“SİZDƏN ƏDALƏT GÖZLƏYİRİK” – “Hürriyyət”in kollektivi Baş prokurora müraciət etdi

11 Dünən, 23:42 gundem

“SİZDƏN ƏDALƏT GÖZLƏYİRİK” – “Hürriyyət”in kollektivi Baş prokurora müraciət etdi
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hurriyyet TV”-də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun (Tofiqoğlunun) istintaqı yekunlaşıb. Baş redaktorun qardaşı Cəsur Məmmədovun saytımıza verdiyi məlumata görə, artıq cinayət işinin materialları Baş Prokurorluğa təqdim olunub, qarşıdakı 5 gün ərzində ittiham aktına baxılacaq.
“Hürriyyət” qəzetinin kollektivi bunu nəzərə alaraq, barəsində əsassız ittihamlar irəli sürülən Vüqar Məmmədovun cinayət işinə ədalətli yanaşılması üçün Baş prokuror Kamran Əliyevə müraciət edib. Hurriyyet.az həmin müraciəti olduğu kimi təqdim edir:
“Hörmətli Kamran Əliyev!
Məlumunuz olduğu kimi, “Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin rəhbəri Vüqar Tofiqoğlu Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham edilərək, həbs olunub.
Əldə etdiyimiz məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti artıq ilkin istintaq prosesini yekunlaşdıraraq, ittiham aktını Baş Prokurorluğa təqdim edib.
DTX-nın əlində olan yeganə “sübut” budur ki, guya Vüqar Tofiqoğlu “Veysəloğlu” şirkətini şantaj edərək, hər ay nə az, nə çox, düz 200 manat vəsaitin “Hürriyyət” qəzetinin hesabına köçürülməsinə nail olub. Halbuki, söhbət qarşı tərəfin müraciəti əsasında bağlanılan rəsmi reklam müqaviləsindən gedir və bunun qarşılığında saytımızda hər ay şirkətə məxsus ən azı 4-5 material dərc olunub. Üstəlik, “Veysəloğlu” bu müqaviləni yalnız “Hürriyyət”lə deyil, ölkədə nəşr olunan əksər qəzet və saytlarla bağlayıb. Bu faktın özü də ittihamın qondarma olduğunu ortaya qoyur.
Hörmətli Baş prokuror!
Sizdən xahişimiz odur ki, Vüqar Məmmədovla bağlı açılan cinayət işini şəxsi nəzarətinizə götürərək, DTX tərəfindən təqdim olunan ittiham aktının obyektiv araşdırılmasına göstəriş verəsiniz. Sizi əmin edirik ki, Baş Prokurorluğun bu məsələyə ədalətli yanaşması V.Məmmədovun günahsız olduğunu ortaya çıxaracaqdır.
Bu baxımdan, Sizdən yalnız ədalətli qərar gözləyirik və belə olacağına da inanırıq.
Odur ki, Sizə öncədən kollektivimiz adından dərin minnətdarlığımızı çatdırırıq.
Hörmətlə, Cəsur Məmmədov,
“Hürriyyət” qəzetinin baş direktoru”.
Hurriyyet.az

XƏBƏR LENTİ