıb (onun ən məşhur şerlərindən biri eyni zamanda dörd dildə yazılıb). Onun bu günə kimi gəlib çatmış dastanlarının əksəriyyəti həmin zamanlar Qafqazda lingua franca,yənu hamının qəbyl etdiyi və geniş yayılmış dil olan Azərbaycan dilində yazılıb. Uzun əsrlər boyu şərqi Ermənistanda yaşamış azərbaycanlılar iyirminci əsrdə diskriminasiya edilən və sosial cəhətən sıxışdırılan fağır qonaqlara çevrildilər. Ermənilər bu insanların hesabına vətən yaratmaq haqlarını həyata keçirdilər. 1918-1920-ci illərdə on minlərlə azərbaycanlı Zəngəzurdan qovuldu. 1940-cı illərdə on minlərlə insan yenidən Azərbaycana deportasiya olundu və onların əvəzinə erməni diasporundan gələn immiqrantlar Ermənistanda yerləşdirildi. 1988-1989-cu illərdə sonuncu etnik təmizləmə yerdə qalan azərbaycanlıları da ölkədən çıxartdı. Azərbaycanlılar müəyyən dərəcədə haqlıdırlar ki, dünya onların əzablarından xəbərsizdir. Baş verən hadisələr nə sovet, nə də beynəlxalq mətbuatda lazımınca işıqlandırılmamışdı".
Hadisələrlə zəngin tarixin hələ nə qədər bilmədiyimiz sirləri var. Bir əsrdə dəfələrlə başı müsibət çəkən, sonra heç nə olmamış kimi düşmənlə dostlaşan xalq, yoxsa xalqa rəhbərlik edən məmurlardır günahkar? Cavabsız qalan suallar çoxdur. Kəsin olan budur k, heç bir müharibə onu başlayan insanların güman etdiyi kimi bitməyib. Qan tökməyə, can almağa, insanları yurd-yuvasından didərgin salmağa dəyərmi?!


Səidə Bahadur qızı Hüseynova
"Media və Təhsil İnnovasiyaları Mərkəzi" İB sədri
" Media və Təhsil İnnovasiyaları" jurnalının redaktoru

Məqalə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin “Tarixi torpaqlarımız - Göyçə, Zəngəzur, İrəvan” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

XƏBƏR LENTİ