Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...

98 26-11-2024, 11:17 cemiyyet

Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...İnsanlar çox vaxt müxtəlif xidmətlər üçün içində pul olmayan bank kartından istifadə edir. Məsələn, “Booking”, “Expedia” kimi məşhur platformalardan otel rezervasiya edərkən, boş bank kartının məlumatlarını qeyd edirlər. Bunda məqsəd odur ki, son anda hər hansı səbəbdən bronu ləğv edəndə, kartdan pul çıxmasın. Amma bəzi banklar hətta boş kartdan da “pul qazanır”. Bir müddət sonra karta vəsait qoyanda, həmin rezervasiyanın ümumi qiyməti və ya cəriməsi kartdan tutulur.

Şikayətçi: “İstifadə etmədiyim debet kartına borc gəlib”


Bakı sakini Elçin Muradovun şikayəti də bank kartlarındandır. Vətəndaş bildirib ki, bir həftə öncə kreditlə bağlı banklardan birinə müraciət edib. Lakin bankdan cavab gəlib ki, 1 ildən çox gecikməsi olduğundan ona kredit düşmür. Halbuki onun heç bir bankda krediti yoxdur:

“Məsələni araşdırdım. Məlum oldu ki, tamamilə başqa bankın istifadə etmədiyim debet kartında 52 qəpik overdraft borcu yaranıb və məbləğ 5 manat 73 qəpiyə çatıb. Qəribədir ki, bu müddət ərzində borcla bağlı mənə bildiriş də gəlməyib. Belə çıxır ki, mən kredit üçün müraciət etməsəydim, bu borcdan xəbərim olmayacaqdı, məbləğ də artacaqdı. Mənə yalandan borc yazdığı üçün həmin bankı məhkəməyə verəcəyəm”.

Bəs bank kartları ilə bağlı belə xoşagəlməz halların yaranmasına səbəb nədir? Bank müştərisinin içində vəsait olmayan kartından pul çıxa bilərmi? Yaxud da, istifadə edilməyən debet kartında borc necə yaranır?

İnsanları çaşdıran overdraft borcu

Məsələyə aydınlıq gətirən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, banklar bəzi müştərilərilərinə overdraft – yəni, mənfi balans xidməti olan kart təqdim edir. Bu kartın digərlərindən fərqi ondadır ki, balansında pul olmadığı halda da ödəniş etmək mümkündür. Yəni, kartın hesabında olan pul aparılan əməliyyatlar üçün kifayət etmədikdə, tələb olunan vəsaitin çatışmayan hissəsini bank ödəyir. Müştəri karta pul qoyan kimi də bank verdiyi borcu geri alır. Tutaq ki, kartda 50 manat var. Əgər 55 manatlıq əməliyyat edilirsə, 5 manat mənfi balansa gedir. Bank dilində desək, overdraft borcu yaranır. Karta pul qoyan kimi də bank həmin 5 manatı silir.

Xalid Kərimli deyir ki, adətən overdraft xidməti debet kartlarda olur. Amma bu imkan debet kartı olan bütün müştərilərə verilmir:

“Vətəndaş kart müqaviləsi bağlayanda diqqət etməlidir ki, bank ona overdraft limiti açmaq hüququ verir, ya yox. Əslində, bu, bir üstünlükdür. Kartda pul olmadığı halda da, ondan istifadə etmək mümkündür. Amma əgər müştəri düşünür ki, nə qədər limitim varsa, elə onu xərcləyim, artıq pul istəmirəm – bu halda overdraft xidmətindən imtina edə bilər. Yəni, plastik kart alan istənilən şəxsin seçim hüququ var”.

İqtisadçı hesab edir ki, belə problemlərlə üzləşməmək üçün bank kartı alanda müqaviləni diqqətlə oxumaq lazımdır. Bəzən müqavilədə overdraft xidmətinin olduğu yazılsa da, limit haqda məlumat verilmir. Müştəri istifadə etdiyi kartın overdraft olub-olmadığı və ya limiti haqda məlumatı bankın mobil tətbiqindən əldə edə bilər. Mobil tətbiqdə kartın bütün xüsusiyyətləri qeyd olunub. Müştəri banka müraciət etməklə də, bunu çox rahat öyrənə bilər.

İstifadə edilməyən karta görə xidmət haqqı?!

Vətəndaş Elçin Muradovun şikayətinə gəlincə, ekspert ona müqaviləni yenidən oxumağı tövsiyə edir. Ola bilər ki, bank istifadə edilməyən karta görə xidmət haqqı hesablayıb:

“Elə kart var ki, pulsuzdur, xidmət haqqı 0-dır. Elə kart da var ki, birinci il pulsuz verilir, sonrakı illərdə xidmət haqqı tutulur. Ona görə də bankdan kart alanda şərtlərlə yaxından tanış olmaq lazımdır. Müştərinin kənara atdığı karta xidmət haqqı gəlibsə, bu, qanunsuz ola bilməz. Demək ki, o, bankla bağladığı müqavilənin şərtlərində özü buna razılıq verib”.

İqtisadçının fikrincə, əgər müqavilədə bu haqda bənd varsa, şikayətçinin bankı məhkəməyə verməsinin bir faydası olmayacaq.

“Bazar iqtisadiyyatında şəxslər arasındakı münasibətlər müqavilələrlə tənzimlənir. Əgər müştəri ilə bağlanan müqavilədə nəzərdə tutulan qaydada ödənilməyən xidmət haqqı, faizlər, cərimə və s. hesablanırsa, burada hüquq pozuntusu yoxdur. Düzdür, vətəndaş bununla bağlı Mərkəzi Banka şikayət edə, bankı məhkəməyə də verə bilər. Amma nəticə etibarilə istər Mərkəzi Bank, istərsə də məhkəmə ilk olaraq bankla müştəri arasındakı müqaviləyə baxacaq. Müqavilədə vətəndaş o öhdəliklərə boyun olubsa, son nəticədə haqsız durumda qalacaq”, – X. Kərimli bildirib.

Bankların “qəpik-quruş” hiyləsi

O ki qaldı bankın yığılan borc haqda müştəriyə bildiriş göndərməməsinə, bəzi bankların bunu qəsdən etdiyi bildirilir. Banklardan birində kredit şöbəsinin mütəxəssisi işləyən, bu səbəbdən adının açıqlanmasını istəməyən şəxsin sözlərinə görə, kreditin son ödənişi zamanı bank bilərəkdən bir neçə qəpik borc saxlayır:

“Banklar xüsusi hiylə işlədərək, borcu tam bağlamırlar. Sonradan da qəpik borcun üstünə faizlər, cərimələr əlavə edirlər. Nəhayət, xeyli miqdarda borc yığılandan sonra keçmiş müştəriyə zəng edərək, banka borcu olduğunu deyirlər. Təbii ki, qəpik-quruşla olan borc faiz və cərimələrlə biryerdə bir neçə dəfə artır. Kredit götürən şəxs bütün ödənişləri etdiyini desə də, bunu sübut edə bilmir. Çünki borcu bağladığı müddətdən 2-3 il keçib və ödəniş qəbzlərini çoxdan atıb”.

Müsahib deyir ki, vətəndaşların əsas şikayəti texniki overdraft halları ilə bağlı olur. Banklar debet kartı olan müştərilərə qarşı hiylə işlədərək, hesablarından pul çıxırlar. Çünki overdraft xidməti olan kartlarda həm faizlər çox yüksək olur, həm də adi kreditdən fərqli olaraq, pulu hissə-hissə deyil, dərhal ödəmək lazımdır. Həmçinin kartda vəsait olmadığından müştəri balansını tam hesablaya da bilmir:

“Məsələn, bir müştəri overdraft xidməti olan kartdan 530 manat çıxarmalı imiş. Bankın bankomatlarında xırda əskinaslar olmadığı üçün 600 manat çıxarıb. Amma kartında mənfi balans xidmətinin aktiv olduğunu bilmirmiş. Bir müddət sonra 70 manat borcu artıb, 700 manat oldu. Amma banka heç nə sübut edə bilmədi, məcbur olub borcu ödədi”.

“Kreditin son ödənişini edəndə arayış tələb edin”

Mütəxəssis deyir ki, bankların müştərilərinə “yüklədiyi” kiçik məbləğdə borclar onların kredit tarixçəsini də korlayır. O, vətəndaşlara tövsiyə edir ki, bankların hiyləsindən qorunmaq üçün kreditin son ödənişini edəndə, yəni krediti bağlayanda bankdan bu barədə arayış alsınlar:

“Əgər əlinizdə kreditinizi bağladığınız haqda möhürlü arayış varsa, bank heç bir halda sizə yalandan borc yaza bilməz. Həmçinin çalışın ödəniş qəbzlərini 3 il saxlayın. Bundan başqa, banklarda köhnə hesablarınız varsa, açıq saxlamayın, onları mütləq bağlayın. Hesabın bağlanmasına dair də arayış tələb edin”.

Boş kart məlumatlarını ələ keçirib, “qara bazar”da satırlar

Bank mütəxəssisinin sözlərinə görə, bəzi hallarda isə boş kart məlumatları dələduzların əlinə keçir və onlar bunu “qara bazar”da satırlar.

“Tutaq ki, hansısa xidmətin bronu üçün kart tələb olunduqda, içində vəsait olmayan kartınızın məlumatlarını yazırsınız. Düşünürsünüz ki, boş olan kartın göndərilməsi sizə heç bir problem yaratmaz. Amma bu gün məlumatlarını bölüşdüyünüz kartla 1-2 il sonra əməliyyatlar həyata keçirilə bilər. Yəni, bu gün kartda pul olmasa belə, hətta bir neçə il sonra balansda vəsait olanda, fırıldaqçılar pulu çox rahat oğurlaya bilirlər”.

Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, öz kart məlumatlarını heç bir halda tanımadıqları şəxsə verməsinlər. Çünki dələduzlar hiylə yolu ilə, müştərinin digər şəxsi məlumatlarını da əldə edərək, onun mobil, internet bankçılıq hesablarına daxil olaraq, başqa kartlarındakı pullarını da mənimsəyə bilərlər.

XƏBƏR LENTİ