“Arif Alışanov da həbs edilən məmurların aqibətini yaşamalıdır” – Prezidentə müraciət

1 611 20-12-2019, 15:03 cemiyyet

“Arif Alışanov da həbs edilən məmurların aqibətini yaşamalıdır” – Prezidentə müraciət“Atamı şərləyib tutduran, AzTV-də dövlətin külli miqdarda vəsaitini ələ keçirən, Şamaxıda yüz hektarlarla torpaqlar alan, sərvəti 70 milyon dollardan artıq olan Arif Alışanov da həbs edilən məmurların taleyini yaşamalıdır”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri media vasitəsi ilə ölkə başçısı İlham Əliyevə növbəti müraciətini ünvanlayan Cəmilə Tağıyeva bildirib. C.Tağıyeva AzTV-nin keçmiş sədri Arif Alışanovun şikayəti əsasında həbs edilərək məhkəmənin hökmü ilə 16 il müddətdə azadlıqdan məhrum edilən sahibkar Şücayət Əkbərovun qızıdır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov 18 il, Z. Şirinov 16 il, Q.Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib. A.Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurdular. Apellyasiya Məhkəməsi isə onların cəzasını qismən azaldıb.

Cəmilə Tağıyeva müraciətində bildirir ki, Arif Alışanov vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə etməklə tabeliyində olan işçiləri Nəbiyev Camal Qədim oğlu, sürücüsü Hacı Babayev və digərləri ilə əlbir olaraq korrupsiya yolu ilə əldə etdiyi külli məbləğdə pulla özünə daşınar və daşınmaz əmlaklar alıb, habelə onlara qarşı cinayət əməlləri törədərək bütün əmlaklarını ələ keçirib.

Müraciətdə qeyd olunur ki, yüzdən çox daşınmaz əmlakı Arif Alışanovun həyat yoldaşının, qızının, bacısı qızının, kürəkəninin, sürücüsünün adlarına almasını təsdiq edən rəsmi dövlət sənədləri var. Və bu var-dövləti əldə etmək üçün 70 milyon manatdan çox vəsait xərclənib.

“A.Alışanovun əməkhaqqı 1800-2000 manat olduğu halda, bu qədər var-dövləti hansı yolla əldə edib? O, çəkinmədən və utanmadan mənim atam Şücayət Əkbərovdan 7.000.000 manat zərər tələb edir. Bu qədər vəsaitin iddiasında olan Alışanovla bağlı aidiyyatı dövlət qurumları araşdırma aparmalı deyillərmi? Alışanova gələndə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun işləmir, prokurorluq üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir. Bu şəxslər dövlət büdcəsini talan edib, özlərinə var-dövlət yığıb, vəzifədən çıxandan sonra isə əldə etdikləri nəhəng sərvəti sağa-sola xərcləyib, harın həyat tərzi sürürlər. Bəs biz nə etməliyik? Bəs biz yoxsulları və kimsəsizləri kim müdafiə etməlidir? Axı biz də Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşlarıyıq!”, – deyə C. Tağıyeva qeyd edir.

O, müraciətində Prezident İlham Əliyevdən xahiş edir ki, atası barədə qaldırılmış cinayət işinin yenidən araşdırılması, sifarişçi Arif Alışanovun fəaliyyətinin yoxlanılması barədə göstəriş versin: “Hörmətli cənab Prezident! Biz ölkəmizin necə böyük sürətlə dəyişidiyini, inkişaf etdiyini görürük. Sizin iradənizlə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Xüsusi ilə, vətəndaşlara divan tutan korrupsioner məmurların cəzalandırılması bizləri çox sevindirir. Böyük ümidlərimiz var ki, atamla bağlı da ədalətli qərar çıxarılacaq, onu əsassız həbs etdirən Arif Alışanov layiqli cəzasını alacaq”.

Xatırladaq ki, Arif Alışanovun cinayət işində istintaqa zərərçəkmiş qismində verdiyi ifadələr mətbuatda yayılıb. Keçmiş sədr bildirib ki, təxminən 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib. Bu məqsədlə rayonunun Nağaraxana kənd sakini Şücayət Əkbərovla tanış olub. O qeyd edib ki, ki, 2012-ci ildə qardaşı Habil, yeznəsi Vidadi Cəfərov, qayınları - Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan köməklik göstərməsini istəyib: “2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşım Habil 200 000 manat, yeznəm Vidadi 200 000 manat, qaynım Etibar 1 800 000 manat, qaynım Natiq 3 500 000 manat, özüm isə 500 000 manat - cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik...”

A. Alışanov Şücayət Əkbərovun torpaq alqı-satqısında onu aldatdığını, daha sonra sui-qəsd təşkil etdiyini iddia edib: “...Hazırda anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Bu hadisədən bir neçə gün sonra biz Şamaxıya gedəndə polis əməkdaşlarının Şücayəti tutduqlarını bildik. Bundan sonra Bakıya qayıtdıq. Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu...”

“AzPolitika.info”

XƏBƏR LENTİ