Fazil Məmmədovun sabiq müşaviri istintaqa çağırıldı

951 26-01-2018, 15:07 kriminal / gundem

Fazil Məmmədovun sabiq müşaviri istintaqa çağırıldı
Sabiq vergilər naziri Fazil Məmmədovun müşaviri Qüdrət Seyfullayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Onun istintaqa çağırılması haqda redaksiyamıza bilgiləndirən mənbə deyib ki, sabiq müşavirin istintaqa dəvət olunması 2015-ci ildə Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı olub.

Musavat yazır ki, hələ 2015-ci ildə bina yanandan sonra 2 şəxsin həbsi haqda qərar verilməsi üçün yuxarılara müraciət edilib. Binadakı yanğından bir neçə saat sonra 2 vəzifəli şəxsin - Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və binanın poliuretanla üzlənməsini biləvasitə sifariş edən Qüdrət Seyfullayevin həbsə alınması zərurəti ortaya çıxıb. İstintaq faktları rəsmiləşdirərək yuxarılardan hər iki şəxslə bağlı müvafiq qərar verilməsini gözləyib. Həmin gün hətta Binəqədi Rayon İcra Hakimiyyətinin binası yaxınlığına xüsusi istintaq qrupu göndərilib. Qrup üzvləri həbs qərarı veriləndən sonra Xaləddin İsgəndərovu və Qüdrət Seyfulayevi həbs etməli imiş...

Amma yanğından sonra o dövrdə vergilər naziri postunu tutan Fazil Məmmədov dövriyyəyə girib və Qüdrət Seyfullayevlə yeznəsi Xaləddin İsgəndərovu həbsdən qurtara bilib. Bundan sonra Qüdrət Seyfullayev Vergilər Nazirliyində işə götürülərək nazirin müşaviri postuna təyin olunub.

Vergilər Nazirliyi rəhbərliyində baş verən dəyişikliklər yanan binanın üzlənməsi ilə bağlı gizlədilməyə çalışılan faktların üzərindən sirr pərdəsini götürə bilər. Bir müddət əvvəl Fazil Məmmədovun işə götürdüyü 64 vergi məmuru işdən uzaqlaşdırılıb. Onların arasında Qüdrət Seyfullayev də var. Bu vəzifəyə təyinata qədər isə Qüdrət Seyfullayev Fazil Məmmədovun biznes layihələrinin gerçəkləşdirilməsində, təmir-tikinti işlərinin aparılmasında fəal iştirak edib. Fazil Məmmədovun tapşırığına əsasən, Qüdrət Seyfullayevin gerçəkləşdirdiyi təmir-tikinti proyektlərindən biri də Binəqədi rayonunda binaların üzlənməsi olub.

Xeberdar.net

XƏBƏR LENTİ