Mirzə Fətəli Axundovun ontoloji görüşləri ( II Yazı)

1 117 15-04-2020, 09:46 kose / siyaset / cemiyyet

Mirzə Fətəli Axundovun ontoloji görüşləri    ( II Yazı)
Mirzə Fətəli Axundov kainatın bütöv vahid olduğunu, onun varlığı üçün heç bir şeyin kainatdan əvvəl olmadığını və kainatın sonsuz varlıq olduğunu təsdiq edir. Hətta o, dinçilərin təsəvvür etdikləri allahın bir əsas olaraq irəli sürülməsini ağlasığmaz, mənasızlıq və cəfəngiyat sayır. O, dinçilərin, kainatın əsas varlıq olmasına qarşı etdikləri etiraza cavab verərək deyir ki, əgər allah bu kainatın yaradıcısıdırsa, onda allahın da var olması üçün başqa birisinin varlığı lazım gələcək, o başqa birisi üçün də daha başqalarının olması tələb olunacaq, beləliklə də, sonsuz bir uzanma lazım gələcəkdir. Bu isə mümkün deyildir.
Buna görə də Axundov bütün varlıqların mövcud olması üçün allahı səbəblərin səbəbi deyə irəli sürməyin tamamilə əsassız olduğunu dərin təhlillə isbat edərək, vahid və əsas varlıq olan kainatın obyektiv bir varlıq olduğunu və insanı isə bu obyektiv varlığın--təbiətin məhsulu hesab etməklə, doğru və tam materialist mövqedə durmuş olur.
M.F.Axundov obyektiv varlıq olan materiyanın doğru, materialist anlamını verməklə yanaşı, materiyanın atributlarından—zaman və məkandan bəhs edərkən ” zaman da onun müqtəziyyatındandır, məkan da onun zəruri keyfiyyətindəndir”- deyir. Zaman və məkan problemini həll edərkən, o, zamansız və məkansız obyektiv varlıq olan materiyanın mümkün olmadığını göstərməklə, zaman və məkanı materiyanın obyektiv varlıq olması hesab edir.
Materializm obyektiv varlığın əsas olduğunu iddia etməklə, məkan və zamanın da obyektivliyini təsdiq etmiş olur. Məkan və zamanın materiyadan ayrılmaz olduğunu və eyni zamanda, var olan hər bir şeyin məkan və zamanda olduğunu qəbul etmək – Axundov fəlsəfəfsinin olduqca xarakter bir cəhətidir. Çünki fəlsəfədəki əsas cərəyanlar–materializm və idealizm arasındakı və bu cərəyanları bir-birindən fərqləndirən əsaslı məsələlərdən biri də məkan və zaman problemidir.
Bir sıra materialistlər məkan və zaman problemini həll edərkən, bu məsələyə qəti cavab verməkdən boyun qaçırmışlar. Axundov məkan və zamanı materiyanın atributları, obyektiv keyfiyyəti adlandırmışdır. O, eyni zamanda, var olan bütün şeylərin məkan və zamanda olmasını deməklə də din xadimlərini kəskin şəkildə tənqid etmişdir.
Axundov göstərir ki, ruhanilərin bütün varlıq üçün səbəb axtarmaları və eyni zamanda, allahı səbəblərin səbəbi deyə izah etmələri bir də ona görə əsassız və uydurmadır ki, onlar allahın varlığından bəhs etdikləri halda, allahın məkansız və zamansız olduğunu söyləyirlər.
M.F.Axundov bütün dinçilərə deyir ki, məkan və zamansız varlıq yoxdur, Allah da varlıq olmadığından məkan və zamanda deyil, demək ki, o allah yoxdur. Allah ruhanilərin bir uydurmasıdır. O, bizi əhatə edən aləmi obyektiv varlıq sayır, məkan və zamanı da həmin obyektiv varlığın ayrılmaz bir keyfiyyəti olması nəticəsini çıxarır. Axundov qəbul edir ki, kainatda məkan və zaman daxilində hərəkət edən materiyadan başqa heç bir şey yoxdur. O, məkan və zamanı materiyanın atributları kimi qəbul etməklə, idealist fəlsəfə sisteminə ölümcül zərbə endirmiş oldu.
Çünki idealizm fəlsəfəsi obyektiv olan varlığı-materiyanı şüurun məhsulu hesab etdiyindən, məkan və zamanın da obyektiv olduğunu inkar edir. Axundov belə nəticəyə gəlir ki, məkan və zaman həqiqi bir mövcudiyyət olub, ayrı-ayrı subyektdən asılı olmayan obyektiv gerçəklikdir. O, iddia edir ki, varlıqların mövcudluğu da, onların dəyişməsi də, bir növdən başqa bir növə keçməsi də məkan və zaman daxilində baş verir.
Məkan və zamanı hər cür başqa şəkildə izah etməyi mənasız, əsassız sayır. Məkan və zaman problemini materialistcəsinə həll edən Axundov təbiətdə qanunauyğunluqların, kainatın saysız-hesabsız atomlardan, zərrələrdən ibarət olduğunu və ardı-arası kəsilmədən törəyib artdığını bütün aydınlığı” və dərinliyi ilə izah edərək yazır: “ Bu qüvvə vahideyi-kamilənin, bu vücudi-vahidi-kamilin çoxluqda zühur edən hər cüzvi xah kürati-səmaviyyə, xah küreyi-ərziyyə və hər qism mövcud, vücudi-vahidə nisbət fərdən-fərdən cüzvdür, fərdən-fərdən zərrədir və tamam zərrat, bir külldür və haman küll vücudi-vahiddir. Pəs bu vücudi-vahid, xaliq də özüdür, məxluq da özüdür. Pəs hansı zərrə hansı zərrədən xahiş edəcək ki, filan əmri mənim muradımca bitir. Bəxilafi-qanuni-məlum.Və aya , hansı zərrə qadirdir ki, bu zərrənin xahişi mucibincə bu əmri bəxilafi-qanuni məmul etsin? Dəxi tövzih ilə və misal ilə deyim: məsələn, hansı zərrə hansı zərrəyə gərək rücu etsin ki, filankəsin başını, sahibinin bədəninə müttəsil elə, dirilt! Və aya, hansı zərrə bu xilafi-qanun təklifi bitirməyə qadirdir və aya, hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, mənə min il ömr ver və aya, hansı zərrə qadirdir ki, bu növ xilafi-qanun xahişi əmələ gətirə bilsin?(Kəmalüddövlənin ikinci məktubu, səh.67).
M.F.Axundov vahid qüdrətli, yaradıcı olan kainatın müxtəlif formalarda zahirə çıxmasına baxmayaraq, əvvəldə də, axırda da zərrəciklərdən, atomlardan ibarət olduğunu irəli sürür. Beləliklə, öz dövrünə görə, ən mütərəqqi materialist nöqteyi-nəzəri olan atomizm nəzəriyyəsini qəbul edir. Atomların məcmusunun isə son nəticədə bütöv və vahid olan kainatı təşkil etdiyini təsdiq edir. O, kainat həm məxluq, həm də xaliqdir müddəasını əsas bir tezis olaraq əvvəldən axıra qədər doğru inkişaf etdirir. Axundov bütün kainatın, istər yer cisimləri olsun, istərsə göy cisimləri olsun, hamısının maddi olduğunu qeyd edir.
Axundov təbiətdəki qanunauyğunluğun obyektiv olduğunu iddia edərək, ayrı-ayrı arzu və tələblərin irəli sürülməsi ilə deyil, kainatdakı mütləq, obyektiv qanunauyğunluğun hökm sürdüyünü təsdiq edir. Buna görə də o deyirdi ki, kainatda sarsılmaz bir qanun vardır, o da bütün varlıqların həqiqətən olması üçün onların görünməsi və ya duyulması lazımdır. Əgər mələk, cin, şeytan , div və sairə bizim ərzimizin cisimlərindən, varlıqlarından isə onlar da görünməlidir və ya da hiss olunmalıdırlar. Madam ki, mələk, cin, şeytan, div və sairə nə görünmür, nə də hiss olunmurlar, demək, onlar zaman və məkanda deyildirlər, yoxdurlar. Onların varlığı haqqında deyilənlər uydurmadan, cəfəngiyatdan ibarətdir.
Məlum olduğu kimi, materializmin əsaslarından biri materiyanın bizdən asılı olmayaraq obyektivliyini qəbul etmək və onun hiss üzvlərimizə təsir edərək, bizdə duyğu yaratdığını təsdiq etməkdir. Materializmin bu əsas prinsipini Axundov qəbul etmiş, dinlə mübarizədə ən əsas və doğru bir istinad seçmişdir.. Hətta o, ümumi ilə xüsusi, küll ilə cüz arasında nisbətdən və onların birlik təşkil etdiyindən bəhs edəndə deyir: “Bu aləm mövcuddur bir vücudi-küllün vasitəsilə ki, mənbədir və cəmi mövcudat haman küllə nisbət cüzdür, dalğanın nisbəti dəryaya olan kimi, həbbələrin nisbəti suya olan kimi və cəmi cüz ayrılmışdır həmən külldən və vücudi-küll əsildir və vücudi-cüz fərdir, bu fər yenə əslinə rücu edəcəkdir, yəni dərya təməvvüc edəcək, dalğa qalxacaq, yenə dalğa pozulacaq, dəryaya rücu edəcək, su hərəkət edəcək, həbbələr qüvvələnəcək, sonra yenə pozulacaq, suya vasil olacaq” ( Kəmalüddövlənin 2-ci məktubu).
Axundov kainatın vahid və bütövlüyündən bəhs edərək, bütün varlıqların vahid kainatdan əmələ gəldiyini göstərir. Hətta dənizdə dalğa, su qabarcıqları ilə su arasındakı nisbəti bu əsas vahid varlığın formaları kimi izah edir. Axundovun küll və cüz məsələsinə xüsusi diqqət yetirməsi ona görədir ki, o, bu vasitə ilə kainatdan kənarda bir qüvvənin və ya yaradıcının olmasını inkar edir. O, küll ilə cüz arasındakı nisbətdən danışanda deyir ki, mahiyyət etibarilə küll və cüz bütövlük təşkil edirlər və heç bir xarici iradədən asılı olmayaraq mövcud olub öz xüsusi qanunları əsasında inkişaf edirlər. Buna görə də istər küll və istərsə də cüz bütöv bir varlıq olan kainatda mövcuddurlar.
İstər küll və istərsə də cüzün yaradıcıya ehtiyacı yoxdur. Bütün bu mülahizələrdən sonra Axundov əvvəlcə çıxardığı nəticəni daha da əsaslandıraraq , təbiətdən kənarda heç bir qüvvənin olmadığını, yalnız bütöv və vahid kainatın varlığı müddəasını əsas qəbul edir. Buna görə də möcüzə, qeybdən xəbər vermə, mələk, cin, şeytan və sair bu kimi dini uydurmaları heçə çıxararaq deyir:
Tutaq ki, mələk və cin lətif cisimlərdir. Bu surətdəı vücudlarının varlığı aşkardır və canlı olduqları aydındır və canlı olduqları üçün həyat tərkibləri olmalıdır. Madam ki, həyat tərkibləri vardır, görünməmələri necə mümkündür və ayrı-ayrı şəkillərə necə düşə bilərlər? Başqa şəklə düşmək nədir? Məgər onlar mum idi ki, bəzən dəvə şəkli düzəldib və bəzən də dəvə şəklini pozaraq öküz və ya qoyun şəkli qayırmaq mümkün olsun?
Biz görürük ki, bu kimi hoqqabazlıq, kainatı yaradanın öz qanunundan da xaricdir. Kainatı yaradanın özü belə öz qanunu xilafına olaraq, birinci şəklindən bir dəfə pozulmuş olan həyat tərkibinin təkrar əvvəlki şəklə gətirməyə qadir ola bilməz. O halda necə olur ki, mələk və cin bir tərkibdən, dəvə və at həyatı tərkibində şəkillənib öz arzuları ilə ikinci tərkibdən əvvəlki tərkibə qayıda bilirlər?
Xülasə, ey Cəlalüddövlə, mən bu sözü anlamıram. Bəlkə sən anlayırsan? Lakin zənn etmirəm ki, sən də anlaya biləsən. Bəs bizim mötəbər kitablarımızın çoxunda bizə təsadüf olunan bu söz nədir? Bəs nə üçün bizim alimlər bu sözü hər yerdə yazmışlar? Cavabını mən sizə deyim:
Çünki işin başlanğıcı hər növ adamaldatma vasitələri üzərində qurulmuşdur. Bu söz də o vasitələrdən biridir. Bu sözün mənası olmadığından bu günə qədər heç kəsin xəbəri olmaması təəccüblüdür”(Kəmalüddövlənin ikinci məktubu, səh.70)
Ümumi nəticə olaraq Axundov heç nədən bir şey yaratmaq mümkün olmadığı kimi, yoxluqdan varlıq əmələ gətirə bilmək də mümkün deyildir,–deyə ən gözəl, ən doğru, həm faktik olaraq, həm də məntiqi olaraq materialist prinsipə istinad edən nəticəni çıxarır.
Buna görə də Axundov fəlsəfəsindəki məkan, zaman, materiya problemi olduqca maraqlı bir xüsusiyyət təşkil edir. Materiyanın obyektiv varlıq forması olan məkan və zamanın materialist həlli ilə bərabər, Axundov təbiətdəki obyektiv qanunauyğunluğu da varlıq üçün zəruri hesab etməklə, hər cür xarici, ilahi, fantastik təsəvvürləri darmadağın edərək, materializm fəlsəfəsinin, idealistlərin və dinçilərin hücumundan qoruya bilmiş və inkişaf etdirmişdir. Bu isə böyük xidmətdir.
Bizdən asılı olmayan təbiətin, obyektiv aləmin varlığını inkar etmək, səbəbiyyəti irəli sürərək bütün varlığı maddi olmayan bir qüvvəyə vardırmaq idealizmdir, dinçilikdir. Axundov cəsarətlə materiyanın prinsiplərinə sadiq qalmaqla, varlığın mövcud olması üçün olmayan bir səbəbi axtarmaları şiddətli tənqid etmişdir. Kainatın varlığı üçün ilahi bir səbəbin olmasını qüvvətli materialist, ateist qətiyyətilə izah edir. O, səbəbiyyəti varlıqlardan kənarda deyil, varlıqlar arasındakı bir qanunauyğunluq kimi izah edib, təbiətdən əvvəl obyektiv real aləmdən kənar olan hər cür səbəb axtarmağı əsassız və mənasız sayır. Hətta dinçilərin varlıq üçün səbəb axtararkən göstərdikləri sübutları süstlük hesab edir. Axundov subyektiv idealist Yumu tənqid edərək deyir: “ Səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, yaxud siz bir yerdə duraraq etiraf etməlisiniz ki, varlıqlardan bir varlığa səbəb lazım gəlmir. Birinci surətdə silsilələnmə lazım gəlir, ikinci surətdə varlıq üçün səbəbiyyət qalxmış olur və sübut edilmiş olur ki, varlıq səbəbsiz var ola bilir. O halda biz nə dəlil ilə təsdiq etməyirik ki, o səbəbsiz varlıq yaradıcı ləqəbi ilə məruf olan mövhum və zənn ilə bilinən deyil, bu görülən və hiss edilən kainatın özüdür.” (Axundovun Yuma cavabı)
Axundov maddi olan kainatın heç bir xarici, ilahi səbəbə ehtiyacı olmadığını təsdiq edir. Yum obyektiv varlıqları qəbul etmədiyi üçün deyir ki, obyektiv varlıqlarda səbəbiyyət yoxdur. Axundov bu kimi nöqteyi-nəzərləri tənqid edərək göstərir ki, varlıq öz mahiyyət və zatında səbəbə möhtac deyil, o ancaq bir növün başqa bir növə, bir halətin başqa bir halətə keçməsində və növləşməsində səbəbə möhtacdır” (Axundovun Yuma cavabı)
Axundov deyir ki, şəriətçilər varlığı iki qisim üzrə böldüklərini irəli sürürlər. Onlardan biri mümkünəl-vücud, yəni var olması mümkün olandır ki, o da kainatdır. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır. Axundov göstərir ki, bu bir əqidədir. Hər millətin şəriətçiləri filosoflara qarşı üluhiyyətin isbatı üçün dəlil gətirirlər. Filosoflar isə bu əqidəni rədd edərək cavab verirlər ki, bu halda səbəb də özü-özlüyündə bir varlıqdır, buna da başqa bir səbəb lazım gəlməlidir; o başqa səbəb də eyni surətlə nəticədə nihayətsizdir. Bu keyfiyyət isə ağlabatan deyildir. Çünki ağlın hökmünə görə, səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa silsilələnmə əmələ gələcəkdir. O halda ağlın hökmünə görə hər varlığa səbəb lazım olması xüsusda şəriətçilərin gətirdikləri dəlillər yanlışdır.
O birisi isə vacibəl-vücuddur, yəni var olması vacib olandır, o da allahdır, onun var olması üçün səbəbə ehtiyacı yoxdur.
Axundov vahid olan kainatı heç bir əsasa istinad etmədən iki qismə bölməyi tənqid edərək, “əgər varlığın mümkün və vacibə bölünməsi mötəbər olsaydı, bu dəlili bu təqdirdə mötəbər saya bilərdik”- deyir. Yəni tək olan varlığı mümkün və vacib olana bölməyin özünün mümkün olmadığından, belə bir dəlil də əsassızdır, doğru deyildir. O, kainatın ikiyə bölünməsinin heç bir əsasa istinad olunmadan edildiyini kəskin çəkildə tənqid etməklə, onun səbəbə möhtac olmadığını göstərmişdir. O, şəriətçilərin - dinçilərin əşyanın səbəbə möhtac olduğunu sübut etmək üçün gətirdikləri dəlillərin də əsassız olduğunu göstərir. Məsələn, onlar deyirlər ki, biz əşyanı səbəbə möhtac görürük, nütfə doğurana, toxum ağaca möhtacdır. Ona görə də əşya məcmuu olan kainat da səbəbə möhtacdır. Buna görə də dinçilər deyirlər ki, səbəbə lüzum olmayan bir varlıq olmalıdır, o da vacibəl-vücuddur, yəni varlığı vacib olandır – allahdır.
Bu vücudi-vacibdə, yəni varlığı vacib olanda dayanaraq onu allahdan başqa hər şeyin səbəbi saymalıyıq. Axundov onların bu arqumentini qeyd edərək, bir materialist qətiyyətilə deyir:” Ey şəriətçilər! Əşya öz mahiyyət və əslində səbəbə möhtac deyil, o, ancaq bir növdən başqa bir növə, bir halətdən ayrı bir halətə keçməsində və növləşməsinmdə doğurana və ağaca möhtacdır. Bizim münaqişəmiz növləşmədə və intiqal etməkdə deyil, varlıqdan məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət varlığın özüdür heysiyyətincə, tamamilə yoxluğun ziddidir” (Yuma cavab) .Axundovun bi fikirləri kainatda obyektiv qanunauyğunluqların olduğunu materialistcəsinə izah edir. Axundov səbəbləri hadisə və varlıqlardan kənarda deyil, o, səbəbləri obyektiv varlığın daxili qanunauyğunluğu və rabitəsi kimi izah edir.
Axundov səbəbləri hadisə və varlıqlardan kənarda deyil, səbəbləri obyektiv varlığın daxili qanunauyğunluğu və rabitəsi kimi izah edir. O, obyektiv aləmdəki hadisələrin, varlıqların bir haldan başqa bir hala, bir növdən başqa bir növə keçməsində təbii, obyektiv bir rabitənin – səbəbiyyətin olduğunu göstərir. Axundov yazır ki, mübahisə növləşmə və bir haldan başqa bir hala keçməkdə deyil, əsil, mühüm məsələ --əşyanın mahiyyətidir. Çünki materialist baxış faktik olaraq obyektiv aləmin müxtəlifliyi içində qanunauyğunluğu və rabitəni tələb edir.
Filosof səbəb problemini irəli sürərək, obyektiv surətdə verilmiş bir varlığın nəticəsi olan səbəbdən bəhs edir. Subyektiv idealist filosofların səbəbiyyət problemi haqqında yanlış fikir və izahlarını tənqid atəşinə tutur. Axundov nəinki ruhanilərin dünyanın yaranması haqqındakı uydurmalarına qarşı mübarizə edir, o, eyni zamanda, dünyanın yaradılmasında ilk səbəb kimi irəli sürülən allahın da , bütün səbəblərin səbəbi kimi zənn edilməsini tənqid edir, əşya mahiyyət etibarilə heç bir səbəbə möhtac deyildir, -deyir. Əşya öz daxili qanunları əsasında inkişaf etməkdədir,- söyləyir.
Axundov aləmin əmələ gəlməsini təbii səbəblərlə izah edir, təbiətdən kənarda heç bir qüvvənin, səbəbin olmadığı nəticəsini çıxarır. O, kainatın varlığına xarici səbəb axtarmanın nə qədər axmaq bir məsələ olduğunu qeyd edərək, “vahid və vacib bir varlıq olan əşyanın mahiyyətinə yoxluq nə sibqət etmişdir və nə də ona bir nəhayət olunacaqdır”-deyir. Axundov kainatı vahid, bütöv, real bir varlıq olaraq qəbul edir. O, kainatın müxtəlifliyində bütün cisimlərin qarşılıqlı təsirlərini, bir növün başqa bir növə çevrilməsində obyektiv səbəbiyyətin olduğunu göstərir.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Qabaqcıl Maarif Xadimi

XƏBƏR LENTİ