175 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib.
Xeberdar.net Bakı Nəqliyyat Agentliyinin saytına istinadən məlumat verir ki, yanvar ayının 13-dən etibarən "BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək.
Dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir. Belə ki, 06.01.2018 tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.
Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. 13.01.2018 tarixindən bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən "28 May” metrostansiyasınadək hərəkət edəcək.