Rusiya mediası Vladimir Putinin Çin dövlət başçısı Si Szinpinlə videokonfrans formatında danışığından görüntü paylaşıb. Bu görüntü iki bərabərhüquqlu dövlətin liderlərinin deyil, hökmdarla vassal arasında görüşün mənzərəsidir. Rusiya mediası özünəməxsus şəkildə videokonfrans formatında danışığın statusunu yüksəltmək üçün onu “məxfi danışıqlar” kimi təqdim edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqlarda “beynəlxalq məsələlərin bütün spektri üzrə məxfi müzakirə” üçün nəzərdə tutulmuş həm açıq, həm də qapalı bölmələr olub.
Bu sözləri politoloq Xaqani Cəfərli Putinlə Szinpin arasında ötən gün baş tutan tele-konfrans haqda qeyd edib.
“Si Szinpinə sədaqətini hər imkanda nümayiş etdirməyə çalışan Putin danışıqlar zamanı belə ifadələr səsləndirib: “Rusiya-Çin münasibətləri üçün ilin istənilən vaxtı yazdır. Rusiya və Çin arasındakı əlaqələr beynəlxalq vəziyyətdən asılı olmayaraq inkişaf edəcək. Rusiya və Çin əlaqələri artan qlobal gərginlik fonunda, mühüm sabitləşdirici amil olaraq qalır”.
Putinin “Rusiya və Çin əlaqələr artan qlobal gərginlik fonunda, mühüm sabitləşdirici amil olaraq qalır” bəyanatı gəlişigözəl sözdən başqa bir şey deyil və Pekində bunu çox yaxşı başa düşürlər. Pekində anlayırlar ki, vəziyyət Putinin ifadə etdiyi kimi olsaydı, Amerika xüsusi təyinatlıları Nikolas Maduronu Venesuelanın paytaxtında ələ keçirib, mühakimə etmək üçün ABŞ-a apara bilməzdilər. Bu hadisədən sonra Çinin Venesuela iqtisadiyyatına yatırdığı 100 milyard dollarlıq sərmayənin, Karakasın Pekinə 20 milyard dollar borcunun taleyi təhlükəyə düşüb. Venesuela Çinə olan 50 milayrd dollarlıq borcunu xam neftlə ödəyirdi. Məlumatlara görə, uzun illər ödəmələrdən sonra bu borc 20 milyard dollara qədər azalıb. Çin 100 milyard dollarlıq sərmayəsini və 20 milyard dollarlıq kreditini itirmək təhlükəsi ilə yanaşı, sabit neft mənbəyindən də məhrum olmaq təhlükəsi ilə üzləşib. Pekin bütün bunlara görə Trampla yanaşı Putini də günahkar hesab edir. Ona görə də videokonfrans formatında “məxfi danışıqlar”dan fərqli olaraq, başqa bir məlumat da yayılır.
Çin rəhbərliyinə yaxın olan ekspetlərin iddiasına görə, Pekin Putini “Maduronun qaçırılma hadisəsi”nə görə cəzalandırmaq qərarına gəlib. Çinin Rusiyadan neft və qazı daha ucuz almasına baxmayaraq, Rusiyaya satdığı malların qiymətini 100 faiz bahalaşdırması, Moskvanın sərmayə və kreditlə bağlı xahişlərini qulaqardına vurması Pekinin Rusiyanı cəzalandırmağa başladığının göstəricisi hesab edilir.
Ekspertin məlumatına görə, Pekinin siyasi dairələrində Putinin “Trampla oyun oynadığını”, bu oyun nəticəsində Çinin maraqlarının təhlükəyə düşdüyü qənaəti aparıcı fikrə çevrilib. Pekinin siyasi dairələri ABŞ-ın dünya düzənini təkbaşına dəyişəcək mövqeyə gəlməsinə, Rusiyanın müttəfqilərini ard-arda iqtidardan devirməsinə və Çinin iqtisadi maraqlarını təhdid etməyə başlamasına Putinin Ukraynaya qarşı avantürist müharibəsinin səbəb olduğunu düşünürlər. ABŞ Putinin Trampla oyunundan faydalanıb İranda rejim dəyişikliyinə nail olsa, bu, Çin üçün çox ağır zərbə olacaq. Buraya Si Szinpinin ifrat paroniyasının olduğu haqqında ABŞ kəşfiyyatının qənaətini əlavə edəndə, Pekinin Moskva ilə bağlı şübhələrinin fəlakətli nöqtəyə yaxınlaşdığını söyləməyə imkan verir.
Pekinin siyasi dairələrində belə qənaət var ki, bütün bu məğlubiyyətlərin əvəzini yalnız Rusiyanın şərqindəki 7 milyon kvadrat kilometrlik Uzaq Şərq Federal Dairəsinin ərazisini ilhaq etməklə kompensasiya etmək olar. Rusiyanın şərqindəki 7 milyon kvadrat kilometrlik Uzaq Şərq Federal Dairəsinin cəmi 8 milyon əhalisi var. Həmin çoğrafiyada yaşları 20 ilə 50 arasında olan 2 milyona qədər çinli də məskunlaşıb. Ötən əsrin 80-ci illərinin ortalarında sərhədi gizlin keçən bir neçə çinlinin Uzaq Şərq Federal Dairəsində necə vahimə yaratdığının şahidi olduğum üçün bilirəm ki, 2 milyon çinli həmin çoğrafiyada yaşayan ruslar üçün dünyanın ən qüdrətli ordusundan da qorxuludur.
Uzaq Şərq Federal Dairəsini qorumaq üçün isə Rusiyanın gücü, Çini ilhaq niyyətindən çəkindirmək üçün Putinin ən azı iki milyon canlı qüvvəsi olan döyüş qabliyyətli ordusu yoxdur və heç vaxt da olmayacaq”, - politoloq qeyd edib.