Elman Abbasov: 2019-cu il hakimiyyət üçün sürprizlər ili ola bilər

1 410 8-01-2019, 22:33 siyaset / gundem

Elman Abbasov: 2019-cu il  hakimiyyət üçün sürprizlər ili ola bilərSon vaxtlar siyasi aktiv gənclərə və həbsdə olan siyasi məhbuslara qarşı hakimiyyətin basqılar daha da artıb. Həbs müddətinin bitməsinə az qalmış siyasi məhbuslar yenidən şərlənir, qondarama cinayət işi qaldırılır. Belə ki, həbsinin bitməsinə iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi başlanılıb. Bundan əvvəl isə analoji hal AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimə qarşı da baş verib.

Yanvarın 3-də "Neftçilər" stansiyasının qarşısında "Mehman Hüseynova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarları ilə fəal gənclər piket keçiriblər. Mehman Hüseynov üçün keçirilən dəstək aksiyasına polis müdaxilə edərək dağıdıb. Aktiv fəallar polisə aparılıb.Polisə aparılanlar arasında jurnalistlər də olub. Nizami Rayon Məhkəməsi gənc fəall və gurnalistlərə sutkalıq həbs verib və bir neçəsini cərimələyib.
Hakimiyyətin gənclərə, siyasi məhbuslara qarşı etdiyi bu hərəkətləri qəti şəkildə qəbul edilməzdir və pisləyirik. Bu birləşmə azadlığına, azad sözə qarşı basqıdır və jurnalistlərdə daxili senzuranın yaranmasına, aktiv gənclərin gözlərinin qorxudulmasına hesablanıb.
Qonşu ölkələrin demokratiyaya doğru addımladığı bir ərəfədə hakimiyyətin atdığı bu addımlar onsuz da ölkədə olan acınacaqlı ictimai-siyasi vəziyyəti bir az da ağırlaşdırır, beynəlxalq aləmdə ölkənin zədələnmiş imicinə bir az da zərbə vurur. Yazda Azərbaycanın Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığının 10 il tamam olur. Yeni şərtlər altında yeni müqavilələrin imzalanması gözlənilir. Bu müqavilələrdə demokratiya komponentləri var. Baş verənlər Azərbaycanın bu sazişə nə qədər hazır olduğunu göstərir. Ölkə qarşıda çox böyük problemlərlə üzləşəcək.
Hesab edirəm ki, sazişin imzalanması ərəfəsində rejimin aktivlərə qarşı repressiyasının güclənməsində Rusiyanın beşinci kalonunun rolu da böyükdür. Azərbaycanın Avropaya yön alması Rusiyanın Cənubi Qafqazdan tamamən çıxmasına səbəb ola bilər. Bu səbəbdən də beşinci kalonun Azərbaycanın Avropa ilə əlaqələrin güclənməsinin qarşısını almaq üçün bütün təxribatlardan istifadə edəcəyi gözləniləndir.
Hakimiyyət son aksiyada həbs olunan bütün fəalları dərhal azad etməli, siyasi məhbus problemini kökündən həll edərək, təxribatların qarşısı alınmalı, demokratik islahatlara başlamalıdır. Əks təqdirdə bu cür repressiv üsullarla idarə etmə hakimiyyəti daha ciddi problemlərlə qarşı-qarşıya qoyacaq.
2019-cu il hakimiyyət üçün sürprizlər ili ola bilər.


Elman Abbasov


XƏBƏR LENTİ