Şahin Seyidzadə: "Azərbaycan qadını həm zəriflik, həm də güc simvolu kimi müasir dövlətimizin inkişaf yolunda etibarlı dayağa çevrilmişdir."

181 5-03-2026, 12:30 siyaset

Şahin Seyidzadə: "Azərbaycan qadını həm zəriflik, həm də güc simvolu kimi müasir dövlətimizin inkişaf yolunda etibarlı dayağa çevrilmişdir."
Azərbaycan qadınının tarixi qüdrəti və müasir inkişaf mərhələsi 8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə təqvimdə əlamətdar bir tarix deyil, həm də qadının cəmiyyətdəki rolunun, hüquq və azadlıqlarının, ictimai-siyasi fəallığının və mənəvi gücünün təntənəsidir. Azərbaycan qadını tarix boyu milli kimliyimizin, dövlətçilik ənənələrimizin, mədəni və mənəvi dəyərlərimizin qoruyucusu və daşıyıcısı olmuşdur. Azərbaycan tarixində
qadınların rolu son dərəcə əhəmiyyətlidir. Qədim dövrlərdən başlayaraq qadınlarımız həm ailə institutunun dayağı, həm də ictimai-siyasi həyatın fəal iştirakçısı kimi çıxış etmişlər. Xalqımızın ən qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında qadın obrazları cəsarət, sədaqət və vətənpərvərlik rəmzi kimi təqdim olunur. Tarixin müxtəlif mərhələlərində yaşamış Tomris, Möminə Xatun, Sara Xatun kimi lider qadınlarımız dövlət idarəçiliyində, diplomatiyada və hərb tarixində mühüm rol oynamışlar. XX əsrin
əvvəllərində Azərbaycan qadını yeni bir mərhələyə qədəm qoydu. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olmaqla yanaşı, qadınlara seçib-seçilmək hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdü. Bu addım
Azərbaycan qadınının ictimai-siyasi həyata fəal inteqrasiyasına geniş yol açdı və onu dünyanın bir çox ölkələrinin qadınlarından daha öncə siyasi hüquqlarla təmin etdi. Maariflənmə prosesində qadınlarımız ana dilimizin, milli mədəniyyətimizin və mənəviyyatımızın qorunmasında əvəzsiz xidmətlər göstərmişlər. Onların yüksək intellektual potensialı, milli dəyərlərə sədaqəti və müasir düşüncə tərzi Azərbaycan cəmiyyətinin tərəqqisində mühüm rol oynamışdır. Müstəqillik dövründə qadın siyasətinin
formalaşdırılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayı keçirilmiş, qadın problemləri üzrə dövlət strukturları yaradılmışdır. 6 mart 2000-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman gender siyasətinin institusional əsaslarını möhkəmləndirmişdir. Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların hüquq bərabərliyini təmin edir. 2006-cı ildə qəbul edilmiş “Gender(kişi və qadınların)bərabərliyinin təminatları haqqında” və 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar hüquqi bazanı daha da gücləndirmişdir. Azərbaycan 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Pekin Bəyannaməsini qəbul etməklə beynəlxalq öhdəliklərini təsdiqləmişdir. Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların rəhbər vəzifələrdə irəli çəkilməsi, sahibkarlıq imkanlarının genişləndirilməsi, məşğulluq səviyyəsinin artırılması
istiqamətində mühüm addımlar atılmışdır. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevain fəaliyyəti Azərbaycan qadınının beynəlxalq nüfuzunu daha da yüksəldir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar və mədəni diplomatiya sahəsində genişmiqyaslı layihələr həyata keçirir, ölkəmizin “yumşaq güc” siyasətinə mühüm töhfələr verir. Statistik göstəricilər də qadınların fəallığını əks etdirir. Əhalinin 50,2 faizini qadınlar təşkil edir.
Qadınların məşğulluq səviyyəsi və sahibkarlıq fəaliyyəti
artmaqdadır. Yerli özünüidarəetmə orqanlarında qadınların
təmsilçiliyi 4 faizdən 39 faizdən çox səviyyəyə yüksəlmişdir. Milli Məclisdə qadın deputatların sayı artaraq VII çağırışda 26 nəfərə çatmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Regional İnkişaf İctimai Birliyinin həyata keçirdiyi “Güclü Cəmiyyətin Zərif Simaları” layihəsi qadın və qızların liderlik və rəqəmsal bacarıqlarının inkişafına xidmət edir. 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan qadınının tarixi şücaətini, müasir uğurlarını və gələcəyə inamını simvolizə edir. Bu gün qadınlarımız
dövlət quruculuğunda, elm və təhsildə, səhiyyədə, mədəniyyətdə, ordu quruculuğunda və digər sahələrdə ölkənin tərəqqisinə layiqli töhfələr verməkdə davam edirlər. Azərbaycan qadını həm zəriflik, həm də güc simvolu kimi müasir dövlətimizin inkişaf yolunda etibarlı dayağa çevrilmişdir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı

XƏBƏR LENTİ