“NATO RUS ORDUSUNU TOZ KİMİ DAĞIDAR...” – “Putin cəmi iki variant – “uduzmaq və həlak olmaq” olan müharibəyə başlayarmı?”

2 592 3-09-2022, 09:55 siyaset / dunya

“NATO RUS ORDUSUNU TOZ KİMİ DAĞIDAR...” – “Putin cəmi iki variant – “uduzmaq və həlak olmaq” olan müharibəyə başlayarmı?”“O, Ukraynanı məhv etmək istəyirdi, ancaq bizim yenidən doğulduğumuzu görəcək”

Ukraynanın sabiq Prezidenti Leonid Kuçma avqust ayının əvvəlində “BBC”-yə maraqlı müsahibə verib. Bu, sabiq Prezidentin müharibə başlayandan sonra ilk geniş müsahibəsidir. Təəssüf ki, həmin vaxt müsahibə Azərbaycan mətbuatında tərcümə olunaraq dərc edilməyib.

“AzPolitika.info” Ukraynanın ikinci Prezidentinin bu müsahibədə dediklərinin öz aktuallığını saxladığını nəzərə alaraq, oradakı bir çox maraqlı fikirləri oxucuların nəzərinə çatdırır.

Kuçma sözügedən müsahibəsində bildirir ki, müharibə başlayan gecə Kiyevdəki evində olub və ona edilən təkliflərə baxmayaraq, bu günə qədər Kiyevi tərk etməyib: “Məni ölkəmin əksər vətəndaşları kimi, Rusiyanın genişmiqyaslı hücumu yataqda yaxaladı. Yəqin, ölkəsindən və dövründən asılı olmayaraq, bütün faşistlərin ənənəsi belədir – gecə saat 4-də bizə hücum etmək...”

1994-cü ildən 2005-ci ilə qədər iki müddət Ukraynaya rəhbərlik edən Kuçma deyir ki, Putinin Rusiyada hakimiyyəti öz əlində cəmləşdirməsi prosesi onun gözləri önündə baş verib və onun Rusiya başçısı ilə münasibətlərinin uzun tarixçəsi var. Bununla belə, sabiq Prezidentin fikrincə, Putinin tezliklə fiziki məhvinin baş verəcəyini düşünmək düzgün deyil: “Ümid etmək lazım deyil ki, Putin bu gün – sabah öləcək. Yaxud, sanksiyalar Rusiya iqtisadiyyatını dərhal məhv edəcək, rus “obıvatel” isə birdən-birə gözünü açacaq və müharibə əleyhinə etirazlara çıxacaq. Bunların heç biri olmayacaq. Ukrayna döyüşməlidir və hər şeyi döyüş meydanında özü həll etməlidir”. Bununla yanaşı, Kuçma hesab edir ki, Ukrayna istənilən halda qalib gələcək və bunun üçün Putinlə hansısa kompromisə getməyə ehtiyac olmayacaq.
“NATO RUS ORDUSUNU TOZ KİMİ DAĞIDAR...” – “Putin cəmi iki variant – “uduzmaq və həlak olmaq” olan müharibəyə başlayarmı?”
Kuçma deyib ki, hələ 2003-cü ildə, onun prezidentliyi dövründə Rusiya Ukraynaya aid Tuzla adasında hərbi insident yaratmışdı və artıq həmin vaxt Kremlin Ukrayna ilə bağlı çirkin niyyətləri açıq şəkildə özünü göstərməyə başlamışdı: “Lakin buna baxmayaraq, Rusiyanın işğalçılıq hücumu məni sarsıtdı. Yəqin, mən sona qədər ümid edirdim ki, bu qeyri-insani əmri verən şəxsdə insana aid nəsə qalıb...”

“Rusiyanın Ukraynaya müdaxiləsindən qaçmaq olardımı” sualına cavabında Kuçma deyib ki, 24 fevral ərəfəsində bu, mümkün idi. Lakin bunun üçün Putinin ultimatumu ilə razılaşmaq lazım olacaqdı: “O zaman bu, hərbi müdaxilə yox, bizim dövlətin tədricən təslim edilməsi, onun planlı şəkildə işğalı olacaqdı və Buça hadisələri təkcə Buçada deyil, bütün ölkədə, işğalçının girdiyi hər yerdə yaşanacaqdı. Hərbi müdaxilənin qarşısını bu yolla almağa dəyərdimi? Fikrimcə, cavab aydındır. Çörçill Münhendən sonra demişdi ki, müharibədən yayınmaq üçün şərəfsizliyi seçənlər əvvəlcə şərəfsizlik, sonra isə müharibə alacaqlar. Məncə, bundan yaxşısını demək mümkün deyil...”

Bununla yanaşı, Kuçma hesab edir ki, uzun illər boyu Ukrayna öz hərbi sənaye kompleksini inkişaf etdirsəydi, ordusunu daha yüksək templərlə və hərtərəfli gücləndirsəydi, Rusiya bu müdaxiləni gerçəkləşdirməyə cəsarət etməzdi. Onun fikrincə, Ukraynanın bu gün Qərbdən aldığı silahların bir çoxunu bu ölkə öz sənaye müəssisələrində istehsal edə bilərdi. Kuçma hesab edir ki, əgər Ukraynanın xüsusilə də Rusiyanın strateji dərinliklərinə zərbə endirə biləcək silahları olsaydı, Putin işğal qərarı verməkdən çəkinərdi.

Həmçinin, bu məsələdə Qərbin də səhvlərə yol verdiyini deyən Kuçma hesab edir ki, zamanında Kremlə qarşı güclü sanksiyaların tətbiqi, eləcə də Ukraynaya daha geniş dəstək verilməsi işğalın qarşısını ala bilərdi: “Fikrimcə, Putin bizə ona görə hücum edib ki, buna görə onu kiminsə cəzalandıracağına inanmayıb. İnanmayıb ki, Qərb Ukraynaya dəstək üçün birləşər, inanmayıb ki, Qərb sanksiyaları Rusiyaya bu qədər neqativ təsir göstərər. Aydın görünür ki, bu, onun üçün xoşagəlməz, ağrılı sürpriz olub və o, bununla necə başa çıxacağını bilmir. Putin preventiv sanksiyalar alsaydı və Qərbin ciddiliyinə əmin olsaydı, hücum əmri verməzdi”.
“NATO RUS ORDUSUNU TOZ KİMİ DAĞIDAR...” – “Putin cəmi iki variant – “uduzmaq və həlak olmaq” olan müharibəyə başlayarmı?”
Kuçma “Sizcə, Rusiya nə istəyir və Putinlə danışıqlara getməyə dəyərmi” sualına da maraqlı cavab verib: “Mənə elə gəlir ki, məsələnin emosional tərəfindən danışsaq, bu gün Putin istərdi ki, nağıldakı kimi hər şey geri dönsün - sanki 24 fevral olmayıbmış kimi. Axı, blitskriq iflasa uğradı, özü də Putinin ölümcül səhv hesablaması ucbatından. Bəli, bu, cinayətkar planla bağlı səhv hesablama idi, “Putinin sifətini saxlamaq lazımdır” deyənlərin bildirdiyi kimi, “günahsız səhv” deyildi. İndi isə Putin və ətrafı ilk növbədə hakimiyyəti öz əllərində saxlamaq üçün təminat almaq istəyir. Bunun üçünsə ona lazımdır ki, rejimin əsasları silkələnməsin... Rusiya hakimiyyəti özünü “dünyanın sahibi”, “qalib qəhrəman” kimi gördüyü virtual həyatda yaşayan əhalisinə qələbə qismində nəyi satacaq? Nəyi bacarsalar, onu. Bizim infrastrukturun və sənaye potensialının dağıdılmasını “demilitarizasiya” kimi təqdim edəcəklər. “Azovçu”ların üzərində saxta məhkəməni həmin o mifik “denasifikasiya” kimi göstərəcəklər. “lnr”-“dnr”-in tam işğalını, Krıma quru yolun açılmasını, Dneprin suyunu və s... Ancaq bütün bunları bir fikirlə yekunlaşdırmaq istəsək, deyə bilərik ki, Putin Ukrayna dövlətinin məhvini istəyirdi, lakin əvəzində bizim yenidən doğulduğumuzu görəcək”.

Kuçma müsahibəsində hazırkı Ukrayna hakimiyyətinin mövqeyini tam bölüşdüyünü bildirib və xatırladıb ki, XİN başçısı Dmitri Kulebanın da dediyi kimi, Rusiya ilə danışıqlar masasına yalnız onun döyüş meydanında tam məğlub edilməsindən sonra oturmaq lazımdır: “Yəni, biz yalnız öz şərtlərimizi, tələblərimizi müzakirə edə bilərik və bu, düzgündür. Həmin müzakirələri isə kiminlə aparmağın fərqi yoxdur”. Kuçma deyib ki, Putinin ən böyük səhvlərindən biri də öncədən Ukraynanın indiki hakimiyyətini diletant hesab etməsi olub. Sabiq Prezident əlavə edib ki, bu gün 2019-cu ildə Volodimir Zelenskini dəstəklədiyinə və onun niyyətlərinin təmizliyinə inandığına görə sevinir. Onun fikrincə, Zelenskinin bəzi qərarları ictimaiyyətin müəyyən kəsimlərində, siyasi qüvvələr arasında narazılıqla qarşılana bilər: “Lakin bunlar detallardır, taktiki səviyyəli təfərrüatlardır. Mənə elə gəlir ki, ən yüksək, strateji səviyyədə Zelenski hər şeyi düzgün edir”.
“NATO RUS ORDUSUNU TOZ KİMİ DAĞIDAR...” – “Putin cəmi iki variant – “uduzmaq və həlak olmaq” olan müharibəyə başlayarmı?”
Zelenskinin ordu rəhbərliyinin işinə qarışmamasını, peşəkar hərbçilərə etibar etməsini, beynəlxalq birliyə, institutlara birbaşa müraciətlərini, müharibə davam etsə də, korrupsiyaya qarşı mübarizəni yaddan çıxarmamasını düzgün addımlar kimi qiymətləndirən Kuçma, onun ən əsas və doğru addımını belə dəyərləndirib: “Ən başlıcası odur ki, o, ilk gündən Prezident və Ali Baş Komandan kimi öz postunda qaldı və ölkəni tərk etməklə bağlı bütün təkliflərdən imtina etdi. Təkcə bunun özü, işğalın ilk günlərində və həftələrində bizim duruş gətirməyimiz üçün vacib faktor oldu”.

Kuçma Ukraynanın NATO və Avropa İttifaqı üzvlüyü yolundan heç vaxt dönməyəcəyinə inandığını deyib və bildirib ki, Rusiya ilə danışıqlarda NATO üzvlüyündən imtina məsələsi ümumiyyətlə, qoyula bilməz. Sabiq Prezident deyib ki, bu müharibənin eyni zamanda hər iki tərəfi qane edəcək sonluqla bitməsi mümkünsüzdür. Çünki Ukrayna öz ərazilərini və əhalisini Rusiyaya güzəştə gedə bilməz. Rusiya rəhbərliyi isə Ukraynadan məğlub ayrılaraq, öz əhalisinin qarşısında uğursuz, məğlub hakimiyyət kimi görünməyi qəbul etməz. Odur ki, tərəflər sona qədər güclənməyə və qalib gəlməyə çalışacaq. Ona görə də Kuçmanın fikrincə, Ukrayna tərəfi üçün Xerson istiqamətində irəliləmək və qələbə qazanmaq olduqca vacibdir. Çünki bu, müharibənin gedişinə həlledici təsir göstərəcək.

Nüvə silahının tətbiqi perspektivi barədə suala da cavab verən Kuçma deyib ki, Rusiya tərəfindən strateji nüvə silahının tətbiqi qətiyyən mümkün deyil: “Strateji nüvə silahının tətbiqi avtomatik cavab zərbəsi və həlak olmaq deməkdir. Putin isə intiharçı deyil. Taktiki nüvə silahına gəlincə, burada məsələ mürəkkəbdir. Mən bu təhlükəni tam istisna etməzdim. Məsələ ondadır ki, nüvə silahı olmayan Ukrayna Rusiyaya adekvat cavab vermək imkanında deyil. Əgər döyüş meydanındakı vəziyyət Putinin siyasi mövqeyinə və rejimin stabilliyinə böyük təhlükə yaratsa, Kreml taktiki nüvə silahını tətbiq edə bilər”. Lakin Kuçma bu halda Rusiyanın özünün dövlət kimi mövcudluğunun sual altına düşəcəyini bildirib. O, artıq Qərbin Putinə nüvə silahı ilə bağlı öz kanalları vasitəsilə xəbərdarlıq çatdırdığını bildirib: “Hamı deyir ki, Rusiyanın işğalçı müharibəsindən sonra dünya əvvəlki kimi olmayacaq. Ancaq nüvə silahının tətbiqindən sonra o, ümumiyyətlə, olmaya bilər”.

Nəhayət, mümkün NATO-Rusiya birbaşa hərbi qarşıdurmasına, Rusiyanın alyans üzvlərinə qarşı mümkün hücumuna dair suala cavab verən Kuçma, deyib: “Adi müharibədə NATO rus ordusunu toz kimi dağıdar, nüvə müharibəsində isə Rusiyanı məhv edər. Putin cəmi iki variant – “uduzmaq və həlak olmaq” olan müharibəyə başlayarmı? Normal adam yalnız bir cavab verər. Ancaq söhbət nomal adamdan gedirsə...”

C.Məmmədov

“AzPolitika.info”

XƏBƏR LENTİ