İŞIQLI ŞƏXSİYYƏT- YUSİF RÜSTƏMOV (Dördüncü yazı)

919 15-04-2019, 10:30 kose / siyaset

İŞIQLI ŞƏXSİYYƏT- YUSİF RÜSTƏMOV  (Dördüncü yazı)

Xeberdar.net İŞIQLI ŞƏXSİYYƏT YUSİF RÜSTƏMOV ( ı yazı)

Xeberdar.net İŞIQLI ŞƏXSİYYƏT - YUSİF RÜSTƏMOV (III yazı)

Yusif Rüstəmovun elmi ictimaiyyət üçün çox maraqlı olan əsərlərindən biri də “Əbu Həfs Ömər Sührəvərdinin təsəvvüf fəlsəfəsi” adlanır. Əsər 2005-ci ildə nəşr olunmuşdur. Kitab təsəvvüf dünyagörüşünün və Sührəvərdilik təriqətinin böyük təmsilçisi Əbu Həfs Ömər Sührəvərdinin şah əsəri olan”Əvaridül-Məarif” (Biliklərin töhfəsi) kitabının təhlili əsasında yazılmışdır. Girişdə müəllif maraqlı bir məlumat verir. O yazır: “İslam fikir tarixində üç məşhur Sührəvərdi olmuşdur.
1) Sührəvərdi Əbu Nəcib Əbdülqadir (1097-1168) Əbu Həfs Ömər Sührəvərdinin əmisi və müəllimi olmuşdur. O, Sührəvərdilik təriqətinin əsasını qoymuşdur. Şeyx Əbu Nəcib təsəvvüfdə Əbu Hamid əı-Qəzalinin qardaşı Əhməd əl-Qəzali vasitəsilə tanış olmuşdur. Onun əsas əsəri “Ədəbül-Müridin” adlanır. Əbu Nəccib Cüneydin təsəvvüf məktəbinin təmsilçisi hesab edilir.
2) Şihabəddin Yəhya Sührəvərdi (1155-1190) hikmət (fəlsəfə), ədəbiyyat və fiqh (hüquq) sahəsində nüfuz qazanmışdır. Allahsızlıqda ittiham edilərək öldürülmüşdür.
3) Şihabəddin Əbu Həfs Ömər ibn Mühəmməd Sührəvərdi (1145-1234) təsəvvüfün böyük təmsilçisi, “Əvarifül-Məarif” (Biliklərin töhfəsi) əsərinin müəllifi Sührəvərdilik təriqətinin inkişafı və yaradılmasında həlledici rol oynamışdır. Bunların hər üçü Zəncan şəhərinin yaxınlığındakı Sührəvərdi qəsəbəsində anadan olmuşdur.
Yusif müəllim başlanğıcda Əbu Həfs Ömər Sührəvərdinin təsəvvüf fəlsəfəsinin mahiyyəti haqqında danışır və göstərir ki, Sührəvərdinin “Əvarifül-Məarif” adlı əsəri Quran və peyğəmbərin sözləri əsasında yazılmış əsil təsəvvüf əsəridir. Quran və Sünnət əxlaqını təbliğ edir. Bu əsər, adətən, sünni təsəvvüf qaynaqlarından hesab edilsə də, Quran və hədislərə əsaslandığı üçün müsəlmanlara da məqbul idi. Müəllif özü şafii məzhəbindən idi, lakin islam təmsilçisi kimi çıxış edirdi. Əsər ərəb dilində yazılmış, fars və türk dillərinə tərcümə olunmuşdur. Müəllif əsərini 63 hissəyə bölmüş və öz əsəri haqqında belə yazmışdır:”Bu kitabımda vəlilərin, sufilərin yolunun Kitab və sünnət, onların hər işlərində bir yeni dəlilə dayanmalarını, gecə-gündüz bütün həyatları ilə dini müdafiə etdiklərini ərz etmək və göstərmək istədim”.
Əbu Həfs Sührəvərdi müxtəlif xəlifə və sultanların yanında dövlət işləri ilə məşğul olmuş, islam dövlətinin birliyinə çalışmışdır. O, xəlifə Nasirin (1179-1225) siyasətini dəstəkləmişdir. Misirdə Əyyubi sultanı birinci Səfiyəddin (1200-1218), Xarəzm sultanı Əlaəddin Məhəmməd (1200-1220) və Anadolu səlcuq sultanı birinci Əlaəddin Keyqubad (1219-1239) kimi hökmdarlar ilə görüşmüş, onlara məsləhətlər vermişdir.
İslam ilahiyyatı və sufilərin öndə gedən alimlərindən olmuşdur. Sührəvərdiyə görə, insanın biliyi nisbidir, o, şeylərin mahiyyətini deyil, bəzi tərəflərini dərk edir. Hər şeyi təfsilatı ilə bilən yalnız Allahdır. Mütləq həqiqəti tam dərk etmək insanın imkanı xaricindədir.
Sührəvərdinin fikrincə, Quran ayətlərini təfsir və izah etmək olar. Ancaq təfsir ilə təvil (izah) arasında fərq var. Təfsir ayətlərin hansı səbəblə söylənməsini bilməyi tələb edir.Ayətlərin gəlməsi tarixini mükəmməl bilmək lazımdır. Təvil isə ayətlərə və sünnətə uyğun gələn bəzi mənaları seçib onların köməyi ilə kitab və hədisləri qiymətləndirməkdir. Sührəvərdi təsəvvüfü ciddi bir elm hesab edirdi. Bu elmə sahib olmaq üçün Quran və hədisləri dərindən bilmək və onlara inanmaq lazımdır,- deyirdi.
Sührəvərdiyə görə, təsəvvüfə aid elmlər iki hissəyə ayrılır:fərz və fəzilət olan elmlər.Fərz olan elm dini vəzifələri olduğu kimi icra etmək üçün lazım olan elmdir. Fəzilət olan elm isə Kitab və sünnətə uyğun olaraq əldə edilən elmə deyilir. O, yalnız axirət xoşbəxtliyinə aparan sufi elmini həqiqi, insan üçün faydalı elm hesab edirdi.
Sührəvərdi də başqa sufi alimləri kimi, təbiət eülmlərini mənasız məşğuliyyət hesab edir, fəzilət yox, rəzalət adlandırırdı. Allaha aparan elmlər zəruri, təbiəti öyrənən elmlər zəruri olmayan elmlər sayılırdı. Deyirdi ki, əsil sufi alimi heç vaxt öz mənafeyi haqqında düşünmür. Sufilər öz nəfslərini maddi dünyadan çəkdikləri üçün Allah onları hifz edir. Yalnız Peyğəmbərin yolunu tutan insan Allahın lütfünü qazana bilər.
Sührəvərdi “sufi” sözü ilə əlaqədar olaraq yazırdı:” Onlara geydikləri yun paltara görə “sufi” demək zahiri görünüşə uyğun verilən bir hökmdür.Geydikləri yun paltara görə onlara “sufi” deyilməsi durumlarını ən yaxşı ifadə edən və ayinlərinə ən uyğun bir ifadədir.
Cəlaləddin Rumi isə “sufi” sözünü “saf” sözü ilə əıaqələndirir. Çünki sufilər mənəvi saflığına görə fərqlənirlər. O, sufiləri Allah yolunun həqiqi yolçuları hesab edirdi.
Sührəvərdi sufilərlə məlamiləri müqayisə edərək göstərir ki, məlamilər Allaha bağlı insanlardır. Onlıar damarlarındakı qanına qədər həqiqətə çatmış insanlardır. Sufi bütün həyatını, ibadət və əməlini yalnız Allahın iradəsi ilə etdiyini dərk edir, öz varlığını haqqın ixtiyarına təslim edir. Özünün tükəndiyini, tamamilə Allaha qovuşduğunu anlayır. Məlamilər isə ixlas çərçivəsindən kənara çıxa bilmirlər və bunun üçün çalışmırlar da. Bu da sufi ilə məlami arasında olan fərqi göstərir.
Məlamilərə görə, insanların ən düşük olan əməlini insanlara göstərmək və bu yolla onları öz tərəfinə çəkmək istəyən kimsədir. Allaha sadiq olmaları böyük sufilərə qüvvə verir və çoxsaylı insan kütləsini öz arxalarınca apara bilirdilər.
Kitabın ikinci hissəsində Əbu Həfs Ömər Sührəvərdi sufilikdə mürşid, zahid və müridlərin mənəvi dünyaları haqqında öz fikirlərini bildirir. O, mürşidliyi zəruri tələblərdən biri hesab edirdi. Yalnız mürşidlər dindaşları Allah yoluna aparan insanlardır. Yalnız mürşidin (şeyxin) yardımı ilə ən qorxulu düşmən olan nəfsin əlindən xilas olmaq mümkündür.
Şeyxlərin əsas məqsədi insanları maddi dünyanın faniliyinə, ilahi eşq yolu ilə öz varlığını yox edib, ilahi varlığa qovuşmaq və əbədi həyat qazanmağa inandırmaqdır.
Təsəvvüfdə əsas məsələlərdən biri də müridin mürşidə tabe olmasını , eyni zamanda, Peyğəmbərə tabe olması kimi başa düşülməsidir. Sufilərə görə, mürşid Peyğəmbərin vəkilidir. Peyğəmbərə tabe olmaq, Allaha tabe olmaq deməkdir. Quranda bu, təsdiq edilir.Deməli, mürşid də dolayısı ilə Allahın təmsilçisidir.
Mürşidlik sufilikdə ən ali rütbədir. Şeyx bu rütbəyə çatmaq üçün uzun bir yol keçir. Şeyx öz müridinin qəlbini nəfsdən təmizləyərək, onuAllah yoluna gətirir.Şeyxlərin bütün fəaliyyətləri bir məqsədə-dünyadan imtina edib, Allah yoluna keçməyə xidmət edir.
Mürid adi paltarda öz mürşidi qarşısında dayana bilməz. Sufilər üçün geyimin də böyük əhəmiyyəti var. Təsəvvüf təlimində sufilərin harada yaşamasının da əhəmiyyəti vardır. Onlar yalnız ribat və təkkələrdə yaşamalıdırlar. Onlardan biri yolunu azmış olarsa, oradan uzaqlaşdırılır. Əsil dərvişlərin yaşadığı yerdə əmin-amanlıq, düzlük, , qarşılıqlı hörmət hökm sürməlidir.
Kitabın üçüncü bölməsində Sufi adət və ənənələrindən bəhs olunur. 1) Göstərilir ki, bütün adət-ənənələr bir məqsədə xidmət rdir:dünyadan imtuna edib, özünü Mütləq Varlığa tabe etmək. 2) Sufilərdə xəlvət adəti. 3) Təsəvvüfdə səma və vəcd anlayışları açıqlanır.
Dördüncü bölmədə sufilərin əxlaq və ədəb qaydaları şərh olunur. Müəllif göstərir ki, əxlaq məsələsi həmişə təsəvvüfün mərkəzi problemlərindən biri olmuşdur. Təsəvvüf əxlaqı mahiyyətcə Quran və hədislərdən doğur. Burada islam əxlaqına zidd olan heç nə yoxdur.
Sührəvərdiyə görə, sufi düşdüyü durumun səbəbini axtarmır, çünki o bilir ki, səbəblərin səbəbi Allahdır. Doğru yol ilə gedən, köməyi yalnız Allahdan istəyən insan pis vəziyyətə düşməz, düşərsə, nəfsini cilovlayıb, dünya nemətlərindən imtina etməlidir. Sührəvərdi sufilərin əxlaq qaydalarını belə qruplaşdırır:
1) Təvazökarlıq, 2) İnsanlarla yaxşı davranmaq və xalqın qayğısını çəkmək, 3) İsar (başqalarını özündən üstün tutmaq), 4) Əfv və müsaməhə (mərhəmət), 5) Gülərüz olmaq, 6) Asan, gərgin olmayan davranış, yumşaq münasibət və hər kəsə onun xasiyyətinə uyğun olaraq davranmaq, 7) Təkəllüfü (qondarma zorakılıq və utancaqlığı) tərk etmək, Mal toplamağı tərk etmək, 9) Qənaət etmək, 10) Münaqişə və çəkişmədən uzaq olmaq, 11) İnsanları sevmək və onlarla qaynayıb-qarışmaq, 12) Yaxşılıq edənə təşəkkür və dua etmək, 13) Məqam və mövqeyi müsəlmanlara xidmət üçün istifadə etmək.
Beşinci və altıncı bölmələrdə təsəvvüfdə ruh, qəlb, nəfsin mahiyyəti, hal və məqam anlayışları haqqında Sührəvərdinin fikir və mülahizələri şərh edilir. Burada da professor Yusif Rüstəmovun peşəkar tədqiqatçılığı , bilik və bacarığı özünü göstərir.
Sührəvərdi inanırdı ki, Allahın Peyğəmbər ilə göndərdiyi sözləri ən saf və qəlbi təmiz adamlar qəbul edir. O, Allah kəlamını elm səviyyəsində qəbul edirdi.Yəni, o, elm deyərkən, Allah kəlamını nəzərdə tuturdu. Allah kəlamından xəbəri olmayan insanlar cəhalət içərisində yaşayır və nəfslərinin qurbanı olurlar.
Əbu Həfs insanları inandırmağa çalışırdı ki, elm Allah tərəfindən insanlara hədiyyə edilmişdir. İlahi elmlərə qəlbən inanmaq, bağlanmaq, onu mənimsəmək insanı azad edir. Müəllif yazır:” Sührəvərdinin fikrincə, maddi dünyadan birdəfəlik imtina edəndən sonra insan mərifət sahibi olur, ilahi elmin mənasını başa düşür. Bu məqsədə çatmağın ən qısa yolu sufilikdir. Sufilər özləri üçün deyil, başqa insanlar üçün çalışırlar, bildiklərini başqalarına çatdırırlar. Məhz sufilərin qəlbi təmiz fitrət (Allah və peyğəmbər) ilə yaxın olduqları üçün batinləri mərifətə aid elmlə dolmuşdur.
Sufilərə görə, elm insan həyatında əvəzsiz rola malikdir. Elm—sahili görünməyən bir okeandır. Müəllif oxucuya təlqin edir ki, təsəvvüf bəzi Qərb alimlərinin qərəzli şəkildə təqdim etdikləri “dini fanatizm” deyildir.Təsəvvüfdə insana, dünyanın gözəlliyinə böyük və sonsuz bir məhəbbət nişanəsi vardır. Bu məhəbbət insanı kamilləşdirir, onun qəlbinə nur çiləyir, Allahın yaratdığını pis və qəbih əməllərdən çəkindirir. Çünki təsəvvüf qəlb saflığını hər şeydən üstün tutur. Qəlbi saf və təmiz olanların əməlləri də fəzilətli olur.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi

XƏBƏR LENTİ