Köhnə avtomobillər dövriyyədən çıxarılır, bəs köhnə avtobuslar?

696 7-01-2019, 09:57 cemiyyet

Köhnə avtomobillər dövriyyədən çıxarılır, bəs köhnə avtobuslar?Ekspert: “Azərbaycanda avtobus parkının yenilənməsinə ciddi ehtiyac var”
Azərbaycanda köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillər dövriyyədən çıxarılacaq. Bununla bağlı məsələ “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramında təhlükəsiz nəqliyyat vasitələrinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır.

Həmçinin yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və yol şəbəkəsinin qorunmasının təmin edilməsi məqsədilə avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə, yolların istismarına nəzarət və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsi nəzərdə tutulub. Qeyd edilib ki, nəzərdə tutulan tədbirlər sırasında, yol hərəkətinin təşkili işinin, sərnişindaşıma və yükdaşıma fəaliyyətinin təkmilləşdirilməsi, piyadaların, velosipedçilərin və yol hərəkətinin digər müdafiəsiz iştirakçılarının hərəkət təhlükəsizliyinin təmin edilməsi də var.

Uzun müddətdir ki, mətbuatda bir çox marşrut xətlərində avtobusların köhnə, istismara yararsız olması ilə bağlı məlumatlar verilir. Lakin buna baxmayaraq, hələ də xüsusilə Bakı kəndlərinə, qəsəbələrə gedən avtobuslar təmir edilmir, yenisi ilə əvəz olunmur.

Bəs yuxarıda qeyd etdiyimiz proqram çərçivəsində avtobusların təmiri, yenisi ilə əvəz olunması nəzərdə tutulurmu?

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynov bildirib ki, proqram istismar müddətini başa vurmuş bütün nəqliyyat sektorunu əhatə edir:

“Azərbaycan nəqliyyat təminatını xarici dövlətlər hesabına edir. Ölkədə çoxyerlik avtobuslar istehsal edilmir. Xarici ölkədən idxal edilən avtomobillərin də buraxılış ili ilə bağlı xüsusi məhdudiyyət qoyuldu. İstehsal tarixi 2003-cü ildən köhnə olan avtomobillərin ölkəyə buraxılması faktiki olaraq yasaqdır. İllər keçdikcə, sistemdə yenilənmələr gedir və bu rəqəm də irəliyə olmaqla dəyişir. Sahibkarlar artıq yeni qaydalara özlərini adaptasiya edirlər. İllər ötdükcə təbii olaraq istifadədə olan nəqliyyat vasitələrinin istismarı da başa çatır. Sərnişindaşımada parkların yenilənməsi məsələsi çox ciddi bir prosesdir. Bu proses Azərbaycanda problem olaraq qalmaqdadır. Düşünürəm ki, proqram daxilində müxtəlif xətlər üzrə sərnişindaşımanı həyata keçirən şirkətlər də özləri üçün lazımı ölçüləri götürüblər. Yəni onlar da bilməlidirlər ki, parklarda yenilənmə edilməlidir. Bu məsələ ilə bağlı kifayət qədər müzakirələr gedir. Lakin təəssüf ki, hələ də xeyli şirkətlər heç bir irəliyə doğru addım atmırlar. Hələ də şəhərdə köhnə avtobuslar şütüyür. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin üzərinə böyük yük düşür. Bu qurum, dövlət proqramından irəli gələrək, sərnişindaşıma şirkətləri qarşısında sərt tələblər qoymalıdır. İstismarla bağlı konkret şərt və tələblər olmalıdır. Eyni zamanda avtomobillərin istər dizayn, istərsə də rahatçılığı baxımından vaxtaşırı texniki baxışlar həyata keçirilməlidir. Belə olarsa tədricən ölkə daxilində olan köhnə avtobuslar tamamilə sıradan çıxarılar”.

Ekspert bildirib ki, proqramın şərtlərinə əməl edilməsi üçün nəzarət də olmalıdır:

“Tendensiya ondan ibarətdir ki, parkların yenilənməsinə ciddi ehtiyac var. Xüsusən də Bakı kəndlərinə və Sumqayıt istiqamətinə hərəkət edən ictimai nəqliyyat vasitələrinə diqqət edilmir. Bir vaxtlar kiçik mikroavtobusları yığışdırmışdılar. Ancaq hazırda onlar yenə də hərəkətdədir və sərnişindaşıma ilə məşğul olurlar. Onların hər biri xidməti həyata keçirən şirkətlərin nəqliyyat parkından yığışdırılmalıdır. Məsələ burasındadır ki, bundan əvvəl də bir çox istiqamətlərdə dövlət proqramı qəbul olunub. Lakin bu proqramların icra müddəti başa çatandan sonra monitorinq zamanı məlum olub ki, nəzərdə tutulan fəaliyyətlərin icrasında kifayət qədər problemlər qalıb. Məsələn, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı strateji yol xəritəsi hazırlanıb. Lakin bu proqramın icrası ilə bağlı qısa müddət üçün nəzərdə tutulan hədəflərdə ciddi dəyişikliyə nail ola bilməmişik. Əgər məsələyə bu cür yanaşarsaq, deyə bilərik ki, dövlət proqramının qəbul olunması hələ o demək deyil ki, bütün vəziyyət tam olaraq düzələcək. Sözsüz ki, burada vətəndaş cəmiyyətinin, mətbuatın nəzarəti olmalıdır ki, proqramın icrasına məsul şəxslər öz öhdəliklərini yerinə yetirməkdən yayınmasınlar”.

İ. Hüseynov söyləyib ki, nəqliyyat parkının yenilənməsi ilə paralel, yollarda da iş aparılmalıdır: “Yol infrastrukturunun təminatında ciddi inkişaf olmalıdır. Bakıda şəhərdaxili yolların böyük əksəriyyətində sistemli şəkildə işlər gedir. Küçə və prospektlərdə asfalt örtüyü yenilənib. Bakı kəndlərinin əksəriyyətində isə yollarla bağlı problem qalmaqdadır. Bakıdan Novxanı, Masazır, Mehdiabad istiqamətinə gedən yollar təmir edilib. Lakin Məhəmmədi, Ramana istiqamətində olan yolların təmirinə ciddi ehtiyac var. Düşünürəm ki, dövlət proqramı çərçivəsində yol infrastrukturunda da ciddi dəyişikliklər ola bilər”.

XƏBƏR LENTİ