Milli-mənəvi sərvətimiz – Rafiq Əliyev

669 19-05-2023, 08:16 kose / cemiyyet

İnsan yaşlandıqca zahiri görünüşü gündən-günə nurlanırsa, bu, insanın daxili aləminin zənginliyindən xəbər verir. Bəzi insanlar dəniz kimidir. Get-gedə təmizlənir. Gözəlləşir. Ovqatını təzələyir, sənə yeni ruh verir. Ətrafı işıqlandırır…

Millət, xalq insanı ilə, seçilmişləri ilə tanınır.

Milli-mənəvi sərvətimiz – Rafiq Əliyev
"Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da, o, Amerikadan çox əzəmətli görünür."

Məşhur amerikan alimi Ronald Yager

İnsan özünü dərk edəndən, vətən məhfumunu anlamağa başlayandan könlündən, düşüncəsindən həmişə xüsusi bir istək keçir: “Özününküləri – öz millətinin nümayəndələrini ön sırada görmək”. Normal istəkdir. Tanıdıqlarını, görmək istədiklərini yüksək kürsülərdə görəndə, qazanılan titullar sırasında adını, mötəbər məclislərdə səsini eşidəndə ürəyin dağa dönür. Qürurlanırsan. Daxili bir rahatlıq tapırsan.

Mövcud elmi nəzəriyyələrə eyham kimi baxmayan, elm avtoritetləri qarşısında baş əyməyən, dünya elmi ictimaiyyəti tərəfindən qəbul və geniş istifadə olunan elmi nəzəriyyələri, o cümlədən “Sistemlərin dayanıqlıq nəzəriyyəsi”, “Ümumi qərar qəbuletmə nəzəriyyəsi” və “Yeni qeyri-müəyyən ədədlər hesabı” ilə millətə baş ucalığı gətirən, hamının uğurlarına sevinən, hamımızı ruhlandıran professor Rafiq Əliyev kimi.

R.Əliyevin respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu olub. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaradıb, Azərbaycanda, Rusiyada, Almaniyada, Türkiyədə, Kiprdə və İranda 150-dən çox elmlər namizədi, 30 elmlər doktoru hazırlayıb. Onun yetişdirdiyi elmlər doktorları sırasında bu gün dünyanın müxtəlif ölkələrində uğurla çalışan alimlər var.

Rafiq Əliyevin üstünlüklərindən və uğurlarından biri də dünyanın qəbul etdiyi RAFIQ ƏLIYEV MƏKTƏBİdir. Onun dünyanın aparıcı elm ocaqlarından, nüfuzlu (indeksli) jurnallarından səsi gələn tələbələri hazırda onun yaratdığı məktəbin ənənələrini təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Kanada, Türkiyə, Rusiya, İran və s.) davam etdirirlər.

R.Əliyevin rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir dünyanın bir sıra ölkələrində “Qeyri-səlis sistemlərin tətbiqi”, 2000-ci ildən başlayaraq hər iki ildən bir Daşkənddə “Qeyri-səlis sistemlərin tətbiqi və Soft Computing”, 2000-ci ildən başlayaraq hər iki ildən bir müxtəlif şərq ölkələrində “Sistem təhlilində, qərar qəbuletmə və idarəetmədə sözlə hesablama və Soft Computing” üzrə beynəlxalq elmi konfranslar keçirilir.

O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniya, İtaliya, İspaniya, Fransa, Türkiyə, Kipr və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfransların yaradıcısı və sədridir. Onun rəhbərliyi altında keçirilmiş belə konfransların sayı 30-dan çoxdur. O, bu konfransların birincisini hamımızın nağıllar, röyalar şəhəri olan doğma Təbrizdə keçirib. Bu da təsadüfü deyil. Rafiq müəllim o illəri belə xatırlayır: “Təbriz mənim yuxularımın şəhəri idi. Tanrı elə qismət elədi ki, 3 il Təbriz Universitetində çalışmalı oldum (1992-1994, ildə 3 dəfə 1 ay). Bu illər ərzində yeni ixtisaslar açdıq, elmlər doktorları hazırladıq, müasir elm sahələri üzrə ingilis dilində 3 kitab dərc elətdirdik. Ancaq düşünürdüm ki, Təbrizin adını yüksəklərə qaldırmaq, yaşatmaq üçün bu azdır. Dostum, Təbriz Universitetinin rektoru, professor Hüseyn Pur Feyzi ilə dünyada Təbrizin adını yüksəltmək üçün ilk beynəlxalq elmi konfransı Təbriz Universitetində keçirməyi qərarlaşdırdıq. Bütün elmi, təşkilati işləri həyata keçirdik. Konfransa dünyanın müxtəlif ölkələrindən – Amerika, Almaniya, Rusiya, Türkiyə, Azərbaycan və s. ölkələrdən – 500-ə yaxın alim və mütəxəssislər gəlmişdilər. Konfransa bir neçə gün qalmış belə bir fikir irəli sürüldü ki, bu konfrans Tehranda keçirilsin. Mən qətiyyətlə bildirdim ki, bu elmi konfransın keçirilmə yeri Təbriz olmalıdır. Dünya Təbrizi qoy bir elmi mərkəz kimi də tanısın. Bu təkid nəticə verdi. Axı mən düşünürdüm ki, böyük Nizami demişkən;

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz.

Konfrans çox uğurla keçdi. Bu Təbrizimizin uğuru idi”.

Rafiq Əliyev haqqında açıqlama verən Lütfi Zadə görkəmli professorun “İnperfekt (tam olmayan) informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsi” işinə görə Nobel mükafatı ala biləcəyini deyib. (Yəni hər hansı bir həyatı məsələ ilə bağlı qərar qəbul edilən mühitdə informasiya tam, müəyyən olmadığı halda müvafiq, səmərəli, bütün cəhətlər nəzərə alınaraq qərar qəbul edilsin).

Bütün bunları eşitdikcə qürur hissi keçirirsən.

Rafiq müəllimin dünyanın aparıcı universitetlərində tədris olunan xeyli sayda kitabları var. Adama elə gəlir ki, 74 kitabın müəllifi olan Rafiq müəllim durmadan kitab yazır. Rafiq müəllim isə kitabı qonorara, mükatafa, təltifə görə yox, ancaq yeni ideyası olanda yazır.

Bəşəriyyəti tərəqqiyə, inkişafa aparacaq, yeni nailiyyətlərin özülü qoyulacaq bu kitabların müəlifinin səninlə bir zamanda yaşaması, sənin həmvətənin olmasının özü bir xoşbəxtlikdir. Nə mutlu bizlərə ki, Rafiq müəllimlə eyni zamanı və eyni məkanı bölüşürük.

Biz çox zaman özümüzünkülərin – yanımızdakıların qədrini, dəyərini bilmirik. Onlar haqqında əcnəbilərin fikrini eşidəndən sonra qayıdıb ona yenidən baxmalı oluruq. Amma içimizdə hələ də tərəddüd qalır. İnana bilmirik ki, dahi deyilən adamlar bizimlə bir arada yaşaya bilərlər. Onlardan biri bizim tanıdıqlarımızdan biri ola bilər. Biz zamanında özümüzünkünləri qiymətləndirmirik. Bizi daima artıq gec olan yoxluq silkələyir. Tərpədir...

Rafiq müəllimin bütün məsələlərə yanaşması qlobaldır, fundamentaldır. Onun yanaşmasında məsələnin özündən çox onu yaradan səbəbləri – qaynaqları öyrənmək, onu törədənlərin nədənlərini açmaqdır. Hadisəni, situasiyanı, onu doğuran səbəbləri araşdıraraq nəticə çıxarmaq, fikir yürütmək məsələsidir.

Bu ən xırdadan tutmuş, ən böyük məsələlərə, hadisələrə zaman və məkan baxımını nəzərə almaqla elmi baxış etmək, əsaslanmış qərarlar qəbul etməkdən doğaraq qənaətə gəlmək bacarığıdır. Bu fikirlərdə, yanaşmalarda dəqiq elm sahəsi ilə məşğul olan adamın baxışının, gəldiyi qənaətin olduğu açıq-aydın hiss olunur. Məhz, fərqlilik də elə bundadır.

Rafiq müəllimin uğurlarının fövqündə insanın azadlığı, azad düşüncə sahibi olması dayanır. Daxili azadlığını həmişə qoruyan Rafiq müəllim hərəkətləri, davranışları ilə nümunədi. Bir də nəfsə qarşı olmağı. “İnsanı şəxsiyyət edən onun nəfsidir. Bütün məsələlərin kökündə nəfs dayanır. Nə qədər savadlı adam, yaradıcı insan olsan, elmi dərəcən olsa və ya hər hansı yüksək vəzifə sahibi olsan belə, onda şəxsiyyət olursan ki, nəfsinə hakim kəsilə bilirsən. Bu halda həm də şəxsiyyət kimi yaddaşlarda qalırsan. Bütün səhv addımlarına rəğmən, insan özünü necə təqdim etməsinə, onun hansı formada təqdim edilməsinə baxmayaraq, istənilən halda məhz nəfsinə hakim olanlar yaddaşlarda qalır, xatırlanır...”.

Həyat çətinliklərlə zənginləşir.

Zəhmət insanı ən uca zirvəyə qaldırır. İnsanı çətinliklər bərkidir. Püxtələşdirir.

Bir də gendən gələn şeylər var. Sən onun daşıyıcısısan. Daşıyırsan və ötürürsən.

Təmizlik, daxili saflıq, xarakter...

Rafiq müəllim təmiz yaşamaqdan, öz zəhmətinin sayəsində qazandığınla dolanmaqdan söz düşəndə daima iki şeyi misal gətirir: “Atam Ağdamda idarə müdiri işləsə də, ailəmizi ancaq maaşıyla dolandırırdı. Bu pul ailənin yeməyinə və geyiminə çatırdı. Uşaqların kitab-dəftərinə pul qalmırdı. Uşaq vaxtı barama qurdu saxlayırdıq ki, il ərzində lazım olan kitab-dəftəri ala bilək. Bir dəfə tut ağacına çıxıb budağı qıranda dəhrə əlimdən çıxıb ayağıma dəydi. O iri göy yara yeri qıçımda indi də qalır. Hər dəfə onu görəndə o günləri xatırlayıram. Qıçımdakı o göyərti mənim “Həyat mayakımdır”.

“Moskvada aspiranturada oxuduğum illəri tez-tez xatırlayıram. Təzə evlənmişdik. Aldığım təqaüd ayın axırına çatmırdı. Aidə xanım utana-utana mağazadan bir alma, iki kartof alırdı. Amma mənə heç nə demirdi. Sonra müdafiə etdim. Maaşım artdı. Ev aldım. Mükafat aldım. Kitablarım çıxmağa başladı.... İmkanlarım xeyli genişləndi. Amma o günləri heç vaxt unutmadım...

Bir dəfə elmi rəhbərim bizi evinə qonaq çağırdı. Qış vaxtı idi. Aidə xanım nazik ayaqqabı geymişdi. Professor Petrov ayaqqabını görüb təəccübləndi ki, qarda belə ayaqqabımı geyərlər? Dinmədik. Deyə bilməzdik ki, elə olanı budur. Yəni biz bu əzablardan keçib gəlmişik”.

Rafiq müəllim çox dözümlüdür. Ən ağır hadisələrə, situasiyalara müdrikcəsinə yanaşma var bu müdrik insanda. Yaxınlarını, doğmalarını belə əsəbləşdirən, özündən çıxaran insanlara, hadisələrə ötəri bir təbəssümlə yanaşır. Alim olmayıb özünü alim kimi (hətta dünya səviyyəli alim kimi) təqdim edənlərə də, danışıqlarında özü olmayanlara da, yalançı vətənpərvərlərə də. “O da elədi. Mən onu olduğu kimi qəbul edirəm”, söyləyir. Emosiyasız. Sakitcə... Böyük olaraq. “Siz ona niyə elə reaksiya verirsiz. Hamı eyni cür olsa, dünya yeknəsək olar” deyərək.

Onun təbəssümü qarşısında boşalırsan, yumşalırsan. Qeyri-ixtiyari sən də olanları elə o təbəssümlə də qarşılamalı olursan. Hər halda o anda...

İlk baxışdan, danışıqdan, təmasdan sadə, sakit görünən, səsində, baxışında daima qəribə bir mülayimlik hiss olunan bu insanda işinə, yoluna, əqidəsinə qarşı inanılmaz bir prinsipiallıq var. Dönməzlik var. Və bir də xoşlamadığı, fikir və düşüncələri üst-üstə düşməyən insanların yaxşı işini görəndə, xoş xəbərini eşidəndə onları o məqam üçün qiymətləndirməsi və hadisəyə sevinməsi. Bəlkə də budur insanların ona olan sevgisinin səbəbi.

“Dünyanın tanınmış alimisiz, tez-tez elmi konfranslarda sədr, ya iştirakçı kimi iştirak etmək üçün ABŞ-a, Avropa ölkələrinə getməli olursunuz. Niyə gedib ABŞ-da, ya Avropa ölkələrinin birində yaşamırsız?” – deyə soruşanlara, “mən indi işğalda olan Qarabağda doğulmuşam. Onu bu vəziyyətdə qoyub hara gedim?” – cavabını verən Rafiq müəllim söhbətlərində, hətta elmi müsahibələrindəki pauzalarda da xəyalən o yerlərə gedir. O yerləri gəzib gəlir. Ağdamdakı, evlərinin eyvanındakı mizin siyirtməsində qalan uşaqlıq xatirələrini yada salır. Olanlardan-keçənlərdən danışır. O illərlə söhbət edirmiş kimi...

Musiqini çox sevir. Bəlkə də bu onun doğulub boya-başa çatdığı yerlə, məkanla – Qarabağla bağlıdır. Klassik musiqini, muğamları, bəstəkar mahnılarını sevə-sevə dinləyir. Orta məktəbdə tar sinfinə getməsi ona musiqi ilə bağlı fikrini bildirmək imkanı verir. "Zəminxarə"yə qulaq asmaqdan doymur.

İnsan kənara çıxdıqca Vətənini, yurdunu və millətini daha çox sevməyə başlayır.

Yəqin məsafə sevgiylə düz mütənasibdir.


Dünyanın harasında olursa olsun, onun adının yanında, adıyla yanaşı Azərbaycanın, Ağdamın, doğulduğu Novruzlu kəndinin adının yazılması, səslənməsi və onunla bağlı, əsasən də xarici dilli yazılarda bu adların olması ona xüsusi xoş bir əhval-ruhiyyə gətirir. Zövq verir. “Mən yurdumu, vətənimi, Azərbaycanımı dünyada tanıtmağa çalışıram”, söyləyir. Fikirləri, düşüncələri, ideyaları ilə dünyanı gəzən, dünyanın elm nəhənglərini öz düşüncəsi, ideyaları ilə təccübləndirən bu adamın məmləkətinə, millətinə xüsusi bir sevgisi var.

Hər şeydə nəfsini saxlaya bilən Rafiq müəllim dostlara olan sevgi nəfsini saxlaya bilmir. Düşüncəsi, əqidəsi üst-üstə düşən insanları görəndə, “Bu gün mən daha çox qazandım”, – deyir. “Sizləri tanıdım. Dost qazandım”, – söyləyir. İnsanın yeni nailiyyətinə, uğuruna çox sevinir. Demokratik düşüncəli, daxilən azad insan görəndə, “hələ bu millət ölməyib, öləziyib”, – deyərək, daxilən bir rahatlıq tapır.

Milləti, xalqı, dövləti tanıdan, ucaldan hər kəsin uğurunu öz uğuru sayır. Uğura sevinir.

Nə yaxşı ki, sevə-sevə ömrünü həsr etdiyi elm sahəsi var. Ona, ölkəsinə, hamımıza uğur və sevinc gətirən elmi nailiyyətləri var. Gözəl övladları, nəvələri. Bir də dəyər verdiyi yaxşı dostları var.

Rafiq müəllim ayrılıqdan da ayrıla bilmir. Ayrılmaq istəmir. Qarabağ itkisindən sonra onun da içində bir həsrət, ayrılıq var. Yurd həsrəti. Yurd ayrılığı. Bu ayrılıqların üstünə bir əbədi ayrılıq da gəldi. Onu xatirələrin qoynuna alıb aparan, hər an yada salan, yadlaşmayan, onu tək buraxmayan həyat yoldaşı Aidə xanımın ayrılığı...

Rafiq müəllim son vaxtlar bağ evinə ancaq dostları ilə gedir. Hər dəfə hamı oranı tərk edəndə bağı bir neçə dəfə təkcə addımlamağa başlayır. Hərdən əlini çənəsinə dayayaraq nələrəsə cavab verirmiş kimi dayanıb gözünü bir nöqtəyə zilləyir. Üzünün ifadəsi dəyişir. Baxışlar dəyişir...

Sanki “Ayrılıq nə yaman çətin, ağır olurmuş”, – söyləyir özü-özünə. Heç kim onu o ovqatdan ayırmaq istəmir. Hamı bilir ki, o, indi tək deyil. (Əslində son vaxtlar həmişə belə olur.) Yanındakı xəyalıyla üstünü qum örtmüş köhnə addım izlərinin üzəri ilə qoşa addımlarla həyəti gəzməyə başlayır. Hərdən budağı yuxarı qaldırır ki, yanındakına toxunmasın. Əlini qolundan keçən əlin üstünə qoyub yanındakına nəsə pıçıldayır, nəyisə xatırladır. Ağacın yarpağını sığallayır, çiçəyini qoxlamaq üçün ona tərəf əyir. Uzaqlardakı, xatirələrdəki sevincli günləri sanki təzədən yaşayır. Həyətin sonundakı hasara çatıb dayanır. Bir vaxtlar yaşıl, güllü-çiçəkli bağın nə tez solduğunu, saraldığını sanki indi görür. İndi hiss edir. Geriyə dönüb ətrafa saralan, quruyan güllərə, çiçəklərə baxır... O, olan hər yerlərdə onu axtarır. Sonda başını qaldırıb yoxluğu evin eyvanında axtarır. Səhərlər, axşamüstü o eyvandan bəslədiyi güllərə, çiçəklərə, ağaclara və ona baxan, ONA...

Üzünə qonmuş müvəqqəti təbəssüm sönür. Gözündəki sevinc yox olur. Dayanıb uzaqlara baxır.

Həyət qapısı bağlanmamış bir də geri dönüb olanları yerinə qoyur. Xatirələri bir həftəlik könülsüz baş-başa buraxıb, artıq o, doğma, sevinci yox olmuş, şənliyi sönmüş bağ evindən çıxır…

Ən çox danışan sükutdur, deyirlər. Rafiq müəllimin sükutu adama hər şeyi deyir. Eşitmək istədiyini də, demək istədiyini də. Onunçün pauza fikirlə qərar arasındakı son aralıqdır. Qərarlaşma zamanıdır.

Söhbət, danışıq əsnasında yaranan pauzadan sonra bilirsən ki, fikrin tam əhatəli yekunu veriləcək.

Rafiq Əliyev dünyanın ən görkəmli alimlərindən biridir. Hər bir ölkə istəyər ki, onun Rafiq Əliyev kimi alimi olsun. Lütfi Zadə.

Rafiq müəllim həqiqətən xalq üçün, millət üçün lazım olan çox əziz bir varlıqdır. Töhfədir. Bu reallıqdır.

Aristotel məntiqini qəbul etməyən, 0-la 1 arasında nə qədər rəqəmlərin, ağla qara arasında çoxlu sayda rənglərin, rəng birləşmələrin, kəskin fərqlər arasındakı keçidlərin olduğunu sübut edən, bunlarla bağlı yeni nəzəriyyələr yaradan adamın niyə daha çox qara geydiyi başa düşülən deyil. (Onun qara rəngi sevdiyini bilirəm). Bəlkə bu onun xarici görünüşünün eyniyyətinə oxşarlığından doğur. Bəlkə də...

Dümağ saçı qarayanız sifətinə, ümumi ortamda bir uyğunluq gətirir. Rafiq müəllimin qarayanız üzündə bir parıltı var.

Özü nefti sevməsə də, nədənsə Rafiq müəllimə kənardan baxanda o, mənə nefti xatırladır. Amma Azərbaycan neftini yox, Norveç neftini. (Onu neft buruqlarına bənzədirəm. Uzaqdan səmanın qoynunda görünən neft buruqlarına). Xalqın, insanların gələcəyinə yönələn, xeyir verən, hamının ola bilən və ondan hamıya pay düşəsi milli sərvətə.

Rafiq müəllim işıqlı adamdı. Nurlu adamdı. Adam onunla söhbətdən doymur. Yeni enerji, güc, yaşamaq həvəsi alır. Hər dəfə ondan ayrılanda mənən doyduğunu hiss edirsən. Çox pozitivdi. Səmimiyyətiylə, qayğısıyla. Doğmalığıyla. Onda xüsusi bir cazibə var. Təmizlikdən, saflıqdan, səmimiyyətdən doğan cazibə. Heç bir umacağı olmayan bu adam insana sevgi, ümid və xoş ovqat bəxş edir.

Rafiq müəllim söhbət əsnasında Əhməd Ağaoğlundan “Qarabağlılar yaman and içən olurlar” iqtibasını gətirir. “Sənin əziz canın üçün”, – deyib, sözünü davam etdirir. Bu, Rafiq müəllimin kimə nəyi isə inandırmaq fikrindən irəli gəlmir. Onsuz da hamı onun səmimiyyətinə, dürüstlüyünə qeyri-şərtsiz inanır. Hamı bilir ki, bu and, and içdiyi adamın ona əziz, doğma olduğunu bildirmək üçündür. Rafiq müəllim bunu o qədər səmimi və gözəl edir ki, hamının içindən Rafiq müəllimin onun canına and içməsi keçir.

Mən bilirəm Rafiq müəllim ingilis dillilər üçün yazdığı kitabları ingiliscə, alman dillilər üçün almanca, rus dillilər üçün yazdığı kitabları rusca yazır. Amma bilmirəm, Rafiq müəllim ingilis, alman, rus dillərində də Qarabağ ləhcəsiylə belə şirin danışırmı? Azərbaycan türkcəsində elə şirin danışır ki, bu adamın sənə nə qədər doğma, əziz olduğunu bir daha hiss edirsən.

Eynəyin arxasından gözlər eyni bir nöqtəyə dikiləndə düşünürsən ki, beyində hansısa bir hesablama, əməliyyat gedir. Çox dəqiq bir analiz aparılır. Bu proses bir müddət davam edir. Hansısa bir qənaətə gələnə kimi.

“Vaxt Rafiq müəllim üçün daha əhəmiyyətlidir, vacibdir”, – deyib, növbəti görüşü, ünsiyyəti gözləməli olursan. Narahat etməkdən çəkinirsən. Hansısa ideyanın gecikməsindən ehtiyatlanırsan.

Onunla keçən zamanın necə keçdiyini duymursan. Çünki yorulmursan. Öyrənirsən. Saflaşırsan... Üzünə xoş təbəssüm qonur. İçinə rahatlıq gəlir. Ovqatın təzələnir. Təmizlənirsən. Durulursan.

Ziyarətə getmiş kimi...

Milli-mənəvi sərvətimiz – Rafiq ƏliyevRəfail Tağızadə

şair-publisist

XƏBƏR LENTİ