Otel, sauna yoxsa, əxlaqsızlıq yuvaları? - ARAŞDIRMA

721 20-05-2022, 10:52 cemiyyet

Otel, sauna yoxsa, əxlaqsızlıq yuvaları? - ARAŞDIRMAƏxlaq dedikdə insanın bütün xüsusiyyətləri və adət etdiyi vərdişlər nəzərdə tutulur. İnsan bu xüsusiyyət və vərdişlərin təsiri ilə yaxşı və ya pis davranışlar sərgiləyə bilər. Bir anlayış olaraq əxlaq və ya davranışın həm müsbət, həm də mənfi tərəfləri var.

Möminlərin gözəl əxlaqa malik olması İslam dininin əsas məqsədidir. İslam dini sonuncu və ən kamil din olduğu üçün əxlaqi prinsipləri də sonuncu, ən gözəl və ən yüksək əxlaqi əsaslardır. İslam əxlaqının əsasını Allahın əmr və qadağaları təşkil edir. Əxlaq gözəl davranışlar edib onları vərdiş halına salmaq, pis davranışlardan uzaq durmağa çalışmaq və özünü qorumaqdır. Əxlaqlı insan həm də gözəl davranışlarla özünü inkişaf etdirən, pis davranışlardan uzaq durmağa çalışan insandır. Dinimizə görə əxlaq və iman bir-birini tamamlayır. Çünki əxlaqi prinsiplərə riayət etmək, qadağalardan çəkinmək imanın tələbidir.

Əxlaqsızlığın birinci növbəli növü insan alveridir. Dünyanın bir çox ölkələrində insan alveri ilə bağlı problemlər var. Burada əsas rol oynayan hissə isə qadın alveridir. Belə ki, işbazlar qadınlar üzərindən milyonlarla pul qazanırlar. Qadın alveri dünya ilə yanaşı Azərbaycanda da aktual problemlərdən biridir. Təəssüflər olsun ki, buna qarşı nə qədər maarifləndirici və inzibati tədbirlər görülsə də ardı-arası kəsilmir.

Ölkəmizdə 2000-ci ilin dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu plan əsasında indiyə qədər ölkə ərazisində fəaliyyətdə olan yüzlərlə əxlaqsızlıq yuvasının işinə xitam verilib və fahişəliyi təbliğ edən şəxslər cəzalandırılıb.

Lakin qadın alverinin sayı günü-gündən artmaqda davam edir. Məmurların qoruduğu sauna, kafe, masaj salonları, otel və istirahət mərkəzləri adı altında fəaliyyət göstərən yerlərin sayı bu gün də kifayət qədərdir. Onlar bu işi çox peşəkarlıqla edirlər. Bu obyektlərin mövcudluğu təhlükə mənbəyidir. Bu yerlər gələcək üçün əmanət edilən milli-mənəvi dəyərlərimizi uçuruma aparır.

SİA mövzu ilə bağlı araşdırma edərək ekspertlərin fikirlərini öyrənib.

Vəkil Turan Abdullazadə problemin hüquqi yanlarına toxunub: “Bəzi dövlətlərdə fahişəlik xidməti qanuni olsa da, bir çox dövlətlərdə, xüsusilə də İslam dininin daha çox yayıldığı ölkələrdə, eləcə də Azərbaycanda qanunla qadağan edilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şəxsləri fahişəliyə məcbur etmə cinayət məsuliyyətinə səbəb olub on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Könüllü heç kimi cəlb etmədən fahişliklə məşğul olma isə cinayət məsuliyyəti yaratmır. Lakin belə şəxslər inzibati məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən fahişəliklə məşğul olmağa görə -yüz manat məbləğində cərimə edilir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi belə hallarla bağlı müraciət, ərizə, şikayət daxil olduqda faktla bağlı araşdırma aparır. Əgər əməldə cinayət tərkibi varsa faktla bağlı cinayət işi başlanıla, əməli törətməkdə təqsirli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər.

Lakin qeyd etdiyiniz kimi, təəsüflər olsun ki, hələ də əxlaqsızlıq yuvaları gizli də olsa fəaliyyət göstərir. Onlardan bəziləri “masaj salonları”, “sağlamlıq mərkəzi” və sair adlar altında kamuflaj olunurlar. Bəzi şəxslər isə kirayə mənzillərdə bu qanuna zidd fəaliyyəti təşkil edirlər. Qanun pozuntuları ilə mübarizədə hüquq mühafizə orqanlarına dəstək məqsədilə vətəndaşlar yaşadıqları ərazidə əxlaqsızlıq yuvalarının fəaliyyət göstərməsinə dair əsaslı şübhələri və yetərli faktları varsa bu barədə hüquq mühafizə orqanlarına hüquqa uyğun tədbirlər görülməsi üçün məlumat verə bilərlər”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Əxlaqsızlıq yuvalarının mövcudluğu utancverici haldır, milli-mənəvi dəyərlərimizin aşıqlanmasına gətirib çıxarır. Bu cür hallarla amansız mübarizə aparmaq lazımdır.

Təəssüf ki, həm Bakıda, həm də ayrı-ayrı bölgələrdə bu cür iyrənc üsullarla pul qazanan adamlara rast gəlmək mümkündür. Adətən, həmin şəxslər iaşə obyektlərini hədəf seçir, öz çirkin niyyətlərini bu məkanlarda həyata keçirməyə çalışırlar. Hansı ki, həmin məkanların bu cür fəaliyyətlə məşğul olmağa icazəsi yoxdur. Müvafiq qurumlar ciddi nəzarət mexanizmi tətbiq etməklə bu cür mənfi halların sayını əhəmiyyətli dərəcədə azalda bilərlər.

Hüquq-mühafizə orqanları əxlaqsız yuvalarına qarşı mütəmadi mübarizə aparır. Analoji fəaliyyətlə məşğul olan adamlar cəzalandırılır, onların barəsində qanuna müvafiq qaydada tədbirlər görülür. Amma hesab edirəm ki, mübarizəni gücləndirmək lazımdır. Təkcə hüquq-mühafizə orqanları deyil, həm də digər dövlət qurumları öz səlahiyyətləri çərçivəsində mübarizəyə qoşulmalı, cəmiyyət səfərbər olunmalıdır. Bu cür obyektlərin sayının durmadan artmasının səbəblərini də araşdırmaq lazımdır. Açıq danışmaq lazımdır, bu fəaliyyətlə məşğul olan bəzi obyektlər ayrı-ayrı səlahiyyətli şəxslərin himayəsi altında olur. Hesab edirəm ki, həmin şəxsləri ifşa etməklə mübarizənin effektivliyini artırmaq mümkündür”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev: “Belə hallar aşkarlanacağı təqdirdə, tərəfimizdən mütəmadi olaraq bu barədə tədbirlər həyata keçirilir. İnsanların vəziyyətindən istifadə edərək aldatma yolu ilə fahişəliyə cəlb etmə halları müşahidə olunur. Bu cür neqativ hallarla bağlı maarifləndirici tədbirlər həyata keçiririk.

Vətəndaşlara daha ayıq-sayıq davranmaqla bağlı müraciətlər edirik. Əgər hər hansı şəxs insan alveri ilə məşğul olanları tanıyırsa, bu barədə məlumatı varsa dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə, İnsan Alverinə Qarşı Mübarizədə Baş İdarəyə, həmçinin DİN-in sosial şəbəkələrdəki səhifələrinə məlumat vermələri xahiş olunur”.

XƏBƏR LENTİ