Suriyada rejimin devrilməsindən sonra Rusiyaya sığınan Bəşər Əsədin taleyi Haaqada mühakimə olunan “Bosniya qəssabı” ləqəbəli Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloseviçlə eyni ola bilər.
“AzPolitika” xəbər verir ki, bunu beynəlxalq hüquq eksperti Hakan Erkiner deyib.
O, Əsədin gələcək taleyi ilə bağlı 3 varianta diqqət çəkib: “BMT Təhlükəsizlik Şurası Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) icazə verərsə, Əsədin mühakimə olunması mümkündür. Əlbəttə, BMT-nin istənilən daimi üzvü belə bir qərara veto qoymamalıdır. Əsədin BCM-də məhkəmə qarşısına çıxarılmasının ikinci yolu Suriyada qurulacaq yeni hökumətin Roma statusunu qəbul etməsidir”.
Fransa və İngiltərənin müstəmləkəçiliyindən sonra ilk dəfə Suriyada milli dövlət qurulduğuna diqqət çəkən Erkiner sözlərinə bu cür davam edib:“Suriyada qurulacaq yeni hökumət BCM-nin Roma nizamnaməsinə tərəf ola bilər. Tərəf olarsa, 2002-ci il iyulun 1-dən Suriya ərazisində törədilmiş insanlığa qarşı cinayətlərə görə məhkəməyə müraciət edə bilər. Suriyada həbsxana adlanan ərazilər əslində konsentrasiya və işgəncə düşərgələri idi. Onun orada törətdiyi cinayətlərə görə mühakimə olunmasını istəyə bilərlər. Bu, çox güclü bir ehtimaldır”.
Erkiner deyib ki, Əsədi mühakimə etməyin üçüncü yolu universal yurisdiksiyanı tanıyan dövlətlərin milli məhkəmələridir. Türkiyə, Almaniya, Belçika və Fransa kimi ölkələrin universal yurisdiksiyanı tanıyan ölkələr olduğunu bildirən Erkiner Əsədin Türkiyə Cəza Məcəlləsinin “Soyqırım və İnsanlığa Qarşı Cinayətlər” başlıqlı 77-ci maddəsinə əsasən hakim qarşısına çıxarıla biləcəyini qeyd edib.
Hakan Erkiner, “Əsəd Türkiyədə tutularsa, Ədliyyə Nazirinin tələbi ilə insanlığa qarşı cinayətlər və işgəncələr çərçivəsində mühakimə oluna bilər”,-deyə bildirib.
Türkiyənin BMT Təhlükəsizlik Şurasına məktub yazaraq Əsədin mühakimə olunmasını tələb edə biləcəyinə diqqət çəkən Erkiner deyib: “Əsəd bundan sonra yaşadığı evdən burnunun ucunu belə çıxara bilməyəcək. Hətta Rusiya vaxtı gələndə onu İrana göndərə bilər. Deyə bilər ki, “mən istəmirəm, sən saxlaya bilərsən”. Putin hər an ondan imtina edə bilər. Əsəd qırğınların əvəzini ödəməkdən qaça bilməyəcək”.