PUTİN ƏRDOĞANI TƏLƏYƏ SALIR, YOXSA?… – Türkiyə kritik seçim qarşısındadır!

577 15-04-2019, 11:08 siyaset

PUTİN ƏRDOĞANI TƏLƏYƏ SALIR, YOXSA?… – Türkiyə kritik seçim qarşısındadır!Bu ilin sonunda Tükiyədə ya müasir “F-35” təyyarələri, ya da Rusiyanın “S-400” zenit-raket sistemləri olacaq. Türkiyə eyni vaxtda onların hər ikisini ala bilməyəcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın etdiyi seçim Türkiyənin dünyadakı yeri, ABŞ-la münasibətləri və NATO-dakı mövqeyi baxımından mühüm nəticələr doğuracaq.

Beşinci nəsil qırıcılarının yaradılması ilə əlaqədar dünyadakı ən böyük proqram “F-35” qırıcı təyyarələrinin istehsalıdır. Türkiyənin də daxil olduğu onlarla ölkə bu layihəyə bir trilyon dollardan artıq sərmayə qoyub. ABŞ və onun müttəfiqlərinin səmada öz üstünlüklərini qoruyub saxlaması, böyük ölçüdə bu proqramdan asılıdır. 2017-сı ilin iyulunda Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksi alacağını elan etmişdi. Bu gün Rusiyada istehsal olunan “S-400” raketləri ən qabaqcıl sistem sayılır. Bu sistem radarlara çox az yaxalanan “stels” texnologiyası üzərində qələbə qazanmağa çalışır. ”S-400” zenit-raket sistemləri məhz ABŞ-ın “F-35” qırıcılarını vurmaq üçün yaradılıb.

Türkiyənin “S-400” sistemi alması onun NATO qarşısında götürdüyü öhdəliyə uyğun deyil. Çünki belə bir vəziyyət yarandığı təqdirdə Türkiyə hərbi texnikası ilə NATO texnikası arasında operativ uyğunsuzluq əmələ gələcək. Belə ki, ”S-400” raketlərinin alınması qəbuledilməz risk yaradır, ona görə ki, bu kompleksin radiolokasiya sistemi Rusiya hərbçilərinin “F-35” qırıcılarının necə işləməsini anlamasına imkan verir. Belə bir təhlükə Pentaqonu məcbur edib ki, ”F-35”-lə bağlı bəzi işləri dayandırsın.

PUTİN ƏRDOĞANI TƏLƏYƏ SALIR, YOXSA?… – Türkiyə kritik seçim qarşısındadır!
Müdafiə sferası ilə əlaqədar Türkiyənin tamamilə əsaslandırılmış ehtiyacları var. 2012-ci ildən ABŞ “S-400” sisteminə alternativ olaraq “Patriot” sistemlərini təklif edir, lakin Türkiyə bu təklifi qəbul etmir. ”S-400” raketləri Türkiyəyə iyul ayında, ”F-35” təyyarələri isə noyabrda gəlməlidir. Ona görə də, Ərdoğanın seçim etmək vaxtıdır.

ABŞ ümid bəsləyir ki, o, ”S-400” sisteminin alınmasından vaz keçəcək və Türkiyə səmalarını “Patriot” raketləri ilə qorumaqla “F-35” proqramını xilas edəcək.

Əgər Ərdoğan belə bir seçim etməzsə və “S-400” raketlərini alarsa, onda o, ABŞ-ın sanksiyaları ilə üzləşəcək. Onda bu sanksiyalar Türkiyə iqtisadiyyatına güclü zərbə vuracaq və nəticədə xarici investorlar bu ölkəyə birbaşa sərmayə qoymaqdan qorxacaqlar və nəticədə Türkiyənin aviakosmik və müdafiə sənayesi ciddi ziyan görəcək. Bundan sonra Türkiyəyə heç bir “F-35” təyyarəsi verilməyəcək və onun “F-35” proqramındakı bütün işləri dayandırılacaq. Nəticədə isə, həmin təyyarələr üçün müəyyən detallar istehsal edən Türkiyə şirkətləri həm istehsal prosesindən və həm də təchizat proqramından çıxarılacaq. Hazırda Türkiyə “F-35” proqramı çərçivəsində mühüm tərəfdaşdır, lakin onu əvəzləyəcək başqa ölkə tapmaq olar.

“F-35” təyyarələrindən imtina Ankara üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq. Artıq Türkiyə “F-35” proqramına 1,25 milyard dollar yatırıb və həmin pullar da itiriləcək. Beləliklə də, Türkiyə nəzərdə tutulan 100 ədəd “F-35” təyyarəsini almayacaq və həm az səmərəli, həm də müasir olmayan təyyarələrlə kifayətlənmək məcburiyyətində qalacaq.

“F-35” qırıcılarının detallarını istehsal edən Türkiyə şirkətlərinə sifariş verilməyəcək. Əgər “F-35” təyyarələri ilə bağlı bütün işlər türklərdən alınıb, digər Avropa müəssisələrinə verilərsə, onda Ərdoğanın Türkiyə hərbi sənayesini iqtisadi böyümənin əsas elementlərindən birinə çevirmək istəyi sürətlə sönəcək.

Biz türkiyəli dostlarımıza ziyan vurmağa çalışmırıq. Biz Suriyada, Qara dənizdə, terrorizmlə mübarizədə və digər məsələlərdəki qarşılıqlı maraq doğuran əməkdaşlığımızı möhkəmləndirməyə ümid edirik. Biz, sadəcə olaraq “F-35” proqramını və NATO blokunun və onun Türkiyə kimi üzvlərinin potensialını qorumaq istəyirik.
Biz anlayırıq ki, Türkiyənin Suriya üzrə məsələlərdə, enerji, kənd təsərrüfatı sferasında və turizm sahəsində Rusiya ilə münasibətlər qurması vacibdir.
PUTİN ƏRDOĞANI TƏLƏYƏ SALIR, YOXSA?… – Türkiyə kritik seçim qarşısındadır!
Əgər prezident Ərdoğan “S-400”-dən imtina edərsə, onda Putin bu sahələr üzrə cavab zərbələri vura bilər. Belə olan halda isə, biz, Türkiyənin qasırğadan qurtulması üçün mümkün olan hər şeyi edəcəyimizə dair öhdəlik götürməyə hazırıq.

“S-400” sistemlərinin alınması ilə bağlı Kremlə minnətdarlıq bildirmək Türkiyənin maraqlarına uyğun gəlmir. Rus çarları və sovetlər kimi, Putin də Türkiyənin müttəfiqi deyil. Onun Gürcüstanda, Ukraynada və Suriyadakı aqressiyası Türkiyənin təhlükəsizliyini zəiflədib. İndi isə Putin “S-400” raketlərinin tədarükü vasitəsilə Türkiyəni Qərbdən ayırmağa cəhd edir.

Əgər Putin bu işdə müvəffəqiyyət əldə edərsə, onda bu raketlərin tədarükü Türkiyə maraqlarına daha çox ziyan vurar. Türkiyə öz müttəfiqlərindən təcrid olunduqca, iki ölkə münasibətlərində Putinin təsir imkanları daha da böyüyəcək. Rusiya nə istəyirsə onu edəcək, Türkiyə isə bundan mütləq əziyyət çəkəcək.

Putin Qərbdə mühüm strateji mövqe tutan və həmçinin də, NATO-da etibarlılığı ilə tanınan Türkiyədən qorxur və ona hörmətlə yanaşır.

Biz inanırıq ki, Ərdoğan Türkiyə üçün məhz bu gələcəyi seçəcək və Putinin “S-400” tələsindən imtina edəcək. Ümid edirik ki, bunun əvəzinə Türkiyə öz Hava Hücumundan Müdafiə ehtiyacını “Patriot” sistemlərinin alınması ilə ödəyəcək və Ankara “F-35” proqramı çərçivəsində mühüm əməkdaş kimi qalacaq. (“The New-York Times”-ABŞ)

“AzPolitika”nın əlavəsi: Ola bilər ki, ABŞ Türkiyəyə “F-35” təyyarələrini versə də, onun proqram kodunu özündə saxladığı üçün Ankara bu sövdədən vaz keçmək fikrinə düşüb. Bu, elə “Patriot” raketlərinə də aiddir. Digər tərəfdən isə, əgər Rusiya “S-400” sisteminin proqram kodlarını özündə saxlayacaqsa, onda bu raketlərin alınmasının nə mənası var? Türkiyə ABŞ qarşısında bir neçə haqlı tələb qoyur. Bunlardan birincisi Suriyanın şimalındakı PYD-nin silahlandırılmasının dayandırılması və onların həmin bölgələrdən yığışdırılmasıdır. İkincisi isə, Türkiyə öz sərhəd güvənliyini qorumaq üçün Suriyanın şimalında əməliyyat keçirmək istəsə də, ABŞ bu ərazilərdə hərbi hissələr saxlayır. Belə olan halda Türkiyə ABŞ-la qarşı-qarşıya gəlmək təhlükəsi ilə üzləşir.

Bəlkə də, məhz buna görə Ərdoğan siyasi gedişlər etmək məcburiyyətindədir və burada məqsəd optimal həllin tapılmasına qədər ABŞ-ın təzyiqi qarşısında geri çəkilməməkdir. Rəsmi Ankara düşünür ki, əgər biz “F-35” təyyarələri əldə edəndən sonra da, Suriyanın şimalındakı vəziyyət dəyişməyəcəksə, onda “F-35” təyyarəsi və “Patriot” raketlərini almağa dəyərmi?

İndi təbii ki, Türkiyə çox ciddi seçim qarşısında qalıb. Çünki göründüyü kimi “S-400” raketlərinin alınması sadəcə silah məsələsi deyil, həm də gələcək siyasi kursun müəyyənləşdirilməsində atılacaq mühüm addımdır.
Amma tarixə yaxşı baxmaqda fayda var. Biz Rusiyanın keçmişinə diqqətlə nəzər salsaq, onda görərik ki, Rusiya bir çox hallarda müttəfiqlərinin arxasından çəkilərək, onları yarı yolda buraxıb. Sovet İttifaqı kimi möhtəşəm dövləti Kremlin öz dağıtmadımı? Bundan sonra ona güvənən sosialist dövlət liderlərinin aqibəti necə oldu? Onu da deyək ki, hələ tarixdə heç zaman Türkiyə-Rusiya alyansı olmasa da, ancaq vaxtilə bolşevik Rusiyası Yunanıstan işğalına qarşı vuruşan Türkiyəyə pul və silahla yardım etmişdi. Sözsüz ki, bu həmin dövrün siyasi şərtlərindən irəli gəlirdi və Lenin də yaranmış vəziyyətə uyğun hərəkət edib.

Hazırkı beynəlxalq vəziyyətlə o dövr arasında birbaşa analogiya aparmaq, əlbəttə ki, qüsurlu olardı. Ona görə də, görəsən, Rusiya ilə yaxınlaşmanın necə nəticələnəcəyini Ankaradakı siyasi isteblişment yaxşı hesablayıbmı?

Vaqif NƏSİBOV

XƏBƏR LENTİ