Azərbaycanda demokratik siyasi sistemin formalaşması naminə Konstitusiya islahatı

877 22-02-2019, 21:05 siyaset / gundem

Azərbaycanda demokratik siyasi sistemin  formalaşması  naminə Konstitusiya islahatı

1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən konstitusiyaya sonradan edilən dəyişikliklər heç də ölkədə demokratik siyasi sistemin formalaşmasına xidmət etmədi. Bu konstitusiyaya sonradan edilən dəyişikliklər nəticəsində parlament seçkilərində qarışıq seçki sisteminin (proposional və mojaritar – Ə.T.) ləğvi və bir şəxsin iki dəfədən artıq preziden seçilməsinə məhdudiyyətin aradan qaldırılması ölkədə avtoritarizmin güclənməsinə, siyasi institutların isə zəiflədilməsinə səbəb oldu.
Ölkədə demokratik siyasi sistemin formalaşması, siyasi institutların yenidən siyasi sistemin mühüm elementinə çevrilməsi, vətəndaşların insan hüquq və azadlıqlarının təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və sosial-iqtisadi vəziyyətlərinin gücləndirilməsi üçün ana qanunun - konstitusiyanın hərtərəfli və ədalətli olması çox vacibdir. Ümid Partiyası hakimiyyətə gələcəyi təqdirdə həyata keçirəcəyi geniş islahatlar paketi içərisində konstitusiya islahatı ilk siyasi tədbirlərdən biri olacaq. Aparılacaq konstitusiya islahatından sonra parlament seçkilərində qarışıq seçki sistemi (proposional 50, mojaritar 75. - Ə.T.) bərpa olunacaq, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət yenidən tətbiq ediləcək, baş prokuror da iki dəfə, ombudsman isə bir dəfə 7 il müddətinə seçiləcək. Prezident başda olmaqla, icraedici orqanların (Nazirlər Kabinetinin və Prezident Administrasiyasının – Ə.T.) səlahiyyətləri qanunverici orqanın - Milli Məclisin və məhkəmələrin səlahiyyətlərinin artırılması hesabına azaldılacaq. Yerli idarəetməni həyata keçirmək üçün bələdiyyələrin səlahiyyətləri genişləndiriləcək, Bakı və Gəncə şəhərlərində böyük şəhər bələdiyyələri yaradılacaq. Ölkədə demokratik siyasi sistemin formalaşması naminə siyasi partiyaların gücləndirilməsi üçün gərəkilən addımlar atılacaq.
Siyasi partiyaların siyasi sistemdəki yerini tarixən ona görə müəyyənləşdiriblər ki, cəmiyyət qruplar halında birləşərək, hakimiyyət üzərində nəzarəti həyata keçirməklə yanaşı insanların hakimiyyət idarəçiliyinin özündə iştirakını təmin edə bilsinlər. Müxtəlif təbəqələrdən olan insanlar siyasi institutlarda cəmlənib əslində hakimiyyət arzularını yerinə yetirərək, həm də hakimiyyət üzərində qrup şəklində nəzarətləri həyata keçirirlər. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində 1995-ci ildə qəbul olunan Konstitusiyadan sonra bu sistem özünü əks etdirmişdisə də, 2002-ci ilin Referendumundan sonra proporsional seçki sistemini aradan qaldırmaqla, hakimiyyət öz üzərində nəzarət həyata keçirə biləsi olan siyasi institutları yavaş-yavaş sıradan çıxarmağa başladı.

Məsələnin mahiyyəti nəyə söykənir?

Proporsional seçki sisteminin mövcud olduğu cəmiyyətlərdə insanlar siyasi partiyalardan uzaq qaçmırlar, əksinə siyasi partiyaların içərisində ön mövqeləri tutmaqdan ötrü həm təşkilatlanma işində, həm siyasi partiyanın özünün fəaliyyətində aktiv iştirak edərək, nəticə etibarilə siyasi institutları ayaqda saxlayırlar. Siyasi institutlar ayaqda qaldıqca, siyasi sistemin içərisində diktaturaya, irticaya və yaxud da təkhakimiyyətliliyə meyllilik elementlərini gerçəkləşdirmək mümkün olmur. Nəticədə siyasi institutlar hakimiyyətin əsas mənbəyi hesab olunur. Doğrudur ki, Azərbaycanda proporsional seçki sisteminin mövcudluğu dönəmində Milli Məclisə seçkilərdə cəmi 25 nəfər proporsional seçki sistemi ilə parlamentə düşə bilirdi. Bu özü-özlüyündə siyasi institutları ayaqda saxlayan faktorlardan biri idi. Biz xatırlayırıq ki, həmin dönəmlərdə siyasi institutlarda insanların toparlanması və siyahının ön hissəsinə düşmək uğrunda çabaları, mübarizələri həmin təşkilatları ayaqda saxlayırdı. Təşkilatın həmişə dinamik olaraq inkişafına və təşkilatda ön sıralara keçmək uğrunda yaxşı mənada rəqabət apara bilən qüvvələri olurdu.
Azərbaycan hakimiyyəti uzunömürlülüyünü təmin etmək və siyasi institutların, xalqın proseslərdə iştirakını aşağı salmaq üçün 2002-ci ilin 24 avqust referendumunda proporsional seçki sistemini majoritar seçki sistemiylə əvəz etdi.
Bu gün cəmiyyət olaraq biz onun əziyyətini çəkirik. Siyasi institutlara maraq azalıb, siyasi institutlardan kənar yalnız majoritar sistemlərdə parlamentə düşmək imkanları genişdir. Belə ki, bunun üçün siyasi institutlarda təmsil olunmağa o qədər də ehtiyac yoxdur. Bununla yanaşı cəmiyyət üzərində nəzarət mexanizmləri itib, cəmiyyət üzərində qrup şəklində nəzarət etmək mümkün deyil və yaxud kütləvi etirazlardan yararlana biləcək qruplar artıq siyasi partiyaların içərisində cəmlənmir, fərdi şəkildə etirazlar isə qrup formasının yeni variantlarını hərəkat və yaxud başqa modellərini düşünməyə imkan vermir. Bunun özünün də ayrıca çətinlikləri var. Beləliklə siyasi sistemin cəmiyyətdə yeri azalıb. Biz düşünmürük ki, Azərbaycan parlamentinin sayı 125 nəfər olmaq etibarilə normal bir rəqəmdir. Çünki konyukturaya baxanda hər 40.000 seçiciyə təxminən bir millət vəkili düşür. Siyasi sistemin və hakimiyyət üzərində nəzarətin bərqərar olması, o cümlədən də cəmiyyətin dayanıqlılığını, əhalinin seçki prosesində aktiv iştirakını təmin etməklə, proseslərin içərisinə onları almaq və təkhakimiyyətlilik modelindən imtina üçün mütləq proporsional seçki sistemi bərpa olmalı, referendum vasitəsilə konstitusiyaya dəyişiklik edilməlidir. Heç olmasa birinci mərhələ 50/75-ə, ikinci mərhələdə 75-in 50-yə nisbətdə proposional seçki sistemi müəyyən olmalıdır. Bu seçki sistemi müəyyən olunarsa, 75 nəfərlik bir kadronun partiya sıralarında birləşməsi, partiya siyahısına düşməsi, bundan da əlavə ən azı 75 nəfərin 25 nəfəri də ehtiyyat siyahıda olacaq və bu, təxminən 100 aktiv insanın, ictimai-siyasi fəalın bir partiya çərçivəsində birləşməsinə gətirib çıxaracaq. Bu çoxpartiyalı sistemin içərisində həm təmərküzləşməni ciddi şəkildə həyata keçirəcək - artıq kiçik partiyalar seçki prosesi dönəmində iştirak etməyi majoritar qaydada bacarsalar da, ikinci dönəmdə proposionalda hökmən təmərküzləşərək, qüvvələri birləşdirəcəklər və artıq cəmiyyət içərisində 3-4 partiyanın qalmasına şərait yaradacaq. 3-4 dayanıqlı, sistemli partiya artıq siyasi sistemin içərisində həm öz yerini tutacaq, həm əhalini prosesin içərisinə cəlb edə biləcək, həm də yaxşı rəqabət prinsipləri formalaşdıra biləcəklər.
İkinci bir tərəfdən isə insanlar - ictimai-siyasi fəallar majoritar qaydada, necə ki, artıq 50 nəfər ikinci mərhələdə qazanma şansı əldə edəcəklərsə, 50 nəfər əldə edəndə artıq dairə və seçicilərin sayı həddən artıq çox olacaq və həddən artıq çox olduğuna görə də onlar majoritar seçki sistemində keçməkdə maraqlı olmayacaqlar, çünki o qədər insanı əhatə edib səsini almaq siyasi partiya içərisində çalışmaq və siyasi sistemin içərisində olaraq mandat qazanmaq imkanlarını daha yaxşı dəyərləndirəcəklər. Nəticədə 5 il ərzində ən azı siyasi partiyaya töhvə verəcəklər ki, partiya seçiciylə işləyə bilsin. Onun həm öz, həm də partiyasının reytinqi cəmiyyət içərisində yüksək olsun ki, o da parlamentə düşə bilsin.
Diqqət edin, bu gün bir millət vəkilinə 40.000 adam düşürsə, 50 nəfər majoritar qaydada seçiləndə 200.000 nəfərə majoritar qaydada bir deputat yeri düşəcək. 200.000 nəfərin səsini almaq çox nəhəng bir rəqəmdir və hər insan bu prosesin içərisinə qatılmaq da, millət vəkili olmaq istəyən hər ictimai-siyasi xadim, hər bir adam bu prosesin içərisinə qatılmaq istəməyəcək. O öz arzu və istəklərini siyasi partiya mənsubiyyətində gerçəkləşdirmək istəyəcək.
Proposional seçki sisteminin bərpasından sonra 5%-lik və ya 7%-lik barajın, bu artıq cəmiyyətin siyasi aktivliyinə qalan məsələdir. Əgər birinci mərhələ üçün 50 nəfər nəzərdə tutulursa, onda 5%-lik baraj, 75 nəfər nəzərdə tutulursa, onda artıq 7%-lik baraj müəyyənləşdirmək mümkündür ki, o baraj vasitəsilə seçicilərin ən azı 550.000 səsini alaraq, parlamentə düşə bilsin və bu da 75 millət vəkili üçün çox rahat bir rəqəmdir. O rahat rəqəmin içərisində də insanlar şəffaflığın təmin olunmasında, seçki saxtakarlığının qarşısının alınmasında, dinamik siyasi sistemin formalaşmasında maraqlı olacaqlar. Ona görə də mütləq siyasi partiyalar sistemində yer almanın xüsusiyyətləri məhz buradan başlayır.
Çox təəssüf ki, diktatura rejimlərində və yaxud da demokratiyanın zəif olduğu ölkələrdə çalışırlar ki, siyasi partiyalar gündəmdən çıxsın. Bu zaman onlar hakimiyyət istəklərini rahat reallaşdıra bilirlər. Amma geridə qalanlar ondan sonra gələcək faciələri çox tez unudurlar. Siyasi partiyalar sistemin içərisində olmayanda hökmən zəif və dövlətçiliyi möhkəm olmayan, o cümlədən bəzən etnik-milli konfliktlərin, radikal dini qruplaşmaların, dini cərəyanların Azərbaycan tipli ölkələrdə inkişafı və siyasi sistemində əvəzetmə imkanları genişlənir. Onlar qapalı, gizli qruplar şəklində hərəkətə keçirlər. Biz bunu Yaxın Şərq timsalında çox görmüşük. İraq, Suriya, Liviya, Yəmən, Tunis, istərsə də Misirdə biz bunun şahidi olduq. Bu tipli məsələlərdə əgər siyasi sistemin içərisində siyasi partiyalar aparıcı rol oynamayacaqsa, mütləq o boşluğu dini qruplar və yaxud da başqa dövlətlərin nəzarətindəki etnik-milli konfliktlərə meylli olan qruplar həyata keçirməyə çalışacaq. Belə olan təqdirdə də təbii ki, müəyyən dövrlərdə nisbi sakitlik, nisbi sabitlik olursa da, tarixin bir dönəmindən sonra ya zəlzələdən, ya vəlvələdən hakimiyyətlər zəifləyəndə, maliyyə mənbələri tükənəndə və yaxud da ölkə böhran vəziyyətinə düşən kimi dərhal siyasi qruplardan daha tez həmin təşkilatlanmış qruplar ortaya çıxır. Bu zaman da ölkənin taleyi qaranlıq istiqamətə yönəlir, ölkə yıpranır, ölkə tükənir, bəzən dövlətçilik ciddi zədə alır, hətta ərazilərin parçalanması, ərazilərdə müxtəlif dövlətlərin ortaya çıxarılması meylləri artır.
Buna görə də siyasi sistemdə siyasi partiyaların rolunu insanların seçkiyə münasibətilə yox, həm də dövlətin və dövlətçiliyin marağı baxımından da ölçmək lazımdır. Çünki bu sistem əslində dövlətin təhlükəsizlik qarantı olan, dövləti və dövlətin milli təhlükəsizliyini qoruyan bir amildir. Etnik-milli konfliktlər istiqamətində siyasi partiyalarda birləşən insanlar siyasi partiyaların maraqlarını qorumaqla, əslində etnik-milli konfliktlərdən daha çox siyasi institutlar vasitəsilə arzu və istəklərini gerçəkləşdirə bilər. Təbii ki, belə yerlərdə də etnik-milli konfliktlər ortaya çıxır, amma Azərbaycan qanunları ilə etnik-milli zəmində yarana və yaxud da etnik kökəni özündə bəlirləyən adlar vasitəsilə siyasi sistemin içərisinə daxil olmaq qanunla qadağan edilməlidir. Partiya ümum-Azərbaycan amallarını daşımalıdır, dini qrupların, cərəyanların, sektaların adlarıyla siyasətə qayıtmaq, siyasi sistemin içərisində yer almaq özü yanlış düşüncədir və qanunla da bütün bunların qarşısı alınmalıdır. Siyasi institutların formalaşmasının bəşəri və ümum-Azərbaycan dəyərlərini özündə birləşdirən bir siyasi sistem müəyyənləşdirmək lazımdır. Belə olan cəmiyyətlərdə şəffaflığı təmin etmək, korrupsiya və rüşvətxorluğa qarşı, etnik-milli konfliktlərə qarşı mübarizə aparmaq çox asandır. Çünki etnik-milli konfliktlərin özü bəzən siyasi maraqların yalnız yuxarıdan –hakimiyyət vasitəsilə diktə olunan şəkildə həyata keçirilən arzu və istəklərin əleyhinə olaraq, siyasi institutlarda birləşən insanlar təbii ki, yerlərdə olan insanlar olur. Siyasi institutların da yerlərdə olan insanların, fəalların vasitəsilə seçkilərə qatılır. Məsələn, bir bölgədə etnik-milli azlıqlar yaşayırsa, o bölgədə olan azlıqların nümayəndəsini siyasi partiyanın içərisinə alanda məcbursan ki, yerdən alasan, ictimai-siyasi nüfuzu olan adamlardan səs qazanasan. Məcbur olaraq da həmin adamlar partiyanın prinsiplərinə uymalıdır, sən də ordakı hüquqları tanımalısan. Belə olan təqdirdə də, ikili münasibətlər çərçivəsində etnik-milli konfliktdən və separatizmdən qaçmaq mümkündür. Yox, əgər majoritar sistemdəsənsə, münasibətlərin bəlirlənməsi ya seçiciyə, ya da təmsil olunduğu iqtidar düşərgəsinə söykənərək, maraqlarını dar çərçivədə təmin edir, ümum-Azərbaycan maraqları çərçivəsində həyata keçirə bilmir.
Ümid Partiyası Azərbaycanda yaşayan bütün milli-etnik azlıqların adət-ənənələrinə və ənənəvi dini etiqadların nümayəndələrinin dünyagörüşünə hörmətlə yanaşmaqla yanaşı ümum-Azərbaycan maraqlarını, bəşəri dəyərləri və qanunun aliliyi prinsipini rəhbər tutaraq, konstitusiya islahatını vacib hesab edir və hakimiyyətə gələcəyi təqdirdə bu islahatları aparacağını bəyan edir.

Taleh Əliyev
Ümid Partiyası İcra Aparatının Rəhbəri, politoloq

XƏBƏR LENTİ