
XXI əsrin beynəlxalq münasibətlər sistemi artıq təkqütblü nizamdan çoxqütblü güc balansına keçid mərhələsindədir. Bu şəraitdə regional əməkdaşlıq formatları və yeni ittifaqlar qlobal siyasətin konturlarını müəyyən edən əsas amillərə çevrilir. Belə bir geosiyasi reallıq fonunda Türk Dövlətləri Təşkilatı (TDT) Avrasiya məkanında sabitlik, təhlükəsizlik və inkişafın mühüm dayağı kimi formalaşır. Bu təşkilat yalnız ortaq etnik və mədəni dəyərlərin birləşdirdiyi platforma deyil, həm də müstəqil siyasi iradəyə malik dövlətlərin suverenliklərini qoruyaraq ortaq maraqlar ətrafında birləşdiyi strateji ittifaq modelidir. Qlobal güc mərkəzlərinin yenidən formalaşdığı dövrdə Avrasiya regionu dünya siyasətinin ən həssas və eyni zamanda perspektivli məkanına çevrilib. Şərq-Qərb, həmçinin Şimal-Cənub istiqamətində uzanan strateji enerji, ticarət və kommunikasiya marşrutları bu coğrafiyada yerləşən dövlətlərə yeni imkanlar qazandırır. Türk Dövlətləri Təşkilatı da məhz bu strateji məkanın mərkəzində dayanır. 2009-cu ildə Naxçıvanda imzalanmış Naxçıvan Müqaviləsi ilə təsis olunan TDT-nin əsas məqsədi türkdilli ölkələr arasında əməkdaşlığı siyasi, iqtisadi, hərbi və mədəni müstəvidə dərinləşdirməkdir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən qurulan təşkilata sonradan Özbəkistanın üzv olması, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müşahidəçi statusu alması onun beynəlxalq çəkisini artırdı. Son illərdə TDT-nin fəallığı regional sabitliyə və təhlükəsizlik arxitekturasına real təsir göstərir. Qlobal miqyasda artan qeyri-sabitlik, münaqişələr və enerji böhranları fonunda Türk dünyasının siyasi həmrəyliyi artıq alternativ sabitlik mərkəzi kimi dəyərləndirilir. Azərbaycan Respublikası TDT-nin həm qurucu, həm də ən fəal üzvlərindən biridir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətt sayəsində ölkəmiz Türk dünyasının geosiyasi mərkəzlərindən birinə çevrilib. Azərbaycan regional diplomatiyada balanslaşdırılmış və praqmatik siyasət yürüdərək həm Şərqlə Qərb, həm də Şimal ilə Cənub arasında etibarlı körpü rolunu oynayır. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” ifadəsi Azərbaycanın TDT-yə münasibətinin ideoloji əsasını müəyyən edir. Bu yanaşma, sadəcə etnik və tarixi yaxınlıq deyil, həm də gələcək təhlükəsizlik sisteminin ortaq vizionu üzərində qurulmuş strateji tərəfdaşlıq konsepsiyasıdır. Azərbaycanın təşəbbüsü ilə TDT-nin gündəliyinə yeni təhlükəsizlik formatları, müdafiə sənayesi əməkdaşlığı, sərhəd təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri daxil edilib. Bu, təşkilatın klassik mədəni platformadan çıxaraq real siyasi-hərbi koordinasiya strukturuna çevrilməsinin göstəricisidir. TDT-nin son illərdə keçirilən Zirvə görüşləri təşkilatın geosiyasi çəkisinin artmasının bariz nümunəsidir. Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilən Qarabağ Bəyannaməsi Türk dövlətlərinin ortaq təhlükəsizlik və müdafiə siyasətinə doğru atdığı strateji addım oldu. Prezident İlham Əliyevin həmin toplantıda səsləndirdiyi “XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır” fikri bu birliyin qlobal ambisiyalarını ifadə edir. Eyni zamanda 2025-ci ilin oktyabrında Qəbələdə keçiriləcək XII Zirvə Görüşü də “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması ilə diqqət çəkir. Bu, Türk dünyasının artıq yalnız iqtisadi və mədəni məsələlər deyil, həm də təhlükəsizlik və müdafiə sahəsində vahid mövqedən çıxış etmək niyyətində olduğunu göstərir. Zirvə çərçivəsində qəbul ediləcək sənədlər, xüsusən də Qəbələ Bəyannaməsi, TDT-nin institusional və siyasi strukturunda yeni mərhələnin əsasını qoyacaq. Təşkilata sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi isə ölkəmizin bu prosesdə aparıcı rolunun rəsmi təsdiqidir. Türk dünyasının coğrafi mövqeyi onu Avrasiyanın enerji, kommunikasiya və nəqliyyat sistemlərinin kəsişməsində yerləşdirir. Bu, TDT-yə həm strateji üstünlük, həm də məsuliyyət qazandırır. Enerji marşrutlarının təhlükəsizliyi, sərhəd sabitliyi, terrorizmə və separatizmə qarşı mübarizə kimi məsələlər təşkilatın əsas prioritetləri sırasındadır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsi təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından region üçün mühüm əhəmiyyət daşıyır. Bu dəhliz Türk dünyasını birləşdirən fiziki və siyasi bağlantı kimi çıxış edəcək. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu kimi layihələr Türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirir, Avrasiyanın sabitliyinə töhfə verir. Türk dövlətləri eyni zamanda müdafiə sənayesi və hərbi əməkdaşlıq sahəsində də yaxınlaşma prosesini sürətləndirir. Gələcəkdə birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesində ortaq istehsal mərkəzlərinin yaradılması, kiber və informasiya təhlükəsizliyi üzrə koordinasiyanın gücləndirilməsi istiqamətində mühüm addımlar gözlənilir. TDT-nin fəaliyyəti təkcə regional miqyasla məhdudlaşmır. Artıq təşkilat qlobal diplomatiya sistemində də öz yerini möhkəmləndirir. 2023-cü ildə TDT-yə İqtisadi Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunun verilməsi onun beynəlxalq arenadakı tanınmasının göstəricisidir. Türk dövlətləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda da qarşılıqlı dəstək prinsipinə əsaslanaraq fəaliyyət göstərir. Bu, qlobal səviyyədə türk dövlətlərinin koordinasiyasını gücləndirir və təşkilatın beynəlxalq siyasətdə təsir gücünü artırır. Azərbaycanın vasitəçiliyi ilə TDT-nin sivilizasiyalararası dialoqda, enerji təhlükəsizliyi müzakirələrində və humanitar məsələlərdə fəallığı artıb. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər – xüsusilə Bakı Enerji Həftəsi, COP29 TDT-nin ideyalarının qlobal səviyyədə tanıdılmasına şərait yaradır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə, Qarabağın azad olunması Türk dünyasında həmrəyliyin və qardaşlığın real nəticələr doğura biləcəyini göstərdi. Qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi, digər türk dövlətlərinin həmrəylik mesajları bu birliyin dərin tarixi köklərə söykəndiyini bir daha sübut etdi. Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən postmünaqişə bərpa və sülh siyasəti Türk dövlətlərinin regionda sabitlik proseslərinə inteqrasiyasına şərait yaradıb. Bu da TDT-nin sülh və təhlükəsizlik missiyasının konkret fəaliyyət planına çevrilməsi baxımından mühüm addımdır. Bu gün TDT-nin qarşısında duran əsas vəzifə yalnız iqtisadi və mədəni inteqrasiyanı deyil, həm də ortaq təhlükəsizlik arxitekturasını formalaşdırmaqdır. Gələcək illərdə təşkilat çərçivəsində müdafiə nazirlərinin toplantıları, birgə sülhməramlı missiyalar, fövqəladə hallar və kibertəhlükəsizlik üzrə operativ qərargahların yaradılması mümkündür. Bu istiqamətdə Azərbaycanın təcrübəsi, Türkiyənin hərbi potensialı, Qazaxıstan və Özbəkistanın strateji resursları bir-birini tamamlayaraq, TDT-nin real təhlükəsizlik alyansına çevrilməsi üçün zəmin yaradır. Türk Dövlətləri Təşkilatı artıq mədəni və tarixi bağlılıqdan ibarət bir format deyil – o, müstəqil geosiyasi güc mərkəzi kimi formalaşır. Qlobal qeyri-sabitlik dövründə TDT regionda sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı platformadır. Azərbaycanın liderliyi, Prezident İlham Əliyevin strateji baxışı və təşkilata sədrliyin ölkəmizə keçməsi bu prosesin yeni mərhələsini açır. “Regional sülh və təhlükəsizlik” mövzulu Qəbələ Zirvəsi isə Türk dünyasının qlobal təhlükəsizlik sistemində daha fəal və müstəqil oyunçuya çevriləcəyini təsdiq edəcək. Beləliklə, XXI əsr yalnız qlobal rəqabət və yeni güc balanslarının formalaşdığı dövr deyil — eyni zamanda Türk dünyasının yüksəlişi və TDT-nin beynəlxalq təhlükəsizlik sistemində mühüm aktora çevrildiyi əsr olacaq.
Şahin Seyidzadə
Milli Məclisin Deputatı
Xəbərin müəllifi: Mirzə Mirzəli