
25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycanın dövlətçilik tarixində strateji, siyasi, hərbi və mədəni əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Azərbaycanın ən iri dağ rayonlarından olan Kəlbəcərin taleyində dönüş nöqtəsini ifadə etməklə yanaşı, həm də ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizənin parlaq nəticələrindən biridir. Kəlbəcər rayonunun tarixi dərin köklərə söykənir, arxeoloji faktları və toponim mənası ilə qədim türk sivilizasiyasının izlərini özündə əks etdirir. “Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” mənasını ifadə edir. Bu, həm rayonun yerləşmə xüsusiyyətlərini, həm də tarixi inkişaf xəttini müəyyənləşdirən faktor kimi xüsusi dəyərə malikdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar bu ərazidə ibtidai insan məskənlərinin olduğunu təsdiq edən mühüm arxeoloji faktorlardır. Kəlbəcər ərazisində aparılmış tədqiqatlar burada 30 min ildən artıq tarixi olan yaşayış məskənlərinin mövcudluğunu göstərir. Rayon ərazisindəki 6 min illik qaya təsvirləri, qədim türk əlifbasının nümunələri, erkən dövr türklüyün izləri, atəşpərəstlik, xristianlıq və VII əsrdən başlayaraq İslam mədəniyyətinin nümunələri bu bölgənin Şimali Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olduğunu göstərir. Kəlbəcər həm də ölkənin ən yüksək dağ rayonudur. Buradakı Camışdağ (3724 m) və Dəlidağ (3616 m) Azərbaycanın ən yüksək zirvələri sırasındadır. Rayonun böyük hissəsi sıx meşəliklərdən ibarət olmaqla həm ekologiyası, həm də biomüxtəlifliyi baxımından əvəzolunmazdır. 1923-cü ildən inzibati rayon statusu alan Kəlbəcərin işğala qədər əhalisi 53 478 nəfər, ərazisi isə 3054 kv.km idi. 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati dairədən ibarət olan rayon Azərbaycanın ən iri və strateji bölgələrindən biri kimi tanınırdı. 1993-cü il 2 apreldə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Kəlbəcərin işğalı Azərbaycanın müasir siyasi tarixində ən faciəli hadisələrdən biridir. İşğal zamanı 511 dinc sakin qətlə yetirilib, 321 nəfər əsir götürülüb və ya itkin düşüb. Rayonun bütün infrastrukturu, sosial obyektləri, tarixi-mədəni irs abidələri talan edilib. İşğal nəticəsində on minlərlə kəlbəcərli öz doğma torpağından didərgin düşmüş, Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur edilmişdir. Kəlbəcərin talan edilməsi təkcə fiziki dağıntılarla yox, həm də mədəni soyqırımla müşayiət olunmuşdur. 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə və yüzlərlə inzibati bina tamamilə məhv edilmişdir. 30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamə Kəlbəcərin və digər işğal olunmuş bölgələrin dərhal azad edilməsini tələb edirdi. Lakin rəsmi İrəvan bu qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun yerinə yetirilməsi üçün mexanizmlər tətbiq etmədilər. Ermənistan 1999-cu ildən başlayaraq BMT və ATƏT prinsiplərinə zidd olaraq Kəlbəcərdə qanunsuz məskunlaşdırma aparmış, demoqrafik mənzərəni dəyişməyə cəhd etmişdir. 2020-ci il Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində mühüm yüksəklikləri ələ keçirərək Ermənistan ordusunun hərəkət imkanlarını məhdudlaşdırmış, Basarkeçər–Kəlbəcər yolundan istifadənin qarşısı alınmışdır. Prezident İlham Əliyevin sözləri ilə: “Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətinə saldıq.” Bu hərbi uğurlar 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatında Kəlbəcərin Azərbaycana döyüşsüz qaytarılmasında həlledici rol oynadı. 25 noyabr 2020-ci ildə rayon tam şəkildə Azərbaycana təhvil verildi. İşğalçılar rayonu tərk edərkən evlərə od vuraraq, meşələri yandıraraq növbəti dəfə öz barbar mahiyyətlərini nümayiş etdirdilər. Bu faktlar beynəlxalq konvensiyalara əsasən hərbi cinayət hesab olunur. Kəlbəcərin azad olunması uğrunda döyüşən 9455 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin sərəncamları ilə işğaldan azad olunmuş rayonların inkişafı üzrə yeni idarəetmə modeli və şəhər günləri təsis edilmiş, 25 noyabr Kəlbəcər şəhəri günü elan olunmuşdur. Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən Kəlbəcərin 2040-cı ilədək Baş Planı rayonu müasir şəhər standartlarına uyğun, yaşıl, ekoloji, dayanıqlı və yüksək yaşayış səviyyəli mərkəzə çevirməyi nəzərdə tutur. Şəhərin əhalisi 17000 nəfərə çatdırılacaq, 4250 mənzillik yaşayış fondu, 4 məktəb, 4 bağça, 2 xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və böyük park zonaları yaradılacaq. Adambaşına düşən yaşıllıq norması 33 m² olacaq ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. Kəlbəcərin müasir inkişafında əsas layihələrdən biri Toğanalı–Kəlbəcər–İstisu avtomobil yoludur. 82 km uzunluğa malik yol üzərində 25,9 km uzunluğunda 5 tunel inşa edilir. Bunların ən böyüyü – 11,7 km-lik Murovdağ tuneli Avrasiya məkanında ən uzun tunellərdən biridir. Rayonda elektrik infrastrukturu da tam yenilənmiş, Meydançay və Tərtər çayı üzərində yeni su elektrik stansiyaları fəaliyyətə başlamışdır. İstisu mineral su yataqları əsasında 80 min m²-lik müalicə-istirahət kompleksi və illik 100 milyon şüşə istehsal gücünə malik mineral su zavodu tikilib. Zavodda 100 nəfər işlə təmin olunub. Kəlbəcərə artıq onlarla ailə köçürülüb, yaşayış kompleksləri, fərdi evlər, məktəblər, bağçalar tikilir. Yanşaq, Zallar və Zar kəndləri üzrə minlərlə ailənin məskunlaşması planlaşdırılır. Nəticədə 25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycan xalqının əzmini, iradəsini, dövlətçilik gücünü və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbəni təcəssüm etdirir. Kəlbəcər bu gün dağıntılardan dirçəlişə doğru böyük və əzəmətli yol keçməkdədir.
Şahin Seyidzadə
Milli Məclisin Deputatı