Hədəfimiz iqtidar partiyası olmaqdır

1 252 7-04-2021, 15:22 siyaset / gundem

Hədəfimiz iqtidar partiyası olmaqdır

Şəhər və rayon şöbələrinin işinin yenidən qurulması, gənclər və qadınlar təşkilatlarının yenidən formalaşdırılması taktiki hədəflərimizdəndir.

Bu sözləri Umidparty.org saytına müsahibəsində Qarabağ qazisi, Ümid Partiyasının yeni seçilmiş Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Elşən Quliyev deyib. Müsahibəni izləyicilərə təqdim edirik.

QEYD: Martın 28-də Ümid Partiyasının onlayn formada (V) VII Qurultayı keçirilib. Qurultay növbəti dönəm üçün partiya sədrini, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədrini, tərkibini, Ali Məclisin üzvlərini seçib və təsdiq edib.

– Elşən bəy, öncəliklə sizi Ümid Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri seçilməniz münasibəti ilə təbrik edirik. Ümid Partiyasının (V) VII Qurultayı daha çox nə ilə yadda qalacaq?

– Diqqətiniz və xoş sözləriniz üçün təşəkkür edirəm. Ümid Partiyasının (V) VII Qurultayı öncəki Qurultaylarımızdan həm formaca, həm də məzmunca fərqli oldu. Bildiyiniz kimi dünyada və ölkəmizdə hökm sürən pandemiya ilə əlaqədar olaraq, Qurultayımız onlayn rejimdə keçirildi. Bu, Qurultayın öncəkilərdən fərqli tərəfi idi. Qurultayımızın məzmunu baxımından isə onu qeyd etmək istərdim ki, 2002-ci ildən sonra keçirilən bütün Qurultaylarda qarşıya qoyulan əsas vəzifə, əsas hədəf partiyanı ölkənin aparıcı təşkilatına çevirmək olub. Artıq demək olar ki, buna nail ola bilmişik. Sonuncu qurultayımızda isə İqbal bəy Ağazadə partiyamızın hədəfini bir daha açıqladı: Hakimiyyətə gəlmək və Ümid Partiyasını iqtidar partiyası etmək.

– Hədəfinizin gerçəkləşdirilməsi üçün nə kimi planlarınız var?

– Hədəflərimizin gerçəkləşdirilməsi yönündə zaman-zaman planlarımızı və siyasi fəaliyyətimizi hər zaman açıqlamışıq. Əmin ola bilərsiniz ki, qısa bir zamandan sonra hər kəs partiyamızın siyasi fəaliyyətindən hədəflərimizin gerçəkləşməsi üçün nə qədər ciddi işlər gördüyümüzün bir daha şahidi olacaq. Necə ki, zaman-zaman dövlətçilik ənənələrindən kənara çıxmadan, xalq, vətən üçün mübarizə aparmışıq, yenə də aparacağıq. Qeyd edim ki, partiyada bütün istiqamətlər üzrə hədəfimizin gerçəkləşməsi üçün işlər öz axarında gedir. Şəhər və rayon şöbələrinin işinin yenidən qurulması, gənclər və qadınlar təşkilatlarının yenidən formalaşdırılması əsas taktiki hədəflərimizdəndir. Növbəti dönəm quruculuq dönəmidir. Həm də ölkə üçün.

– Yəni partiyanıza yeni üzvlərin cəlb edilməsini nəzərdə tutursunuz?


– Yeni üzvlərin partiya sıralarına cəlb edilməsi bir qayda olaraq, hər zaman hədəfimiz olub. Amma qeyd etdiyim kimi partiyamızın hədəfi iqtidar olmaqdır. Bunun üçün də biz daha çox nüfuzlu şəxsləri və mütəxəssisləri partiyamıza cəlb etməyi düşünürük. Həm özümüzün apardığımız müşahidələr, həm də keçirilən sorğular da göstərir ki, İqbal Ağazadənin timsalında Ümid Partiyasının xalq arasında nüfuzu artan xətt üzrə inkişaf edir. Demokratik, azad seçki kifayətdir ki, xalqın seçimi Ümid Partiyası olsun.

– Nüfuzlu şəxsləri və mütəxəssisləri necə cəlb etməyi düşünürsünüz?

– Azərbaycan müstəqillik qazandığı dövrdən bu yana dövlətçiliyimiz və təhlükəsizliyimiz baxımından ən həssas dövrünü yaşayır. Hər bir vətəndaşımızdan bu proseslərə biganə qalmamaq tələb olunur. İmkan vermək olmaz ki, 44 günlük müharibədə qazanılmış tarixi zəfərimizə kimlərsə kölgə salsın. Bunun üçün də İqbal bəy başda olmaqla, partiya funksionerlərimiz və fəallarımız həm mediada, həm də sosial mediada bu istiqamətdə iş aparırlar. Xüsusilə də ölkəmizdə geniş izləyici auditoriyası olan bir neçə internet televiziyaları ilə uğurlu əməkdaşlıq edirik. Azərbaycan həqiqətlərini, partiyamızın fərqli siyasi kursunu, bütün sahələr üzrə görəcəyimiz işləri, proqramlarımızı və təkliflərimizi insanlarımıza çatdırırıq. Onların da bu prosesdə yer almaları üçün təbliğat və təşviqat işləri aparırıq. Əldə olunan nəticələr bizim üçün ürəkaçan olsa da, partiya olaraq, təkcə bununla kifayətlənmək istəmirik. Daha çox insanımızın siyasi proseslərə qatılması üçün obrazlı desək, gecə-gündüz iş aparırıq. Bunun da müsbət nəticəsi olaraq, həm nüfuzlu şəxslər, həm də mütəxəssislər sosial media və partiyamızın saytı üzərindən sıralarımıza qoşulmaq istəklərini bəyan edirlər.

– Ölkədə baş verən bütün proseslərə partiya olaraq münasibət bildirirsiniz və eyni zamanda təkliflərlə də çıxış edirsiniz. Amma insanlar bəzən fərqli mübarizə üsullarını da görmək istəyirlər.

– Hələlik dediyiniz formada fərqli mübarizə aparmamağın tək səbəbi ölkədəki pandemiya şəraitidir. Ümid Partiyası dinc, demokratik və ölkə qanunları çərçivəsində hər zaman bütün siyasi mübarizə üsullarından istifadə edərək, öz sözünü deyib. Bu, hər zaman da belə olacaq. Amma siz də çox yaxşı bilirsiniz ki, on nəfərdən artıq şəxsin istər qapalı, istərsə də açıq məkanlarda bir araya gəlməsi pandemiya qaydalarının pozulması anlamına gəlir. Ona görə də tərəfimizdən belə xoşagəlməz halların baş verməməsi üçün lazım olan addımlar atırıq. Bir məsələni də nəzərinizə çatdırım ki, pandemiya şəraitində, xüsusilə də keçən il İqbal bəyin təşəbbüsü ilə yüzlərlə imkansız ailəyə maddi dəstək verildi. 44 günlük müharibə dövründə yenə də sədrimiz İqbal bəyin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgəsinə səfərlərimiz təşkil olundu, partiya tərəfindən Azərbaycan Ordusuna maddi və mənəvi dəstək verildi. Yəni, demək istəyirəm ki, hazırkı şərtlər daxilində harada nələr etmək mümkündürsə, Ümid Partiyası olaraq biz orada varıq.
Xeberdar.net

XƏBƏR LENTİ