İnnovasiya və Təchizat Mərkəzi tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat mallarının satın alınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Artıq tərəflər arasında satınalma müqaviləsi imzalanıb.
Müqavilənin maliyyə dəyəri 422 026 manatdır. “Azəri Med” QSC bununla 2026-cı ildə bağladığı satınalma müqavilələrinin sayını 11-ə çatdırıb. Bu müqavilələrin ümumi maliyyə dəyəri 16 370 948,95 manatdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azəri Med” QSC 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 8 255 510 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir.
QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Mediada gedən məlumatlarda iddia edilir ki, “Azəri Med” QSC-nin sahibi deputat Kamaləddin Qafarovdur. O, deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində işləyib.
Azəri Med QSC-nin əsasən MOM-un tenderlərinin qalibi seçilməsi də bununla əlaqələndirilir. Digər tərəfdən, 2009-2013-cü illərdə Azəri Med QSC-nin qanuni təmsilçisi Qafarov Hüsaməddin Şəmsəddin oğlu adlı şəxs olub. İddialara görə, bu şəxs Kamaləddin Qafarovun yaxın qohumudur. Azəri Med QSC-nin 2020-ci ilədək qeydiyyatda olduğu ünvanla bağlı da maraqlı iddialar var.
Bildirilir ki, şirkətin hüquqi ünvanı olmuş Bakı şəhəri Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də Kamaləddin Qafarov və ailə üzvləri qeydiyyatdadır. Kamaləddin Qafarova məxsus başqa şirkətlərin də olduğu deyilir.
Bunlar “Versal Palace” MTK, “Kanon” MMC,”Shafran” MMC, “Avestafarm” MMC, “Mega Pharmacy” MMC, “Naturalist” Fərdi Firması, “Helios Paharma” MMC və “Salidont LTD”-dir. Bu iddialar indiyədək deputat tərəfindən təkzib edilməyib. Azərbaycan qanunvericiliyinə görə deputatın biznes fəaliyyəti ilə məşğul olması qadağandır./Real Azərbaycan