Aparılan tikinti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi yoxdur.
Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində qanunsuz tikinti ilə bağlı növbəti qalmaqallı məlumat daxil olub.
Məlumata görə, 20 yanvar küçəsində yerləşən ərazidə heç bir rəsmi icazə olmadan tikinti işləri aparılır.
Hazırda ərazidə tikinti prosesinin davam etdiyi,və heç bir icazəverici sənəd olmadığı iddia olunur.
Məsələ ilə bağlı apardığımız ilkin araşdırmalar zamanı məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma məlumat bazasında sözügedən tikinti ilə bağlı hər hansı icazə sənədi və ya rəsmi qeyd mövcud deyil.
Bu isə tikinti işlərinin qanunsuz aparılması ehtimalını daha da gücləndirir. Sual doğuran əsas məqam isə budur ki, paytaxt ərazisində açıq-aşkar aparılan bu tikinti işlərini görəsən aidiyyəti qurumlar necə görmür?
Axı tikinti fəaliyyətinə nəzarət bir neçə dövlət qurumunun səlahiyyətinə daxildir.
XALQ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu cür halların qarşısını almağa borcludur.
Əgər rəsmi icazə yoxdursa, o halda sual yaranır, bu tikinti hansı məmurun icazəsi aparılır?
Niyə aidiyyəti qurumlar qanunsuz tikinti faktına operativ reaksiya vermir? Yoxsa paytaxtın bəzi ərazilərində qanunlar formal tətbiq olunur?
Qeyd edək ki, qanunvericiliyə əsasən icazəsiz tikinti işlərinin aparılması qanun pozuntusu hesab olunur və belə hallarda tikinti dərhal dayandırılmalı, qanunsuz tikili sökülməli və məsul şəxslər barəsində tədbir görülməlidir.
Lakin görünən odur ki, Balaxanı qəsəbəsində bu tikintiyə icazə verən məmur qanunları heçə sayır.
Məsələ ilə bağlı Sabunçu rayon icra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik: