PARTİYAYA SADİQLİYİN BARİZ NÜMUNƏSİ

1 002 6-03-2018, 10:07 kose / gundem

PARTİYAYA  SADİQLİYİN  BARİZ  NÜMUNƏSİ




Sovet hakimiyyəti illərində İslam dininə qarşı mübarizə getdikcə güclənirdi. İstər ümumittifaq, istərsə də respublika miqyasında keçirilən hər bir qurultay, konfrans və ya yığıncaqda əsas məsələ islam dini və dini dünyagörüşə qarşı ardıcıl və qətiyyətli mübarizə aparmaq, bu işdə komsomolçuların iştirakını təmin etmək, kütlələrin şüurunu mövhumat və xurafatdan, keçmişin qalıqlarından təmizləməkdən ibarət olurdu, necə deyərlər, “ayının min oyunu bir kal armudun üstündə idi”.
Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun rəhbərliyi altında Azərbaycan Maarif Komissarlığı 1920-ci il mayin 15-də “Vicdan azadlığı haqqında” dekret verdi. Həmin dekretdə deyilirdi:” Xalq Maarif Komissarlığının nəzdində duran bütün dövlət və xüsusi məktəblərdə din təliminin keçilməsi və məktəb daxilində hər hansı bir dini ayinin icrası ləğv olunur. Dini işlərə baxan nazirlik bütövlükdə götürülür” (“Kommunist” qəzeti-rus dilində, 15 may 1920-ci il, 12-ci sayı). Bu dekret respublikada ruhaniliyə çox güclü siyasi və ideoloji zərbələr vurmaqla, məscid və moillaların nüfuzunu ciddi surətdə sarsıtdı.
Azərbaycan K(b)P MK Rəyasət Heyəti 1922-ci ildə Bakı şəhərinin mərkəzi küçələrində “şaxsey-vaxsey”yürüşünü qadağan etmək haqqında xüsusi qərar qəbul etdi (Bax:MLİ Azərbaycan filialının partiya arxivi, fond1, siyahı 74, iş 128, vərəq 22.(43). 1923-1925-ci illərdə Azərbaycanın qəza mərkəzlərində də məhərrəmlik zamanı küçələrdə hay-küylü nümayiş və vürüşlərin keçirilməsi qadağan edildi.
Azərbaycan MİK-nin1926-cı ildə məhərrəmlik günlərində dini nümayişlərin , yürüşlərin və adamların özlərinə hər cür işkəncələr verməsinin qadağan edilməsi haqqında yeni bir qərar vedi. Həmin qərarda deyilirdi: “Qarşıdakı məhərrəmlik matəmi günlərində dini nümayişlər, yürüşlər və hər cür özünə işkəncə vermək halları qadağan edilsin. Bu qərarı yerinə yetirməməkdə müqəssir olan şəxslər Azərbaycan SSR Cinayət Məcəlləsinin 227-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunsunlar” ( “Bakinski raboçi” qəzeti, sayı 159, 12 iyul 1926-cı il.(43.sayı 159). Həmin qərar 1927-ci və 1928-ci illərdə müəyyən təshihlərlə yenidən təkrar edilir (SU Azərb.SSR, 1927,№ 6 ; SU Azerb.SSR, 1928, № 10).(44.№ 6, 10)
1929-cu ildə Azərbaycan hökuməti məhərrəmliklə əlaqədar daha bir qərar qəbul etdi. Bu qərarla məhərrəmlik günlərində dini ayinlərin xüsusi evlərdə kütləvi formada icra edilməsi və adamların özlərinə işkəncələr verməsi halları qəti qadağan edildi. ( SU Azərb. SSR, 1929, № 14.(45№ 14).
Hələ RK(b)p MK-nın 1921-ci il avqust plenumu əhalinin ən geniş təbəqələri arasında ateizm təbliğatını gücləndirmək və genişləndirmək zərurətini bir daha qeyd etmişdi. .Plenumun qərarında göstərilirdi ki, elmi ateizm təbliğatı ölkədə iqtisadiyyatın, mədəniyyətin və adamların məişətinin yenidən qurulması və başqa tədbirlərin həyata keçirilməsi məsələləri ilə əlaqələndirilməlidir. 1923-cü il fevralın 24-də Azərbaycan K(b)P MK_sı respublikada din əleyhinə təbliğatı gücləndirmək haqqında xüsusi qərar çıxartdı. (bax:MLİ Azərbaycan filialının partiya arxivi, fond 1, siyahı 74, iş 42, vərəq2). Din əleyhinə mübarizənin gücləndirilməsinə Zaqafqaziya Kommunist təşkilatlarının ikinci qurultayı da ( mart 1923-cü il) xüsusi diqqət yetirdi.
Sənayeləşdirmə və kollektivləşdirmə illərində Azərbaycanda din əleyhinə çoxlu kitab və broşuralar nəşr edilmişdi. Məsələn, 1926-1932-ci illərdə respublikada yerli müəlliflər tərəfindsən 40-a qədər kitab və broşura buraxılmışdı. Bundan başqa rus dilində də bir sıra broşuralar tərcümə edilmişdi. İ.Stepanovun “ Dini etiqadların inkişafı” (1927), A.Klimoviçin “ İslamın sinfi mahiyyəti” (1929), Y.Yaroslavskinin “ Din əleyhunə mübarizəni millətçilik əleyhinə mübarizə ilə əlaqələndirməli (1931) və s.
Görkəmli dövlət xadimi, respublikada ateizm hərəkatının təşkilatçısı S.Ağamalıoğlunun “Namus” (1920) adlı kitabında İslam aləmindəki “namus” anlayışının məzmunu dərin təhlil edilir və bu “namus”dan Şərqdə yaşayan müsəlmanların, xüsusilə də Şərq qadınlarının çəkdikləri əziyyət və həqarətlər nəzərə çarpdırılır. Ateist təbliğatı və ədəbiyyatının hazırlanması işində böyük səy göstərənlərdən biri də M.S.Ordubadi idi.
Bu illərdə (1928-1931) onun aşağıdakı broşuraları çapdan çıxmışdır: “ Mollanın yuxusu”(din əleyhinə, 1929), “ Məhərrəmlik və mədəni inqilab” (1929), “ Köhnə adamlar”(1930), “Bu da bir möcüzə” (1930), “Məhərrəmlik adətləri əleyhinə”(1930), “ Qurban mövhumatı” (1931), “ Məhərrəmlik mövhumatları və onun sinfi mahiyyəti” (1930; V.Xuluflunun 1928-1929-cu ullərdə Azərbaycan və rus dillərində “Panislamizm, imperializm və ruhaniyyət” adlı kitabı, 1930-cu ildə “Din və qadın”, “Din və mədəni inqilab” kitabçaları nəşr edilmişdir.
Elmi ateizmin təbliğində böyük rol oynayan maraqlı əsərlərdən alim M.Quliyevin “Mədəni inqilab və İslam” (1928), B.Rzayevin “ Bəhailər kimlərdir?”(1930), T.Hüseynovun “Orucluğun əmələ gəlməsi” (1930), A.Məmmədovun “Bəhailik” (1931), “İslam” (1933), Azərbaycan Mübariz Allahsızlar İttifaqı Şurası tərəfindən hazırlanıb buraxılan “Din və proletariat” (1928), “ Kəndlilər və din” (1928) kitabça və broşuraları da göstərmək olar.
1932-1933-cü illərdə respublikada Mübariz Allahsızlar İttifaqı Şurasının orqanı olan “Allahsız” adlı xüsusi jurnal da fəaliyyət göstərmişdir. Kütlələrin ateizm ruhunda tərbiyə edilməsində ümumi partiya mətbuatı da mühüm rol oynayırdı. Respublika partiya təşkilatlarının orqanları olan “Kommunist” və “Bakinski raboçi” qəzetlərində , “Bolşevik”, “Təşviqatçı”, “İzvestiya Sentralnoqo i Bakinskoqo komiteta Azerbaydjanskoy Kommunistiçeskoy Partii (bolşevikov)” və başqa jurnallarda müntəzəm olaraq din əleyhinə təbliğata dair nəzəri və metodiki məqalələr buraxılırdı.
1929-1930-cu illərdə “Kommunist” qəzetinin səhifələrində din əleyhinə təbliğata dair 40-dan çox məqalə dərc edilmişdir. Məsələn, “Şərqdə din ilə mübarizə məsələsi”, “Orucluq sosializm yürüşü yolunda böyük əngəldsir”, “Din aşağı təbəqənin deyildir”, “Qurban kəsmək mövhumatı”, “Mərsiyə dövrü necə başlandı”, “İkinci beşillikdə siniflərin məhv edilməsi və dinə qarşı mübarizə” və başqa ümumi-nəzəri xarakterli məqalələr dərc edilmişdir.
Sovet hökumətinin bu cür sərt siyasət yeritməsinə baxmayaraq, namaz qılan da, oruc tutan da,qurban kəsən də, məhərrəm ayında təziyə saxlayan da, şaxsey-vaxsey deyənlər də var idi. Hələ dini təbliğatın güclü olduğu bir dövrdə dinin bəzi qüsurlu cəhətlərini qorxa-qorxa tənqid edənlər Sovet hökumətinin bu siyasətindən “ruhlanaraq, vaxtilə din haqqında deyə bilmədiklərini indi daha açıq şəkildə deməyə başladılar. Sovet hakimiyyəti illərində Hüseyn Cavid daha məhsuldar işləməyə başladı. Bu illərdə yazılmış əsərlərdə də dini ehkamların, din xadimlərinin xoşagəlməz fəaliyyətləri , mövhumat, xurafat və cəhalətin tənqidi əsas yer tuturdu.
“Afət” pyesində(1922) kitabları inkar, elmi əsərləri rədd edən dinlərdən uzaqlaşmağa çağırış eşidilir, dinin ilahi mənşəyindən imtina fikri irəli sürülür. :” Bu kitabları qaralayan dinlərdən, məzhəblərdən uzaqlaş! İştə hər ulduzun incə təbəssümləri, hər günəşin yıldızlı baxışları hər gün yeni bir din, yeni bir məzhəb doğurur. Hər qürubun ölgün nəfəsi, hər gecənin səssiz qaranlığı o günkü günəşlə bərabər, o günkü dinin də məzara kömüldüyünü elan edir. Hətta, hər mövsümün, hər ayın, hər həftənin, hər günün allahları bir-birindən ayrı, bir-birinə düşməndir”.
Müsəlmanlara görə, günahların bağəşlanması üçün məscidlər ən müvafiq və müqəddəs yerlərdir. İnsanlar burada ibadətlə məşğul olur, Allah dərgahına əl qaldırıb təqsirlərindən keçməyi, günahlarının bağışlanmasını tanrıdan diləyirlər. “ Xəyyam” pyesində isə əsərin qəhrəmanı olan Xəyyam üzünü xacə Nizama tutaraq musiqi məclisinin məsciddən daha yaxşı və onun üçün xoş olduğunu bildirir:

Camidənsə, musiqi məclisi xoşdur məncə-deyir.

Əbu Tahir məscidə ibadətgah, Allahın evi kimi baxmır, əksinə, saray gözəllərinin toplaşdığı məscidi cənnət hesab edərək Xəyyama deyir:
Cənnət istəsən əgər çamiyə var,
Çox saray qızları gəlmiş.

Hüseyn Cavid gözəlləri tanrı səviyyəsinə qaldırır və tanrıya tapınmaq əvəzinə, həmin gösəllərə tapınmağı məsləhət görür. Sevdaya:
Bəs tanrıya lazımdırsa tapınmaq,
Zövq əhli tapınsın sana birdən, -deyir.

Hüseyn Cavidin əsərlərində ruhanilərin xalqı aldatdıqları, cənnət və cəhənnəm ideyasının puç olduğu, insanların məhz bu dünyada cənnəti, cəhənnəmi hiss etdikləri söylənir “Azər” poemasının “Məsciddə” bölməsində biz Azərin Şeyxə müraciətlə dediyi bu ifadələri eşidirik:
Şeyxim, aldatma xalqı, dinlə məni,
Bütün əfsunlu sözlərin xülya...
Gəl burax göylərin hekayəsini,
Enəlim kəndi doğma yurdumuza,
Burda cənnət də var, cəhənnəm də.

Əsərin qəhrəmanı Azər Allah ideyasının açıqca əleyhinə çıxır, göylərin hekayəsini söyləməməyə çağırır. Burada Hüseyn Cavid dinin ictimai rolunu anlamaq səviyyəsinə yüksəlir. Şair təsvir edir ki, Şeyxin dini təlqinlərindən sonra camaatdan pul yığılır, cənnət pula satılır. Bu ruhani xadimlər xalqı aldadır, onu soyurlar. Əsərin “Məsciddə” bölməsində biz aşağıdakı misralara rast gəlirik:
Fırlayıb minbərə bir şeyx o zaman,
Əl verir-söylədi-fəryadü fəğan.
Yetişir, inlədiniz, ağladınız,
Dul qadınlar kimi yas saxladınız.
Gəlin artıq azacıq kəndinizə,
Qanlı göz yaşları cənnətdə sizə
Əbədi zövq, səadət verəcək,
Olacaq həmdəminiz huri, mələk.

“Azər” poemasında Hüseyn Cavidin ateizmi artıq aşkar ifadə olunur. Burada Azər Şeyxə müraciətlə deyir:
Əski dahilər “iştə həqq” dedilər,
Çırpınıb bir həqiqət izlədilər,
O həqiqət bu gün xəyal oluyor,
Dünki şən bağçalar bu gün soluyor.
Qızma, şeyxim, sizin yaratdığınız
Tanrı ölmüş də, yoxdur ağlayanı,
Bax, həqiqət də,bəlkə haqq da budur.
Səni hər kim doyursa, tanrı odur.

Hüseyn Cavidin din əleyhinə baxışları , onun ateizmi , eyni zamanda, elmin nailiyyətlərini qəbul etməklə birləşir. Dini inkar edən şair elmi dinə qarşı qoyur, elm ilə cəhalətin bir yerə sığa bilmədiyini söyləyir. İnsanın ləyaqətini, şərəfini yüksəltməyin mümkün olduğunu iddia edərkən, şair bildirir ki, cənnət arzusu ilə yaşayanlar məhz bu dünyada belə həyat yaradılmasına çalışmalıdırlar, bundan ötrü isə elm, maarif geniş yayılmalı, məbədlər kitabxanalara çevrilməlidir, onda hər tərəfdə cənnət yaranar, qanlı hakimlər öz hökmranlığını itirər, insan ləyaqətinə və heysiyyətinə hörmət qoyular.
Yer üzərində belə bir cənnətin yaradılması haqqındakı özünün ictimai utopiyasını dinə qarşı mübarizə ilə əlaqələndirən Hüseyn Cavid Azərin dili ilə deyir:
Könlünüz cənnət istiyorsa əgər,
Xocanız başqa nəğmə bulmalıdır.
Mütəvəkkil duran şu məbədlər
Həp kütübxanə, məktəb olmalıdır.

Sovet ideologiyası çərçıvəsində işləməyə məhkum olunmuş filosoflar, digər mütəfəkkirlər tədqiq etdikləri şəxsiyyətlərin yaradıcılığında islam dini əleyhinə olan ən kiçik və zəif bir fikri belə üzə çıxarıb işirdilmiş və qabarıq şəkildə verməklə, bolşevizmə sədaqətli olduqlarını sübut etməyə çalışırdılar. Zamanın tələbi belə idi. Bundan qaçmaq mümkün deyildi. Yazılma tarixindən asılı olmayaraq, din əleyhinə olan hər hansı bir əsərin mövcud ideologiya mövqeyindən təhlil və tənqidi alimlərin, tədqiqatçıların qarşısına qoyulmuş vacib bir vəzifə idi. Bu vəzifənin icrasında kiçik bir səhvə yol verənlər ciddi cəzalandırılırdılar. Bəziləri qorxudan, bəziləri isə yarınmaq xatirinə öz fəaliyyətlərini bu istiqamətə yönəldirdilər. Ona görə də bu dövrdə din əleyhinə yazılmış əsərlər, məqalələr, məruzə və mühazirələr çoxluq təşkil edirdi.
Bizim məqsədimiz XX əsrdə Azərbaycan filosoflarının İslan dini haqqında dediklərini, düşündüklərini, yazdıqlarını, ümumiyyətlə, dinə münasibətlərini öyrənmək və ictimaiyyətə çatdırmaqdır.
Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində tanınmış simalardan biri, müasirləri ilə müqayisədə çox-çox irəli getmiş intellekt sahibi olan görkəmli ictimai-siyasi və dövlət xadimi, böyük filosof Heydər Hüseynov da xalqımızın məşhur materialist filosofu M.F.Axundov haqqında “Din əleyhinə cəsur mübariz” adlı 19 səhifəlik bir kitabça yazmışdır. Burada Axundovun ancaq din əleyhinə olan yazıları, fikirləri, tənqidi qeydləri qabarıq şəkildə nəzərə çarpdırılrı və müəllif bunların müşayiəti ilə öz fikrini də bildirir. Məsələn, “M.F.Axundov dinin-təbiətdən kənar qüvvələrə, puç, mövhumi şeylərə inanmaqdan başqa bir şey olmadığını bilirdi” cümləsində əsasən müəllifin öz fikri verilmişdir.
M.F.Axundovun İslam dini haqqındakı tənqidi qeydlərini şərh edərkən, bu dinə özünün də münasibətini bildirməkdən çəkinməyərək deyir: “Dindən xilas olmağın yolu yalnız elmdir, hər bir kəs öz fikrində dinin həqüiqi olmaması haqqında bir şübhə yaratmalıdır...Əgər dinin mahiyyəti və əsassızlığı haqqında şübhə yaransa, yavaş-yavaş həqiqət anlaşılacaq və insan cəhalətdən qurtyaracaqdır...Bütün dinlər inkişaf üçün əngəldir.”
Heydər Hüseynov dinin yaranma səbəsini çox gözəl bilirdi. Ancaq bu biliklərin düzgünlüyünü, həqiqiliyini təsdiq üçün fransız ateist filosoflarının din haqqında söylədiklərini sitat gətirir. Müəllif yazır:” Fransız ateistləri Didro, Lametri, Holbax, Helvetsi kimi filosoflar dinin əmələ gəlməsində avamlığın və qorxunun rolunu qeyd etmişlər. Hətta onlar “nə zaman ki, axmaq, keşişə rast gəldi, o zamandan da din törədi” müddəasını irəli sürmüşlər. İnsanlar nə qədər qorxu altında qalarlarsa, bir o qədər dindən qurtara bilməzlər. Xalq uydurulmuş cəhənnəmin əzabından qorxmasaydı, heç bir dinə inanmazdı. Dini törədən səbəblərdən biri də avamlıq və savadsızlıqdır.”
Azərbaycanın görkəmli filosoflarından biri də Ə.K.Zəkuyevdir. O da bir filosof kimi, dövrün tələbinə, sovet hökumətinin, kommunist partiyasının ideoloji xəttinə uyğun olaraq, apardığı tədqiqat işlərində araşdırdığı şəxsiyyətlərin ancaq din əleyhinə olan görüşlərini qabartmağa, hərtərəfli şərhini verməyə çalışmış, bununla da İslam dininə qarşı kütləvi mübarizədə ateistlərə kömək etmişdir.
1958-ci ildə yazdığı 90 səhifəlik “Bəhmənyarın fəlsəfi görüşləri” adlı əsərində də Bəhmənyarın din əleyhinə yönəlmiş fikirləri, müddəaları xüsusi olaraq diqqətə çatdırılır
Əsərin “Giriş” hissəsindən məlum olur ki, müəllif ateizmə, materializmə kömək məqsədilə Bəhmənyarın fəlsəfi görüşlərinin tədqiqini vacib və zəruri sayır. Əgər Bəhmənyar sırf idealist, qatı dindar olsa idi, onda müəllif Bəhmənyarın tədqiqinə girişməz və özünü belə boş şeylərdən ötrü zəhmətə salmazdı. Hökumətə xoş gəlmək, elmi dərəcə almaq üçün bu, hökmən vacib idi. Müəllif “Giriş”də yazır:”Bəhmənyarın idealist fəlsəfi fikirlərindən bir çoxu, ümumiyyətlə, dini ehkamlara və o cümlədən İslam dini əlkeyhinə yönəldilmişdir. Məlumdur ki, bir idealistin başqa bir idealisti tənqid etməsi materializmə yalnız fayda verə bilər. Deyilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, Bəhmənyar Mərzban oğlunun fəlsəfi görüşlərinin tədqiq edilməsi tamamilə zəruridir”.
Zəkuyevin Bəhmənyar haqqında dediyi bu sözlər müəllifin özünün də ateist və eyni zamanda materialist olduğunu söyləməyə bizə əsas verir. Bu, belə də olmalıdır. Mümkün deyil ki, kommunist partiyasının üzvü olasan, amma din əleyhinə heç nə deməyib, heç nə yazmayıb, hardansa bir fikir üzə çıxarmayıb , elmi yaradıcılıqla məşğul olmaqda davam edəsən. Xüsusən fəlsəfə sahəsində çalışan alimlər üçün bu, yolverilməız hal idi. Ona görə də sovet filosoflarının din əleyhinə çıxması, işləməsi, yazması təəccüb doğurmamalıdır.
Tanınmış filosoflarımızdan Möhbalı Qasımov da özünün dinə münasibətini bildirmək üçün “Mirzə Fətəli Axundovun İslam dini əleyhinə mübarizəsi” adlı 42 səhifəlik kitabçasını nəşr etdirmişdir. M.Qasımov yazır:” Axundovun fikrincə, tərəqqi və azadlıq ideyalarının xalqın şüuruna yiyələnib onu ictimai həyatı dəyişdirmək uğrunda mübarizəyə aparması üçün birinci növbədə, ictimai şüuru din və cəhalətin təsirindən azad etmək lazım idi. Bu yolda başlıca maneə isə, Axundova görə, İslam dini idi”.
Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Göyüşov isə X1X əsr Azərbaycan maarifçilərini ateizm səviyyəsinə yüksələ bilmədiklərinə görə tənqid edir. Allahın adını çəkdiklərinə, bəzən Qurandan sitat gətirdiklərinə görə qınayır, məzəmmət edirvə bununla da özünü sovet ideoloqu hesab edir: “Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Azərbaycanın o zamankı tarixi şəraiti və dünyagörüşlərininməhdudluğu üzündən bu dövrdəki (X1X əsr) maarifçilərdən heç biri ateizm səviyyəsinə yüksələ bilməmişşdir. Onların hamısı öz əsərlərindəallahın adını çəkir, bəzən hətta Qurandan ayələr də gətirir”
Z.Göyüşov İslam dinində heç bir müsbət, xeyirli, faydalı bir şey görmür. Bu dini və onun müddəalarını , qayda-qanunlarını cəfəngiyat, mürtəce vcə əxlaqa zidd hesab edir. 1953-cü ildə Bakıda nəşrolunan “İslam dininin bayram və ayinlərininmənşəyi və onların mürtəce mahiyyəti” adlı əsərinin adı Z.Göyüşovun İslam dininə münasibətini açıq göstərir.
Yəqindir ki, Ziyəddin müəllim heç də allahsız və dinsiz olmamışdır. Lakin zamanın, siyasi şəraitin tələbinə uyğun olaraq hərəkət etmiş, sovet rejiminə xoş gəlmək, özündən əvvəlkilərin başlarına gətirilən müsibətlərə məruz qalmamaq üçün belə əsərlər yazmağa məcbur olmuşdur. Əsil həqiqətdə isə İslamın bir sıra hökml
əri , ayin və mərasimləri , bayramları mütərəqqi xarakter daşıyır. Məsələn xüms və zəkat verməyin vacib olduğunu götürək. Bu prinsipə, bu göstərişə görə, ailənin illik xərcindən artıq qalan qazancın, gəlirinbeşdə bir hissəsi kasıblara, ehtiyacı olanlara: yetimlərə, kimsəsiz qocalara, xəstələrə və sairələrə verilməlidir. Belə bir humanist qanunun, əməlin nəyi mürtəcedir? Qurban və ramazan bayramlarında icra olunan əməllər də mahiyyət etibarilə əhalinin imkansız təbəqələrinə yardım xarakteri daşıyır. Kəsilən qurbanlar, verilən ehsanlar, ayrılan fitrə pulları, birinci növbədə, kasıbları, ehtiyac içərisində yaşayanları təmin etmək üçün nəzərdə tutulur. Bunun nəyi pisdir?
Azərbaycan fəlsəfə elminin ağsaqqalı kimi tanınan akademik F.Köçərli 1964-cü ildə nəşr etdirdiyi “ Din və onun mənşəyi” adlı kitabçasında göstərir:”Din bir-birini əvəz dən bütün istismarçı quruluşların (quldarlıq, feodalizm, kapitalizm) “ədalətli” , “əbədi”, və “sarsılmaz” olduğunu elan etmiş, hakim siniflərin əlində zülm silahı olmuşdur.”
Maraqlıdır, filosof bu müddəaları İslam dininin hansı göstərişlərində oxumuş və ya rast gəlmişdir? İslam dini ba.qa, bu dini təbliğ edənlər başqa! Söhbət İslam dinindən gedirsə, ya peyğəmbərə, ya da Qurana istinad etməl lazımdır. Yəni islam dini bu formasoyaların heç biri haqqında “ədalətli”, “əbədi”, “sarsılmaz” işlətməmişdir. Bu, sovet ideoloqlarının qərəzli və məkirli uydurmasıdır.
Firudin müəllimin dini məhv etmək, aradan qaldırmaq üçün təklif etdiyi üsul da (hər halda bu, təkcə onun fukri deyildir) çox maraqlıdır: Müəllif yazır: “ Deməli, dini məhv etmək üçün onu yaşadan və qidalandıran quruluşu, xüsusi mülkiyyətə əsaslanan istismarçı quruluşu məhv etmək, insanın insan tərəfindən hər cür istismarına son qoymaq lazımdır”
Əgər nəzərə alsaq ki, insanların dini təsəvvürləri feodalizm quruluşundan, yəni xüsusi mülkiyyətin əmələ gəlməsindən neçə min il əvvəl yaranıb formalaşmışdır, onda xüsusi mülikiyyəti və ona əsaslanan istismarçı quruluşu məhv etməyin mənası yoxdur. Bu yolla heç bir şeyə nail olmaq mümkün deyil. Başqa bir cəhət: elm, texnika ağlasığmaz dərəcədə inkişaf etdikcə, Allaha, onun qüdrətinə olan inam , etiqad daha da artacaq...
Bunlardan başqa, filosoflardan Mikayıl Məmmədov, Qədim Mustafayev, Əhməd Həsənov, Fərrux Ramazanov, Məqsəd Səttarov və başqaları da islam dini əleyhinə çoxlu kitab və broşuralar nəşr etdirmişlər.Yuxarıda qeyd edildiyi kimi, dövr, şərait bunu tələb edirdi. Həm də bu sahədə kim daha çox fəallıq göstərsə idi, sovet hökumətinə, kommunist partiyasına olan sədaqətini əyani şəkildə sübut etmiş olurdu.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Qabaqcıl Maarif Xadimi
.


Xeberdar.net


XƏBƏR LENTİ