Sabiq Baş nazir Pənah Hüseyn:“4 iyun qiyamını yatırmağa kifayət qədər imkanlarımız qalırdı”

783 4-06-2018, 13:09 gundem

Sabiq Baş nazir Pənah Hüseyn:“4 iyun qiyamını yatırmağa kifayət qədər imkanlarımız qalırdı”
“4 iyun Gəncə qiyamı ilə 1992-c ildə müharibənin bitməsi, Kəlbəcərin azad olunması ilə ərazi bütövlüyümüzün saxlanması şərti çərçivəsində həyata keçirilməyə başlanan plan pozuldu”.

Bu sözləri Azərbaycanın sabiq Baş naziri, Gəncədə keçirdiyi əməliyyatlara birbaşa nəzarət etmiş Pənah Hüseyn modern.az-a iyun qiyamının ildönümü ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, 4 iyun tariximizin ən ağır səhifələrindən biri kimi xatırlanır: “Daha bir neçə rayonumuz işğal olundu. Daxildə vətəndaş qarşıdurması baş verdi. Əlbəttə, bunların nəticələrini bu gün də hiss etməkdəyik. O baxımdan da 4 iyun tariximizin ən ağır səhifələrindən biri kimi yadda qalıb”.

Sabiq baş nazirin sözlərinə görə, o vaxtlar ölkədə öncə hərbi, sonra isə siyasi müxalifət Azərbaycana düşmən münasibətdə olan xarici qüvvələrlə işbirliyi şəraitində Əbülfəz Elçibəyin qanuni hakimiyyətinə qarşı qiyam qaldırdılar. Nəticədə ölkədə ciddi siyasi böhran yarandı:

“Mən burda prezidentin hansısa günahını görmürəm. Çünki Elçibəy bu məsələdə bizə, o cümlədən mənə tam səlahiyyət vermişdi. Hesab edirəm ki, bu, xeyli dərəcədə subyektiv amillərlə bağlı oldu. Hətta qiyamçılar Gəncədə bir çox dövlət məmurunu həbs edəndən sonra da qiyamı yatırmağa kifayət qədər imkanlar qalırdı. Olub keçəndən sonra əlbəttə ki, danışmaq və dəyərləndirmək heç də həmişə doğru olmur. Amma hesab edirəm ki, daha cəsarətli və daha qətiyyətli addımlar atmaq lazım idi. İndiki bu zaman məsafəsindən baxanda, hesab edirəm ki, bizim hökumət daha cəsarətli addımlar atmalı idi. Qiyamın yatırılması üçün Konstitusiyanın verdiyi bütün imkanlardan istifadə edilməli idi”.

XƏBƏR LENTİ