Aclıqla bütün xəstəliklərə qalib gəlmək olar, əgər...

1 296 26-09-2018, 10:41 maraqli

Aclıqla bütün xəstəliklərə qalib gəlmək olar, əgər...Və ya autofaqiya barədə bilmədiklərimiz; uzun ömürlü olmaq üçün bu məhsullardan uzaq durun...

Bu, çox da geniş araşdırılmamış bir mövzudur. Amma biz sizə “uzun müddət ac qalmaqla bütün qorxunc xəstəliklərdən qurtulacaqsınız” deyə anons versək, diqqətinizi çəkəcək. Ac qalmaq ölümə bərabərdir düşüncəsinə qapılmadan öncə “Yeni Müsavat”ın bu yazısını oxumanız məsləhətdir.

Ondan başlayaq ki, yapon alimi, Tokio Texnoloji İnstitutunun professoru 71 yasli Yohsinari Ohsumi autofaqiya mexanizmlərinin kəşfinə görə 2016-cı ildə tibb üzrə Nobel mükafatı ilə təltif olunub. Professor 27 ilini autofoqiyanın elmi tədqiqatlarına sərf edib. O, bu sahədə elmi araşdırmalarına 1988-ci ildə başlayanda autofaqiya artıq tibb elminə məlum idi. İlk dəfə 1974-cü ildə autofoqiya fikrini irəli sürən elm adamı Kristian Dyub olmuşdu.

Autofaqiya nədir?

Autofaqiya hüceyrələrin özünü yeniləməsi və bədənin həyati fəaliyyəti üçün vacib təbii prosesdir. Ohsumi araşdırmalar zamanı aşkar edib ki, insan orqanizmindəki hüceyrələr öz-özünü yeniləyir və hüceyrə daxilində zədələnmiş və köhnəlmiş hüceyrələri təmizləyir, yeni autofaqiya prosesi gedir. Onun bu kəşfi digər xəstəliklərin müalicəsinə işıq tutub. Elm adamları bir çox xəstəliklərin, o cümlədən xərçəng hüceyrlərinin yayılmasının və beyin xəstəliklərinin autofaqiya sayəsində qarşısının alınacağına əmindilər. Onlar bu sahədə öz elmi araşdırmalarını davam etdirirlər.

Zaman-zaman insan bədənində köhnəlmiş (zibilə atılmış) hüceyrələr yığını qalır. Hüceyrələr öz hərəkət fəaliyyətinə görə insanlara bənzəyirlər. Artıqları (zibilləri) torbalara doldurur (otofagozomlar) və konteynerlərə anbarlayırlar. (lizozomlar). Ən çirkli olanları yox edib, həzm edirlər (yeyirlər), bəziləri də yenidən dönüşdürülərək enerji yaratmağa sərf edilir.

İnsan bədənində həyat üçün önəmli olan iki qarşılıqlı proses var: yeni proteinlərin, yeni hüceyrələrin sintezi və köhnə hüceyrələrin təmiri - təmizlənməsi. Bədən bütün gücünü yeni hüceyrələrin sintezinə yönəltdikdə autofaqiya prosesi yavaşıyır və insanın yaşlanması sürətlənir. Əksinə, autofaqiya hakim olduğu təmir-təmizlənmə prosesi getdikdə isə yaşlanma yavaşlayır, proteinlərin (zülalların) sintezi dayandirılır. Zülallar insan orqanizmində iki növdə, bədənin strukturunun bərpası (köhnə hüceyrələrin bərpası) və yeni hüceyrələrin yaşlanmasında rol oynayırlar. Zülallar həmçinin amin turşuları və meteoninlər orqanizm üçün faydalı olduğu qədər də yaşlanmaya səbəb olan amillərdəndir. Bunlar ən çox yumurtanın, qırmızı ətin, süd və süd məhsullarının tərkibində mövcuddur. Sağlamlıq və uzun ömürlülük naminə bacardıqca sözügedən tərkibli məhsullardan uzaq durmaq lazımdır.

Karbohidratlar: karbohidratlı qidalar hüceyrlərin yenilənməsini və köhnə hüceyrələrdən təmizlənmə prosesini aparır. Karbohidratlar ən çox bitkilərin tərkibində var. Bədəni yeniləmək üçün zülallardan, amin turşularından, meteoninli qidalardan az qəbul etmək lazımdır. Bol su içilməli, çay şəkərsiz, qəhvə südsüz içilməlidir. Qidalananda da ən çox xam (çiy) tərəvəzlərə üstünlük verilməlidir. Orqanizm xaricdən qidayla zülalları, amin turşularını və meteonini almadıqda hüceyrələr bədənin yenilənməsinə və köhnə hüceyrələrdən təmizlənmə prosesinə yönəlir. Və həyati proses üçün lazım olan karbohidratları, zülalları hüceyrə daxilindən əldə etməyə çalışır. Bununla yanaşı, Yahusinari Ohsumi aşkar edib ki, aclıq zamanı hüceyrələr özlərini yeniləyir və zədələnmiş hüceyrələri enerji üçün anbarlayıb, köhnələri isə həzm edir. O, həftə ərzində 3 gün ardıcıl ac qalma sayəsində orqanizmin özünü yenilədiyini kəşf edib.

Alimlər nə deyir?

Ümumiyyətlə, tibdə autofaqiya çox az öyrənilib. Sadəcə, buna ümidlər böyükdür. Hesab edilir ki, bu proses aktiv şəkildə çəki itirilməsinə, sağlamlığa və ömrün uzanmasına xidmət edəcək.

Şübhəsiz ki, siçanlar üzərində keçirilən təcrübə bu prosedurun uğurlu olduğunu sübut edir. Bu fikri müdafiə edənlərdən biri də David Rubinşteyndir. Molekulyar nerogenetika üzrə professor, Kembric və Britaniya elmi araşdırmalar institutunun elmi işçisi bildirib ki, bu versiya elm aləminə məlum olan gündən heyvanlar üzərində təcrübələr keçirilib. Aclığa məhkum edilən heyvanların daha uzun, sağlam və tam qaldıqları məlum olub. Amma hələlik bu təcrübənin insanlar üzərində nə qədər effektiv olduğu məlum deyil: “Məsələn, siçanlar üzərində bu aclığın nəticəsini 24 saat sonra müşahidə etmək lazımdır. Daha doğrusu, onların beynində nəticə özünü bir sutka sonra göstərir. Amma digər orqanlarda, məsələn, böyrəkdə bu, daha tezdir. Doğrudur, biz bu cür aclığın faydalı olduğunu bilirik. Amma müsbət nəticələr əldə etmək üçün bunun nə qədər davam etməli olduğu barədə dəqiq məlumatımız yoxdur”.

“Autifaqiya” sözü yunan mənşəlidir. Auto (özü) və “faqin” (yemək) sözlərindən yaranıb. Bu, elə bir prosesdir ki, yararsız hüceyrələr məhv olur və öz komponentlərini yaradır. Bu, enerji mənbəyi ilə orqanizmi təmin edir və yeni hüceyrələrin yaradılması üçün mərhələ sayılır. Orqanizmə hər hansı infeksiyanın düşməsi və autofaqiyanın işə başlaması ilə bakteriyaların, virusların yox edilməsi prosesi gedir.

Autofaqiya prosesi 20-ci əsrin 60-cı illərində elmə məlum olub. Amma onun əhəmiyyəti 90-cı illərdə qabardılıb. Bu da Yosinori Osuminin araşdırmalarından sonra baş verib. “Biz müəyyən etdik ki, bu üsul insanları Parkinson, Gentinqton və demensiyanın bir neçə formasından xilas edir”. Bunu da David Rubinşteyn deyib. Eyni zamanda bu proses infeksiyalarla mübarizə və soyuqlama prosesi ilə mübarizədə qalib gəlir. Sağlam həyat tərzi ilə bağlı bütün araşdırmaların mərkəzində isə diyetanın gücləndirilməsi kimi məqamlar yer alır.

Məsləhətçi diyetoloq Naomi Uittel 15 günlük proqram təklif edib. Bu proqram həftədə 3 dəfə olmaqla, 16 saatlıq aclıq təklif edib. Bu proqram özündə həmin günlərdə zülal istehsalını da qadağan edir: “Bəzi insanlar 15 gün ərzində bu üsul sayəsində 3 kilo atıblar. Digərlərində arterial təzyiq nizama düşüb, eyni zamanda qırışları düzəlib”.

Professor Rubinşreynin sözlərinə görə, bu tövsiyələr heç bir ziyan verə bilməz: “Siz qeyri-sağlam həyat tərzi keçirirsizsə, daim nəsə yeyirsizsə və ya ziyanlı qidalar qəbul edirsizsə, bu prosesə qoşula bilməyəcəksiz”.

Britaniya və Norveç alimləri mədə-bağırsaq xəstəlikləri, o cümlədən xərçəng zamanı qəbulu vacib olan qidaların adlarını açıqlayıblar. Britaniyanın Uorik Universitetinin apardığı tədqiqatın nəticələrini Nature Communications açıqlayıb. Nar, qırmızı üzüm, armud, göbələk, mərcimək, soya və yaşıl noxud mədə-bağırsaq xəstəliklərinin profilaktikasında xüsusi effektə malikdir. Alimlərin sözlərinə görə, sözügedən qidalar bədəndə iltihab prosesinin inkişafının qarşısını alaraq autofaqiyaya (hüceyrənin daxilində, yenilərilə əvəz olunmuş köhnə orqanoidlərin (məs. mitoxondri və s.), zülal və digər maddələrin həll olması, bir sözlə, lazım olmayan, xüsusi zərərli komponentlərdən ibarət hüceyrələrin məhv edilməsidir) müsbət təsir göstərir.

Alimlər bu qənaətə autofaqiyanın normal mexanizminin təsirlərini müəyyənləşdirərkən gəliblər. Autofaqiya düzgün işləməyəndə, belə zülallar toplanır və iltihaba təhrik edir.

Araşdırma Nobel mükafatı qazanıb

2016-cı ildə İsveçin paytaxtı Stokholmda tibb sahəsi üzrə Nobel mükafatı laureatı autofaqiya mexanizmlərinin kəşflərinə görə yapon alimi Yesinori Osumi layiq görülüb. Bu qərar Nobel Assambleyasının 50 üzvü tərəfindən səsvermə yolu ilə qəbul edilib.

Y.Osumi 1945-ci ildə Yaponiyanın Fukuoka şəhərində anadan olub. 1974-cü ildə Tokio Universitetində doktorluq dərəcəsini alıb. Nyu-Yorkun Rokfeller Universitetində üç il araşdırmalar aparan alim daha sonra Tokio Texnologiya İnstitutuna gələrək burada tədqiqat qrupu yaradıb. Yapon bioloqu hüceyrə daxili parçalanma prosesinin tədqiqi ilə iyirmi ilə yaxın bir müddətdə məşğul olub. Tədqiqatlar nəticəsində alim tərəfindən mayada autofagiyaya cavabdeh olan genləri ayırmaq və digər orqanizmlərin hüceyrələrində oxşar prosesləri təsvir etmək mümkün olub. Alimin tədqiqatları müxtəlif fizioloji proseslərin (aclığa adaptasiya, yoluxmaya reaksiya) hissələri kimi autofagiya anlayışında yeni istiqamətin əsasını qoyub.

O, autofaqiya - “özü-özünü yemə” adlanan mexanizmi kəşf edib. Sadə dillə desək, insan hüceyrələri orqanizmdə zərərli və artıq maddələri tanıya, sonra onları xüsusi “kisələrə” - membranlara yerləşdirərək həzm edə bilir. Bu həzmdən alınan “xam mal” isə yeni hüceyrələrin yaranmasına sərf olunur.

Məlum olub ki, autofaqiya prosesi xüsusən stress vaxtı - məsələn, yeməkdən özünü saxlayanda fəallaşır. Başqa sözlə, insan hüceyrələri qidalanmağa bir şey tapmayanda, onlar orqanizmdə zərərli maddələri, o cümlədən xəstəlik yaradan bakteriyaları tapır və “yeyir”.

Beləliklə də yapon aliminin araşdırması, məsumların orucun orqanizmə faydası və orqanizmi zərərli elementlərdən təmizləməsi haqqında buyurduqları hədisləri təsdiq edir.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

XƏBƏR LENTİ