Polis əməliyyat keçirdi: 10 narkotacir tutuldu

659 31-01-2022, 12:25 cemiyyet

Polis əməliyyat keçirdi: 10 narkotacir tutulduBiləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb. 8 kiloqramdan artıq yüksək təsiredən xassəyə malik narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Digər əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon sakinindən “Kalaşnikov” avtomatı aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakini Sahil Tapdıqov tanışı, Sumqayıt şəhər sakini Tərlan Dadaşzadə və Bakı şəhər sakini Nicat Eminovla birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gəiriliblər. Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 7 kiloqrama yaxın heroin, 1 kiloqram 110 qram tiryək və 500 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Bundan əlavə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 7 nəfər saxlanılıb və hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Mirxanlar Qasımzadə saxlanılıb. Onun yaşadığı evin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı oradan “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid daraq və 12 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

XƏBƏR LENTİ