SƏHNƏDƏ “XALQIN XİDMƏTÇİSİ” OLAN ZELENSKİ BUNU PREZİDENT KİMİ DƏ BACARACAQMI? –Ukraynanın ondan gözləntiləri çox böyükdür - TƏHLİL

2 503 10-05-2019, 13:41 siyaset / idman

SƏHNƏDƏ “XALQIN XİDMƏTÇİSİ” OLAN ZELENSKİ BUNU PREZİDENT KİMİ DƏ BACARACAQMI? –Ukraynanın ondan gözləntiləri çox böyükdür - TƏHLİLMarina Vorotnyuk

“bne İntellinews”, 09.05.2019

Aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Ukrayna vətəndaşları prezident Petro Poroşenko və populyar komediyaçı-siyasətçi Vladimir Zelenski arasında seçim etmək məcburiyyətində qalıb. Səslərin 73 faizi ilə Zelenski Ukrayna bölgələrinin mütləq əksəriyyətində qələbə qazanıb.

“Zelenski dövlətin və iqtisadiyyatın vəziyyətindən narazı olan etirazçı seçicilərin səslərini əks etdirir” rəyi mövcuddur və həqiqətən, politoloji və ideoloji fikirləri qəsdən qeyri-müəyyən olaraq qalmış bu namizəd Petro Poroşenkoya qarşı ictimai narazılıq dalğasından faydalanıb. Özünü antisistem alternativi kimi təklif edib. Həm də dürüst və ləkələnməmiş siyasi təcrübə ilə.

O, güclü ukraynalı oliqarx və Poroşenkonun rəqibi İqor Kolomoyski tərəfindən dəstəklənsə də, ukraynalı seçicilər açıq şəkildə Zelenskini iki pisdən babatı kimi seçiblər.

Bu siyasi seçimi başa düşmək üçün Ukrayna cəmiyyətinin siyasi və sosial strukturuna baxmaq lazımdır. Maydan hadisələri, Krımın ilhaqı və Donbasda Rusiya tərəfindən dəstəklənən müharibənin başlamasından beş il keçdikdən sonra Ukrayna müharibə dövrünün ehtiyaclarını demokratik inkişafla balanslaşdırmağa çalışaraq, islahatların enişli-yoxuşlu yolundadır.

Beş il əvvəl ilk turda seçilən Poroşenkoya sistemin islah edilməsi və Ukrayna siyasətini tamamilə sıfırlamaq üçün zamanında kart-blanş verilib. Bəzi sahələrdə, Ukraynanın müharibə vəziyyətinin ağır şərtləri nəzərə alınmaqla, onun fəaliyyəti perspektivli və ya ümidverici idi; digərlərində nəticələr minimum səviyyədə olub.

Poroşenkonun seçdiyi “Ordu, Dil və İman” seçki şüarı onun vəzifədə olduğu müddətdə dövlət quruculuğundakı uğurlarına əsaslanıb. Birincisi, beş il ərzində Ukrayna ordusu Rusiya təcavüzünə müqavimət göstərə bilən gücə çevrilib. İkincisi, Ukrayna dilinin vəziyyəti, o cümlədən 2019-cu ilin aprelində dil qanunvericiliyinin qəbul edilməsi yolu ilə əhəmiyyətli dərəcədə güclənib. Nəhayət, Konstantinopol Patriarxlığı Ukrayna Kilsəsinə avtokefaliya statusu alıb və bu, Rus Kilsəsindən azad olma ilə bərabər, “ikinci müstəqillik” kimi qeyd olunub.

Bu məsələlər bir çox ukraynalı üçün vacib, lakin kifayətedici deyil. Bunun əvəzinə, sıravi ukraynalılar demokratik çatışmazlıqlara və iqtisadi yoxsulluğun genişlənməsinə etiraz ediblər, çünki Ukraynadakı ev təsərrüfatlarının əksəriyyəti, yüksək makroiqtisadi sabitliyə baxmayaraq, həyatın dibinə düşdüyünü hiss edib.

Prezidentin əsasən xarici və təhlükəsizlik siyasəti üçün məsuliyyət daşıdığı parlament-prezident respublikası olan Ukraynada ictimai narazılıq, hətta ona aid olmayan problemlərə görə, şəxsən Poroşenkoya qarşı yönəlib. Poroşenkonun sistemə qarşı dözümlü olması və korrupsiyaya qarşı mübarizədə, məsələn, “Ukroboronprom” dövlət müəssisəsindəki korrupsiya sxemində olduğu kimi, birbaşa fayda almaqla, tərəfdaşlarının səhvlərinə göz yumduğuna dair inam vardı.

Zelenskinin kampaniyası hökumətin sona çatdırmaqda müvəffəq olmadığı hər şeyə qarşı xalqın səs-küyünü təcəssüm etdirib. Seçkilərdən əvvəl onun əsas öhdəliyi daxili düşmənə müqavimət idi: korrupsiya və vecsiz rejim. Lakin xarici düşmənə – Rusiyaya – münasibət, yəni müharibəni bitirmək və işğal olunmuş ərazilərin azad olunması “kənara qoyulub”.

Vladimir Zelenskinin bəyanatlarına əsasən, o, Ukraynanın Avropa və Avro-Atlantik kursunu davam etdirməsi ilə, Rusiyanın təcavüzünə qarşı dayanıqlı siyasət yürüdəcək.

Zelenski “birbaşa demokratiya”ya sevgisini vurğulayıb və siyasi mövqelərin ictimai fikrə həvalə edilməsindən məmnun görünüb; prezident müzakirələrində o, Poroşenkoya internetdən yığdığı sualları ünvanlayıb və gələcək sözçüsü də daxil olmaqla, komandasını sosial media vasitəsi ilə toplamağa çalışır.

Həqiqətən, Zelenskinin “xalqın səsi”nə güvənməsi siyasi yenilikdir. Ancaq bu taktika seçkini udmaq üçün yeərli görünsə də, müharibə dövrü dövlətçiliyi ondan ictimai rəydən soruşulmadan becid qərarlar tələb edir.

“Müharibə yorğunluğu”ndan yararlanan Zelenski Donbasda silahlı münaqişə görmək istəyən və istəməyən Ukrayna əhalisinin müxtəlif qrupları arasında manevr etməyi bacarıb. Onların əksəriyyəti münaqişənin həllinin şərtləri barədə fərqli fikirdədir. Zelenski bir dəfə Rusiya ilə anlaşmanın texniki məsələ olduğunu deyib, bunun danışıqlardan asılı olduğunu dilə gətirib.

O, həmçinin, Poroşenkonun müdafiə tədbirlərinin bir çoxunun lüzumsuz təxribat olduğunu söyləyib. Məsələn, prezident müzakirələri zamanı Poroşenkodan niyə ukraynalı dənizçiləri Azov dənizində ölümə göndərdiyi barədə sual verib.

Zelenskinin ofisində ilk günü ayıqlıq yarada bilər. Paradoksal olaraq, prezident Zelenskinin Poroşenkonun tənqid etdiyi kursunu saxlaması mümükündür. O, nəhayət, savaşın sabah bitməyəcəyini qəbul etməli olacaq. Mövqelərini açıq şəkildə ifadə etmək məcburiyyətində qalacaq və təbii ki, bəzi tərəfdarlarını itirəcək.

Rusiya prezidenti Putin işğal etdiyi Donbas bölgəsinin əhalisinə rus pasportlarının verilməsinin sadələşdirilmiş proseduruna icazə sərəncamı ilə Ukraynanın seçilmiş prezidentini artıq sınaqdan keçirib. Zelenski hələ vəzifədə olmasa da, yazılı mesaj vasitəsi ilə sərt cavab verib, rus pasportu sahiblərinin qanunla təqib olunacağını deyib. Bununla yanaşı, o, demokratiyanı dəstəkləyən insanlara Ukrayna vətəndaşlığı vəd edib.

Vaxt yeni prezidentin necə çıxış etdiyini göstərəcək: Zelenskinin administrasiyası yüksək ictimai gözləntilərin təzyiqi altında su üzündə qala biləcəyi təqdirdə, böyük islahatları uğurla yerinə yetirmək üçün güclü mandatından istifadə edə biləcəkmi?

Əvvəlki administrasiyanı təkzibetmə yetərli olmayacaq, alternativ və daha səmərəli həll gözləniləcək. Güman ki, qısa müddətdə siyasi vəziyyət dəyişkən olacaq. Payızda keçiriləcək parlament seçkilərində ictimai narazılığın yenidən baş qaldırması ehtimalı tam mümkündür.

Tərcümə: Strateq.az

XƏBƏR LENTİ