“BƏLƏDİYYƏ SƏDRİ DƏLƏDUZLA ƏLBİR OLDU…” - Polkovnikin həyat yoldaşı Prezidentdən kömək istəyir

770 30-05-2019, 18:19 cemiyyet

“BƏLƏDİYYƏ SƏDRİ DƏLƏDUZLA ƏLBİR OLDU…” - Polkovnikin həyat yoldaşı Prezidentdən kömək istəyirBakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 3, mənzil 14-də yaşayan Bağırova Hürnisə Qüdrət qızı ölkə Prezidenti İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Surəti həmçinin Baş prokuror Zakir Qaralova və Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalova ünvanlanan müraciətin bir nüsxəsi də mətbuat orqanlarına göndərilib.

H.Bağırova müraciətində Badamdarda vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat verib, torpaq sahəsinin bir qrup dələduz tərəfindən qanunsuz yollarla mənimsəndiyini iddia edib. Həmin müraciəti qısa ixtisarla dərc edirik:

“Hörmətli cənab Prezident!

1996-cı ildən yaşadığımız binanın yola tərəf həyət hissəsində qonşuların və Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbə nümayəndəliyinin icazəsiylə 3,5 sot torpaq sahəsində bağçılıq-bostançılıq məqsədilə təmizlik işləri apardıq, ağaclar əkdik. 2005-ci ildə bu torpaq sahəsini sənədləşdirmək və övladlarımızın birinə fərdi mənzil tikmək üçün Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətlərinə, Səbail Rayon Bələdiyyəsinə müraciət etdik.

Səbail Rayon Bələdiyyəsinin 2005-ci il 23 dekabr, 209-saylı qərarı ilə həmin torpaq sahəsi mənim adıma rəsmiləşdirildi. Bir müddət sonra, təxminən 2009-2010-cu illərdə həyat yoldaşım, ədliyyə polkovniki, mərhum Şahkişi Bağırov işdən tez-tez çıxa bilmədiyindən, həmçinin tikinti aparmağa vaxtı olmadığından həmin torpaq sahəsini satıb hazır mənzil almaq istədik.
“BƏLƏDİYYƏ SƏDRİ DƏLƏDUZLA ƏLBİR OLDU…” - Polkovnikin həyat yoldaşı Prezidentdən kömək istəyir
Bu işdə ona tanışı Musayev Zaməddin adlı bir şəxs kömək edəcəyinə söz verdi. Ancaq bir müddət sonra bizə bəlli oldu ki, Zaməddin adlı şəxs Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynovla həmin torpaq sahəsini İlqar adlı bir şəxsə satıb və ona saxta yollarla sənəd düzəldiblər. Bu barədə müvafiq orqanlara müraciət etsək də, indiyədək heç bir tədbir görülməyib.

Həyat yoldaşım ağır xəstəlikdən vaxtsız dünyasını dəyişdi. Uzun illər həyatını dövlətə xidmətə həsr edən bir insanın müraciəti sayılmaz qaldı.

Cənab Prezident, Sizdən bizə məxsus həmin torpaq sahəsini qanunsuz yolla sənədləşdirib satanların cəzalandırılmasına tapşırıq verməyinizi, həmçinin torpaq sahəsinin bizə qaytarılmasına köməklik göstərməyinizi xahiş edirəm“.

Yazıda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

XƏBƏR LENTİ