Rusiyanın Dağıstan Muxtar Respublikasının rəhbərliyi Azərbaycanın iki kəndinin - Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin muxtar respublikaya köçürülməsi məqsədilə 2018-ci ildə 210 milyon rubl (6 milyon 279 min manat) ayıracaq.
Xeberdar.net "Report"a istiandən xəbər verir ki, bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyindən bildiriblər.
"2018-ci ildə Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin tamamilə həll ediləcəyi gözlənilir. Bu məqsədlə 2018-ci ildə 210,5 milyon rubl məbləğində vəsait nəzərdə tutulub ki, bunun da 200 min rublu federal büdcədən ayrılacaq", - Nazirlikdən qeyd ediblər.
2017-ci ildə Xraxoba və Uryanoba kəndlərinin 370-dən çox sakini mənzil almaq üçün birdəfəlik ödənişlər vasitəsilə köçmək istəyini bildiriblər. Siyahıda Xraxoba kəndinin 366 (135 ailə) və Uryanoba kəndinin isə 11 sakini (3 ailə) yer alıb.
Qeyd edək ki, Xraxoba və Uryanoba kəndləri Azərbaycanın ərazisində, Rusiya ilə sərhəddən 60 km məsafədə yerləşirlər. Kəndlərin salındığı ərazi XX əsrin ortalarında otlaq ərazi kimi Dağıstan MSSR-ə icarəyə verilib. İcarə müddəti 2004-cü ildə sona çatıb, ancaq Rusiyanın rəsmi vətəndaşları olan sərhəd kəndlərinin sakinləri oranı tərk etmək istəməyib.
2010-cu ilin sentyabr ayında Rusiya və Azərbaycan ərazilərin mənsubiyyəti ilə bağlı bütün məsələlər üzrə razılığa gələrək dövlət sərhədi haqqında saziş imzalayıblar. 2013-cü ilin avqust ayında isə Rusiya prezidenti Vladimir Putin Azərbaycanda yaşayan həmin Rusiya vətəndaşlarının köçürülməsinə dair tapşırıq verib.
Xeberdar.net