İcra başçısı məhkəmə sədrinin toxunulmazlıq hüququna necə “şərik çıxıb”?

156 26-11-2024, 11:10 cemiyyet / gundem

İcra başçısı məhkəmə sədrinin toxunulmazlıq hüququna necə “şərik çıxıb”?Prezidentin Azərbaycan Bayrağı ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı icra olunmur

Şirvan İnzibati Məhkəməsinin sədri Fehruz Abbasov 4 ilə yaxındır qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya göndərmir

Daşqın Abuzərov: “Haqqında iki məhkəmə işi olan icra başçısı çıxılmaz vəziyyətdə qalır və mənə qarşı əks-kampaniyaya keçib...”

Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Sahib Hümbətov küçəsi 11 ünvanında yaşayan, şəhid qardaşı Abuzərov Daşqın Abuzər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Diqqətinizə çatdırım ki, qardaşım Abuzərov Bəhmən Abuzər oğlu ali təhsilli müəllim olsa da, mütəmadi olaraq döyüş bölgələrində olmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin xalqa 3 noyabr tarixli müraciətindən sonra rəsmi olaraq Hərbi Komissarlığa müraciət edərək, könüllü şəkildə cəbhəyə getmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş və bu zaman qəhrəmancasına şəhid olmuşdur.

İmişli rayon İcra Hakimiyyətinin 03.06.1996-cı il tarixli, 83 saylı sərəncamı ilə şəhid-müəllimin adı İmişli Tarix Diyarşünaslıq Muzeyinə verilməklə əbədiləşdirilmiş və 24.01.1997-ci il tarixində muzeyin açılış tədbiri keçirilmişdir.

Həmin dövrdə ümumilkdə 41 sərəncam imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə zidd olaraq, hazırda yeganə Azərbaycan Bayrağı ordenli şəhid-müəllimə aid 83 saylı sərəncam icra edilməmişdir. Bununla bağlı mən Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm və məhkəmə cavabdeh qurum - İmişli rayon İcra Hakimiyyətinin üzərinə müəyyən öhdəliklərin qoyulması ilə bağlı dövlətin adından 27.07.2021-ci il tarixli 2-1 (120)-796/2021 saylı məhkəmə qərarı qəbul etmişdir.

Qardaşım "N" saylı hərbi hissənin təqdimatı əsasında Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Vətən qarşısında xüsusi xidmətlərinə görə Azərbaycan Bayrağı ordeni ilə təltif edilmiş və orden şəhidin müəllim işlədiyi məktəbdə yaxınlarına (oğluma) təqdim edilmişdir. Mən cənab Prezidentə şəhidin ailə üzvləri adından bir daha təşəkkür edirəm.

Onu da qeyd etmək istəyirəm ki, 4 ilə yaxındır şəhidə aid dövlətin adından qəbul edilmiş 2- 1(120)-796/2021 saylı məhkəmə qərarı İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Şirvan İnzibati Məhkəməsinin sədri Fehruz Abbasovun qarşılıqlı razılığı ilə icra edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi mövcuddur və bu səbəbdən də icra başçısının məhkəmə sədri ilə müəyyən qarşılıqlı anlaşması zərurəti yaranır.

Qəra 4 ilə yaxındır qanuni qüvvəyə minib, amma...

İcra başçılarının hakimlərdən fərqli olaraq, toxunulmazlıq hüququnun olmaması səbəbindən, Elçin Rzayevin məhkəmə sədri Fehruz Abbasovla müəyyən danışıqlara getməsi ehtimal olunur. Yəni icra başçısı Elçin Rzayev vəzifəli şəxs olaraq dövlətin adından qəbul edilmiş məhkəmə qərarını icra etməməsinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinə əsasən cinayət məsuliyyəti daşıdığından, çıxış yolunu məhkəmə sədrinin toxunulmazlıq hüququndan şərikli istifadəsində görür. Beləliklə, məhkəmə sədri Fehruz Abbasov bütün məsuliyyətləri öz üzərinə götürərək, icra başçısı Elçin Rzayevin Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə üz-üzə gəlməməsi üçün 4 ilə yaxındır qanuni qüvvəyə minmiş, dövlətin adından qəbul edilmiş məhkəmə qərarını icraya göndərmir. Bununla da Şirvan İnzibati Məhkəməsinin sədri Fehruz Abbasov törətdiyi qanunsuz əməllə, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya göndərməməklə icra başçısının adının Prezident Administrasiyasında, Baş Prokurorluqda, Ədliyyə Nazirliyində və mediada hallanmasının qarşısını alır.

Bəllidir ki, hər bir vəzifəli şəxs öz səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 308.1-ci maddələrinə əsasən, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, məhkəmə sədri Cinayət Məcəlləsinin 308-ci maddəsinin tələblərini pozmaqla, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özünün toxunulmazlıq hüququndan digər bir şəxsin - icra başçısının da istifadə etməsinə şərait yaradır və həmin şəxsin Cinayət Məcəlləsinin 306.2-ci bəndinə əsasən əsaslı şübhələr olan cinayət əməlini 4 ilə yaxın bir müddət ərzində ört-basdır edir.

Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin l və ll hissəsinə görə:

I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmək) və 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) tətbiq olunduqda isə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə (306.2-ci maddə) - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İcra Hakimiyyətinin şöbə müdiri hakimin əvəzindən “qərar verir”

Hazırda Şirvan İnzibati Məhkəməsində İmişli rayon İcra Hakimiyyəti, əslində isə icra başçısı Elçin Rzayevlə bağlı iki məhkəmə işi mövcuddur. Haqqında iki məhkəmə işi olan icra başçısı çıxılmaz vəziyyətdə qalır və mənə qarşı əks-kampaniyaya, hakimə saxta və qanunsuz sənədlər göndərməyə başlayır. Elçin Rzayev qanunsuz şəklidə məhkəmə aktı əldə edir, lakin həmin məhkəmə aktının saxta və ya etibarsız olduğuna əsaslı şübhələr olur. Bunu görən Elçin Rzayev tabeçiliyində olan işçi - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Rüstəmli Tahirə Ağamir qızını qanunsuz əməl törətməyə məcbur edir. İcra başçısı Tahirə Rüstəmlini məcbur edir ki, həmin şübhəli məhkəmə aktına "İmişli rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsi" möhürünü vursun. Məhkəmə aktının "əsli ilə düzdür” möhürünü vurmaqla icra hakimiyyəti qanunsuz əmələ imza atır. Əslində isə, bu, məhkəmə sədrinin səlahiyyəti çərçivəsində təmin edilən bir məsələdir.

Beləliklə, işini itirmək təhlükəsi ilə üz-üzə qalan şöbə müdiri Tahirə Rüstəmli qanunsuz şəkildə məhkəmə sənədinin saxtalığına əsaslı şübhələr olan sənədə "əsli ilə düzdür” möhürünü vurur və həmin sənəd etiraz ərizəsinə qoşma sənəd kimi məhkəməyə göndərilir(həmin sənədi qoşmada sizə təqdim edirəm).

Bu möhürün qanunsuzluğu və saxtalığı barədə mənim Şirvan İnzibati Məhkəməsinin sədri Fehruz Abbasova və işi aparan hakim Pərvanə Qurbanovaya rəsmi müraciətlərim mövcuddur. Bütün müraciətlərim cavabsız və nəticəsizdir. Məlumat üçün bildirirəm ki, həmin şübhəli məhkəmə aktında eyni nömrəli məhkəmə aktında iki fərqli iddiaçı ad-soyadları vardır.

İşi aparan hakim Pərvanə Qurbanova İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 3.4-cü bəndini pozaraq, nəinki öz təşəbbüsü ilə müəyyən yazışmalar aparmış, hətta mənim ona ünvanladığım 20-dən artıq müraciət və vəsatətlərimə münasibət bildirməmiş və qanunsuz olaraq şəhidin əleyhinə qərar qəbul etmişdir. Hansı ki, cavbdeh İmişli rayon İcra Hakimiyyəti hakimin sərəncamına məhəl qoymur, iclasa nümayəndə və hər hansı məktub göndərmir, mən cərimə tələb etsəm də, hakim bunu etmir.

İcra başçısı məhkəmə iclasını necə izləmək istəyib?..

Növbəti, 24.09.2024-ci il tarixli məhkəmə iclasına cavabdeh qurum nümayəndə göndərir və mən iclasın gedişi zamanı həmin şəxsin üzərində mobil telefon aşkar edirəm. Demək, icra başçısı Elçin Rzayev həmin şəxsin telefonu vasitəsilə kabinetində oturub, Şirvanda keçirilən məhkəmə iclasını izləməli imiş. Bu zaman akt yazılmasını tələb edirəm. Məhkəmə sədri və köməkçisi dəfələrlə akt yazılacağına söz versə də, buna əməl etmirlər.

Məhkəmə sədrinin köməkçisi telefon dialoqunda mənə bildirdi ki, həmin şəxsə dəfələrlə zəng edilsə də, məhkəməyə gəlmir. Mən məhkəmə sədrinə rəsmi məktub ünvanlayaraq, həmin şəxsə rəsmi bildiriş göndərməklə məhkəməyə gəlməsini xahiş etdim. Fakt budur ki, məhkəmə sədri açıq-aşkar icra başçısının nümayəndəsini müdafiə edir.

Beləliklə, Şirvan İnzibati Məhkəməsinin sədri Abbasov Fehruz Novruz oğlu Məhkəmələr və hakimlər haqqında qanunun 101-ci maddəsinə əsasən hakimlərə şamil olunan toxunulmazlıq hüququna icra başçısını da "qonaq" etmiş və məhkəmə sədri bu hüquqdan sui-istifadı edərək, şəxsi məqsədləri naminə icra başçısının da bu toxunulmazlıq hüququndan şərikli istifadəsinə şərait yaratmışdır.

Mən sübut üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi ərizə ilə müraciət etdim. Şirvan İnzibati Məhkəməsindən və İmişli rayon İcra Hakimiyyətindən fərqli olaraq, Ədliyyə Nazirliyinin müvafiq şöbəsi müraciətimə qısa zaman ərzində, 22.10.2024-ci il tarixində rəsmi cavab göndərmiş və məlum olmuşdur ki, həqiqətən də (120)-796/2021 saylı qərar şöbənin icraatına daxil edilməmişdir.

28 yaşında ABU-nin diplomunu alan məhkəmə sədri

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetində 28 yaşında ilk dəfə tələbə adı qazanan və həmin universitetinin məzunu Şirvan İnzibati Məhkəməsinin sədri Abbasov Fehruz Novruz oğluna 3 (üç) il ərzində şəhidə aid məhkəmə qərarının icrası ilə bağlı saysız-hesabsız müraciətlərim mövcuddur. Çox təəssüflər olsun ki, məhkəmə qərarının "icrası" Beynəlxalq Universitet səviyyəsindən o tərəfə keçmir.

Görün nə günə qalmışıq ki, Vətən qarşısında xüsusi xidmətləri olan və Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Bayrağı ordeni ilə təltif edilən şəhidə aid məhkəmə qərarı icra olunmur. Bu qərarı icra etməyən və ya etmək istəməyən şəxslər isə - rüşvət, korrupsiya, saxta diplom və sairə görə ləğv edilən, rektoru isə Fransaya qaçan və hal-hazırda İNTERPOLda axtarışda olan Azərbaycan Beynəlxalq Universitetinin 28 yaşında ilk dəfə tələbə adı qazanan məzunu, Şirvan İnzibati Məhkəməsinin sədri Abbasov Fehruz Novruz oğlu və Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən 05 noyabr 2022-ci il tarixində Azərbaycan Bayrağı ordeni ilə təltif edilmiş şəhidin ordenini onun ailəsinə vermək istəməyən, bilərəkdən gecikdirən şəxs - İmişli rayon İcra Hakimiyyətinin başçısı Rzayev Elçin Adil oğludur. Hansı ki, o, 09 iyul 2024-ci il tarixində 7 rayondan 200 şəhid anasının, o cümlədən qəhrəman generalımız Polad Həşimovun anası Səmayə ananın İmişliyə gəlişi zamanı, özü də daxil olmaqla, 35 nəfərlik icra hakimiyyəti strukturundan bir nəfər də olsun belə, hətta icra hakimiyyətinin Vətən Muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi də qarşılamayan, hörmətsizlik edərək şəhid analarının iştirak etdiyi "ŞƏHİDLƏR BULAĞI"nın açılışında iştirak etməyən, həmçinin, tədbirdən sona verilən ehsan süfrəsində 35 nəfərlik icra hakimiyyəti strukturundan bir nəfər belə belə iştirak etməyən, buna baxmayaraq həmin şəhid ailələrinin hesabına milyarder olmaq məqsədilə onların yaşadığı və şəhid adı verilmiş küçələrdə yolların əsaslı təmiri üçün 500.665,74 manat pulu əldə etmək məqsədilə bir ayda bir neçə dəfə bu pula əl atan, lakin əli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 03 oktyabr 2024-cü il tarixində AİBNDX/SQ-9917/2024 nömrəli qərarla boşa çıxan şəxsdir.

XƏBƏR LENTİ