27 sentyabr - zəfərin ilk günü

1 546 27-09-2021, 14:31 kose / siyaset / cemiyyet / gundem

27 sentyabr -  zəfərin ilk günü
27 sentyabr 2020-ci il.
Millətin özünütəsdiqi, zəfər savaşının başlanğıc günü.
Özünəqaydış günü.
27 sentyabr Azərbaycanın torpaqlarının işğalına dözümünün son həddi, qalibiyyətə doğru ilk addımı, ruhun oyanışıdı. İnam günü.


Hamı övladını, əsgərini döyüşə sevinərək yola salırdı. Sevgisinə görə döyüşə getmək ən böyük qəhrəmanlıqdır. Bəli, “Torpaq uğrunda ölən varsa, vətəndir!”

Bu sevinc qalibiyyətə inamın sevinci idi. Qələbəyə doğru gedən yolda inamın olması çox vacibdir.
Hamı bu savaşın hər hansı formada iştirakçısı olmaq istəyirdi. Bacardığı, imkanı qədər. Uşaq da, böyük də, yaşlı da...
Millətindən, dinindən asılı olmayaraq bu ölkənin bütün vətəndaşları Vətən üçün savaşa hazır idi. Döyüşürdü.
Səfərbərlik İdarəsinin rayon şöbələrində döyüşə getmək üçün növbəyə dayananların sonu görünmürdü.
Yolboyu hamı döyüşə gedən əsgərləri alqışlayır, xeyir-dua diləyərək yollarına pay qoyurdular. Körpələr əllərindəki meyvələri əsgərlərə verərək “mən də pay verdim” sevincini yaşayırdılar. Qəlbdən üzə hopan təbəssüm gələcək qələbədən xəbər verirdi.
Bu Qələbəyə, uğura inam səhnəsi idi.
Bu sevinc ordusuna, dövlətinin gücünə böyük inamdan, torpağına – müqəddəs Qarabağına sevgidən doğurdu.

Sınmış qollar silaha sarılmağa qalxırdı. Sallaq başlar dikələrək düşmənə nifrət dolu alovlu baxışlar yollayırdı. Hamı sanki yenidən doğulmuşdu. Ahıllar da cavanlaşmışdı. Sönmüş arzular güllə-güllə çiçəkləyirdi. Top-top açılırdı.
Murov dağı əvvəlki görkəminə qayıdırdı. Əsgərlərimizə “Qış gəlməmiş tez gəlin” deyirdi. O da bizim kimi doğmaları üçün darıxmışdı.
Qucaqlar qanad açmağa başlayırdı.

Yeni həyatın ilk gününə qədəm qoyurduq.
27 sentyabr Azərbaycan üçün yeni mərhələnin bünövrəsini qoydu. Düzənlər dəyişdi. Artıq qalıb millətə çevrilirdik. Kim olduğumuzu göstərirdik.
Hər Qələbə, hər uğur Ordumuza - əsgərlərimizə yeni ruh verirdi. Qələbəyə gün-gün yaxınlaşırdıq.

Püxtələşmiş, hazırlıqlı, güclü Ordumuz düşmən təxribatlarına son qoymaq üçün əks-hücumla Ermənistan ordusuna sarsıdıcı zərbələr endirərək torpaqlarımızı işğaldan azad etməyə başladı. Bu milli ruhun yüksəlişi, 44 günlük zəfərin ilk Qələbə siqnalı idi.
Artıq əsgərlərimizin üzünü sığallayan doğma Qarabağımızın xoş havası onları zirvələrə səsləyirdi.
Siyasi baxışından, hakimiyyətə mövqeyindən asılı olmayaraq vətən, dövlət yolunda hamı bir oldu. Birləşdi. Hamı ayaqda idi. Hamı əsgər idi. Hamı vətən deyirdi. Bu gücün, BIRLIYIN qarşısında heç kim, heç nə tab gətirə bilməzdi. Bu vəhdət Qələbəyə çağrış idi.
Güc özünəinamın ən böyük qüvvəsidir.

Zəfər, şərəf yolunun ilk hərəkətverici, ümid günü olan 27 sentyabr çoxdan gözlənilən, ağrıları unutduracaq Qələbənin müjdəsi oldu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

27 sentyabr -  zəfərin ilk günü








Rəfail Tağızadə

XƏBƏR LENTİ