“ÜRƏK YORULDUM DEMİR... NƏ YAXŞI!”+FOTO

1 276 8-11-2018, 21:03 kose / siyaset / gundem

“ÜRƏK YORULDUM DEMİR... NƏ YAXŞI!”+FOTO
Nə yaxşı, mehribanım,
Həyatımda sən varsan.
Bir nağıl dünyamız var,
Sevgimiz var hər zaman –
Nə yaxşı!


Hər sətrindən səmimiyyət yağan bu gözəl şeirin müəllifi şair Xutra Ramazan (Xutrayev Ramazan Mahama oğlu) 1948-ci ildə Balakən rayonunda anadan olub. Milliyyətcə avar olan şair erkən yaşlarından bədii yaradıcılıqla məşğul olmağa başlamış, ali məktəbi bitirdikdən sonra doğulduğu Şərif kəndinə qayıdaraq, riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Daha sonra məktəb direktoru vəzifəsinə irəli çəkilmiş, doğma övladları kimi sevdiyi şagirdlərinə riyaziyyatın sirlərini öyrətməklə yanaşı, poeziyanın sirli-sehrli aləminin gözəlliklərindən də “dərs keçmişdir”. Təbii ki, belə mühitdə tərbiyə olunan şagirdlərin, tədris edən müəllimlərin əhval-ruhiyyəsi də yüksək olacaq, dərslərin də mənimsənilməsində uğurlar qazanılacaq. Ramazan müəllimdə də belə oldu. Mən bir neçə il öncə bütün bu müsbət keyfiyyətləri öz şair və maarif xadimi şəxsiyyətində cəmləşdirən qələm dostumuz Xutra Ramazanın şeirlərinə “Elimiz.Günümüz” qəzetinin “Ver sözə ehya ki...” adlı poeziya səhifəsində yer verəndə oxuculardan bəziləri zəng edərək bu şairin kimliyi ilə maraqlandılar. Təbii ki, səmimi, xoşagələn şeirlər müəllifi barədə mənə məlum olan bilgiləri versəm də, sonradan “Səhər sovqatı” verilişindəki çıxışına, eləcə də həyat və yaradıcılığından bəhs edən digər bir proqrama baxdıqdan sonra poeziyası ilə mənəvi dünyası eyniyyət təşkil edən şairi sanki yenidən kəşf etdim. Bəli, bu həmin şair idi ki, doğulduğu torpağa, boya-başa çatdığı yurda sidq-ürəkdən bağlanaraq, bütün mənalı ömrünü burada yaşamış, ən isti, ən məhrəm, ən munis kəlmələrini bu torpağın dağına, daşına, çölünə, çəməninə, çayına, bulağına pıçıldamış, sevimli insanlarını lirik ovqatlı şeirləriylə vəsf etmişdir. Şairin duyğuları o qədər coşqun, o qədər həzin, o qədər ürəyəyatımlıdır ki, qələm dostumuz bilmir vəsf zamanı hansından başlayıb, hansında qurtarsın:

Çoxdur bizim yerin zövqü-səfası,
Hansından söz açım, hansından deyim?
Yaxından, uzaqdan gələr sədası,
Çəmənin, çiçəyin nazından deyim?


Gəlin, şairi anlamağa çalışaq: doğrudan da, “bu dillbər məkana cənnət, təbiət adına afət, qızıl payızına nemət” deyirlərsə, gərək onda şair həqiqətən də yurdun “bakirə yazından” desin insanlara. Çünki ilin bütün fəsillərində füsunkar olan Balakən təbiəti gözəlliklərinin vəsfi nə sözə sığandı, nə də bəyana:

Qayaya kök atan qoşa qovaqdan,
Daşlardan süzülən zümrüd bulaqdan,
Dağların qoynunda yaşıl yaylaqdan,
Zirvəsində qarlı qışından deyim.


Deyirlər, dünya təbiətilə nə qədər gözəldirsə, bu təbiəti daha da gözəlləşdirən insanlarıyla möhtəşəmdir, ecazkardır. Nəzərə alsaq ki, Balakən adlı bu dilbər yurdda Azərbaycan türkləri ilə yanaşı digər müxtəlif millətlərin nümayəndələri canbir qəlbdə yaşayıb-yaradır, quruculuq işləri ilə məşğul olaraq, doğma yurdun işıqlı sabahını öz nurlu əməlləri ilə daha da dolğunlaşdırırlar, belə qənaət hasil olur ki, şairi “Hansından deyim” adlı şeiri yazmağa məhz bu xüsusiyyətlər ilhamlandırıb. Şeirdə Balakən torpağının qonaqcanlı insanlarının həyatından gözəl lövhələr öz əksini tapır:

Hər evin qapısı qonaq-qaralı,
Analar, gəlinlər əli sayalı.
Dərmandı süfrənin qaymağı, balı,
Sülhülü dadından, duzundan deyim.


Bu yerdə şairə sözün yaxşı mənasında, həsəd apardım: süfrəsi ballı, qaymaqlı, sülhülülü... evlərin qonaq-qarası olmaq istəyi keçdi ürəyimdən...
Mən şair Xutra Ramazan yaradıcılığının giriş qapısında vizit kartı kimi diqqətimi cəlb edən bu şeirin son bəndindəki mənaya diqqəti yönəltməklə sözümü bitirirəm. Yaxşı ki:

Ramazan vurğundur gözəl hüsnünə,
Ulu keçmişinə, hər xoş gününə.
Min hava üstündə köklənib yenə,
Sinəmin sözündən, sazından deyim.



Azərbaycan Yazıçılar Birliyində şair Xutra Ramazanın 70 illik yubileyi ilə bağlı görüş keçirildi

Yubiley tədbirini yazıçı-dramaturq Elçin Hüseynbəyli açaraq, poeziyasevərlərə şair Xutra Ramazanın ömür və yaradıcılıq yolu barədə qısa məlumat verdi, tədbirdə hər bir qonağa məhz ürək sözlərini və təbriklərini yetirmək üçün imkan yaradılacağını bildirdi. Balakən Rayon İcra Hakimiyyəti aparatının və Yazıçılar Birliyinin sədri Anar müəllimin təbrik məktubları oxunduqdan sonra söz AYB-nin birinci katibi, xalq şairi Fikrət Qocaya verildi. Yubilyarı təbrik edən F.Qoca Balakən kimi dilbər bir yurdda yaşayıb, elə təbiətin və oranın insanlarının özü kimi səmimi, dəyərli şeirlər yazan Xutra Ramazana daha böyük uğurlar, coşqun təb, sönməz ilham arzuladı. Mahmud Kaşğarlı Fondunun baş katibi Elxan Zal Qaraxanlı səmimi təbriklərini yetirdikdən sonra, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Musa Ələkbərli, “Kredo” qəzetinin baş redaktoru, şair Əlirza Xələfli, şairlər Oqtay Rza, Qiymət Məhərrəmli, Maşallah Məftun, Giya Paçxataşvili, Balayar Sadiq, tədqiqatçı Həvva Adəmsoy, Loğman Məhəmmədoğlu və başqaları da öz çıxışlarında yubilyarı təbrik edərək, dəyərli şeirlər müəllifinə gələcək yaradıcılıq yollarında uğurlar arzuladılar.
Sonda “Qoruyaq dünyamızı” adlı yeni şeirlər kitabını oxuculara təqdim edən şair Xutra Ramazan tədbirin təşkilatçılarına və qonaqlara dərin minnətdarlığını bildirərək, yeni şeirlərini poeziyasevərlərə ərmağan etdi.

“ÜRƏK YORULDUM DEMİR... NƏ YAXŞI!”+FOTO





Qiymət MƏHƏRRƏMLİ,
Filologiya üzrə fəlsəfə doktoru, şair

Xeberdar.net








“ÜRƏK YORULDUM DEMİR... NƏ YAXŞI!”+FOTO
“ÜRƏK YORULDUM DEMİR... NƏ YAXŞI!”+FOTO
“ÜRƏK YORULDUM DEMİR... NƏ YAXŞI!”+FOTO
“ÜRƏK YORULDUM DEMİR... NƏ YAXŞI!”+FOTO

XƏBƏR LENTİ