Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!

1 008 10-12-2018, 00:33 cemiyyet / gundem


Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
Onu ilk dəfə şeirlərimizin birgə çap olunduğu “Şəhriyar” qəzetindən tanımışam. Sevilən yazıçımız, rəhmətlik Əlibala Hacızadə baxırdı qəzetin şeir məsələlərinə. Dedi, sənin şeirlərini Ayaz Arabaçıyla bir vermişəm, narazı deyilsən? Düzü, bu adda şair tanımadığımdan, “Arabaçı” təxəllüsü mənə qəribə gəldi. Elə bildim Türkiyədəndir Ayaz Arabaçı. Şeirlərini oxuyanda ana dilimizdə yazıldığını gördüm. Düzü, çox bəyəndim bu şeirləri. Şəkildən qıpçaq türklərinə bənzər xoşsifət bir insanın dumduru baxışları boylanırdı. Nədənsə, bu gözlər həmişəlik yaddaşıma yazıldı... Və Ayaz Arabaçı isimli bu şairin şeirlərini axtarmağa başladı gözlərim hər yerdə...
Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
...İnternet şəbəkələri içərisində ən çox istifadə etdiyim Facebook sosial şəbəkəsidir. Hərdən internetdən inciyib-küsdüyüm anlar olsa da, bəzən onun yaradıcılarının əcdadlarına rəhmət oxumağın da yeri gəldiyini düşünürəm. Çünki məhz internetin geniş imkanları nəticəsində mən ruhuma yaxın şairlərin ədəbi yaradıcılığını yaxından izləyə, necə deyərlər, ruhumun ehtiyacını ödəyə bilirəm. Məlumdur ki, indi məsələsi pis çıxmasın, “itə də daş atsan, gedib “şair”ə dəyir”. Lakin gəlin, qəbul edək ki, məcburiyyət nəticəsində biz leksikonumuza “əsil şairlər” söz birləşməsini daxil etməli olmuşuq. Bəli, məhz barmaqla sayıla biləcək bu əsil şairlərdən biri Ayaz Arabaçı ilə gözəl bir görüşün keçirildiyi gündən bizi artıq bir neçə gün ayırır. Ancaq qeyd etməliyəm ki, hələ də o unudulmaz poeziya təntənəsinin sehri məni tərk etməyib. Həm saysız oxucu axınının yaratdığı əsil bayram əhvalı bizə unudulmaz anlar yaşatdı, həm də “şeir oxuyan yoxdur”, “kimdir indi kitab oxuyan?” kimi fikirlərin yanlışlığının şahidi olduq o gün hər birimiz. Bəli, şeir şeir olarsa, onu oxuyan da olacaq, könül dəftərinə əbədiyyət şərqisi kimi birər-birər yazan da!
O təqdimatda Ayaz Arabaçı “Uzaqlar yaxın olsa...” deyə, bütün uzaqları yaxın etməklə yanaşı, sevilən bir şair kimi də şair-oxucu təmasının şəhdi-şirəsini daddı. Azərbaycan ziyalılığının ləyaqətli nümayəndələri Şair Ayaza, Şəxsiyyət Ayaza, Əqidəsi, Vicdanı saf Ayaza, Bütöv İnsan Ayaza ürəklərində bəslədikləri xoş arzularını söylədilər. Mən də beş-üç kəlmə dedim deyəsən Ayaz Arabaçı adlı sevdiyim şair barədə. Amma inandırım sizi, mən orada heç nə deyə bilmədim Ayaz və onun yaşayan, yaşadan şeirləri barədə... Çünki Ayazı, onun bənzərsiz yaradıcılığını beş-üç kəlməylə dəyərləndirmək heç cürə mümkün deyil. Elə indi də deyə bilmirəm. Bilirsinizmi nəyə görə? Ona görə ki, yazmağa başlasan, gərək kitab yazasan, dastan bağlayasan bu şeirlər barədə... Sağlıq olsun!
Ayazın dəyərini Tanrı verib: onun şeirləri safdır, durudur, təmizdir, nurludur, comərddir, ləyaqətlidir özü kimi! Tədbirdə şairin ünvanına: “Sənin araban cırıldayır. Cırıldayan arabasa uzaq gedər...” – dedilər. Mən də Ayaz Arabaçıya bir-birindən gözəl, sevilən şeirlərindən yükünü tutmuş arabasının “uzun, incə yol”la sonsuzacan irəliləməsini arzulayıram.
Yolun aydın olsun, Arabaçı!

P.S.: Lap yadımdan çıxmışdı: görüşdən bir neçə gün əvvəl FB səhifəsində Ayaz bir şeir paylaşmışdı. Məzmunu isə beləydi ki, guya ilhamı hərdən şairdən küsür, ilham pərisi onu tərk edir, nə bilim, daha nələr...nələr...
Mənsə deyirəm: inanan daşa dönsün, şair! Bu təb ki səndə var, ilham pərindən qaçmaq istəsən belə, o, heç bir zaman sənin yaxandan əl götürməyəcək! Çünki sən artıq o gözəgörünməz pəriylə var olduğun sürəcə adaxlanmısan! Adaxlıbazlığın mübarək!

Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!

Qiymət MƏHƏRRƏMLİ


Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!

XƏBƏR LENTİ