“Bakıda yaşayış evinə basqın edən dəstə üzvləri tutulub” – DİN

725 29-01-2018, 21:10 kriminal / gundem

“Bakıda yaşayış evinə basqın edən dəstə üzvləri tutulub” – DİN
Bakıda yaşayış evinə basqın edən dəstə üzvlərinin hamısı tutulub.

APA-nın məlumatına görə, yanvarın 25-də axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsi ilə tanış olduğu Maya adlı qadınla birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyməsi, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getmələri məlum olub. Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən 5 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Görülmüş tədbirlərlə onlardan biri “isti izlər”lə saxlanılıb. Həyata keçirilmiş tədbirlərlə dəstənin qalan üzvlərinin ölkə hüdudlarını tərk edərək Gürcüstan Respublikasına keçmələri müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki ölkənin hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların 4-ü də yaxalanaraq artıq Azərbaycana gətirilərək məsuliyyətə cəlb olunmaları təmin edilib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ