Vergi cinayətləri !!!- Ramin Əziz yazır

1 671 19-12-2021, 14:38 kose / siyaset / gundem

Vergi cinayətləri !!!- Ramin Əziz yazır

Bəzən düşünürəm ki, bu ölkənin insanlarını Allah da nəzərindən uzaqda tutur. İnsanlarımız hansı günaha batıb axı? Bütün tərəqqi qapıları nömrəli qıfılla hamının üzünə bağlanıb.
Bir vətəndaş kimi hazırki iqtidar idarəetməsindən narazı ola bilərəm. Ancaq hər kəsin heç olmasa razı olacağı bir dövlət qurumu olmalıdır. Digəl ki, hamının razı qalacağı o, qurum yerə batıb, göyə çıxıb, ərşə çəkilib bu barədə nə biz bilirik, nə də bilən bir söz demir.
Son beş ildə ölkədə hər sahədə olduğu kimi vergi sistemində də dələduzluq halları tüğyan edir.
İşsizlik ucbatından iş axtaran, işə düzəltmə məntəqələrinə üz tutan gənc və orta yaşın nümayəndələri özləri də bilmədən vergi dələduzluqları ilə rastlaşırlar. Öz hüququnu bilməyənləri tora salmaq kafedə 30 manatlıq şot(hesab) verdirmək kimi bir şey olsa da, öz hüququnu bilənləri isə hüquqi formada elə aldadırlar ki ayılanda hüquq sözündəki "Ü"-nün nöqtələri tökülür. Saxta şirkət açan kim, işçi götürən kim, heç nədən xəbəri olmayan insanların adına xarici ölkələrdən mal vurub pul dövr etdirən kim, bir sözlə çal oynasın, vur çatlasın.
Hər şeydən xəbərsiz vətəndaş bir də onda ayılır ki, bəs deməzsənmi sənin dövlətə filan qədər vergi borcun var,10 gün müddətinə bu borc ödənməlidir, yoxsa hüquqi qaydada cinayət məsuliyyətinə cəlb olunacaqsınız. Kommersiya məhkəmələri dayanmadan zəng edib vətənində daşa dönmüş vətəndaşı sıxma-boğmaya salır.
Vətəndaş yazıq isə hər şeydən xəbərsiz formada başını itirib ayağını axtara - axtara başlayır çıxış yolları aramağa. Kimisi vəkil, kimisi isə adam axtarır ki, adına nə olub, nə olmadığını vergi sistemində yoxlatdırsın. Elə konsert də burdan başlayır.
Sistemdə yoxlanış zamanı hüquqi və ya fiziki şəxs kimi adına üç-dörd şirkət, tanımadığı adama verilmiş etibarnamə çıxır. Hansı ki, indiki zəmanədə ata oğula etibar etmir.
Azərsell mobil operatoruna məxsus olan sim nömrə vasitəsi ilə adına açılmış asan imza, vergi sistemində vöen və daha nələr...
Xülasə, əmtəəsiz əmtəə əməliyyatları qanunun da xəbəri olmadan qanuni formada elə aparılır ki, qanun keşikçiləri belə qalır mat-məəttəl. Hələ Dövlət Gömrük Komitəsində adına hər hansı anbar çıxsa təəccübdən nəfəsin daralacaq, qəlbin o qədər sürətlə atacaq ki, az qala yerindən çıxacaq. Nitqin quruyacaq, gözlərin başı kəsilən çarəsiz danalar kimi bərələcək. Bu anda təkcə ağlından “Vasmoy” bazarından özünü asmaq üçün iki metr yağlı kəndir və ya “uksus” alıb içmək keçir.
Heç kim də bilmir ki, bu işlərin arxasında dayanan kimdir?
Ya gərək Allahdan Vəhy gələ ki, bu dələduzlar kimdir, tapıb üzə çıxardasan, ya da ki hörmətli dövlət qurumları ilə təmasa gedəndə onları inandırıb and-aman eləmək üçün özünlə Zəbur, İncil, Tövrat, Qurani-Kərim aparasan. Yoxsa sənin işin qalır on ikinci İmamın zühuruna.
Bu cinayətkar prosesə neçə-neçə oğlanlar qurban gedib günahsız yerə həbsə atılır. Bu günahsızların hesabına isə görünməyən əmilər özlərinə var-dövlət yığır.
Nə qədər evin xoşbəxtliyini əlindən alan, nə qədər uşağı atasız böyüməyə məhkum edən, nə qədər günahsızın yaxınını dünyadan köçməyə məcbur edən kriminal çətənin axırına çıxıb həbsə atmağın zamanı yetişdiyini düşünürəm. Haradasa içimdə əminlik hissi var ki, güc strukturları bu məsələni araşdırıb, əncam çəkəcəklər.
İstər Gömrük Komitəsi, istərsə də İqtisadiyyat Nazirliyi tərkibindəki Dövlət Vergi Xidməti onun-bunun həyatı hesabına kişi olanlara dövlətin dövlətçilik ənənələrini sübut edəcəyinə inanaraq bu mövzuya nöqtə qoyub tamamlayıram.

Ramin Əziz

XƏBƏR LENTİ