“ŞÜURLU FİTNƏKARLIQDIR VƏ İRAN ÖZÜNÜ ÇOX GÖZLƏNİLMƏZ APARACAQ” –dünya ekspertləri Trampın yeni antiiran sanksiyalarını dəyərləndirir – Təhlil

880 11-05-2019, 11:46 siyaset

“ŞÜURLU FİTNƏKARLIQDIR VƏ İRAN ÖZÜNÜ ÇOX GÖZLƏNİLMƏZ APARACAQ” –dünya ekspertləri Trampın yeni antiiran sanksiyalarını dəyərləndirir – TəhlilŞirli Tey

CNBC (ABŞ), 10.05.2019

*ABŞ prezidenti Donald Tramp çərşənbə günü, mayın 8-də İranda metal hasilatı və istehsalına münasibətdə yeni sanksiyalar tətbiq edib və Tehran öz davranışını “köklündən” dəyişməzsə, daha dərinə getmək hədəsi gəlib.

*Beynəlxalq sülh uğrunda Karnegi Fondundan Carret Blankın fikrincə, Vaşinqtonun bu sanksiyaları, habelə aviadaşıyıcı zərbə qrupunun bu bölgəyə düzülməsi “şüurlu fitnəkarlıq” xarakteri daşıyır.

*Bu arada İranın nüvə proqramı üzrə sazişi saxlamaqda müəyyən “fayda” var, Honkonq universitetindən Roland Voqtun dediyi kimi, çünki İran hökumətinə təsir etməyə potensial imkan verir.

Beynəlxalq sülh uğrunda Karnegi Fondundan Carret Blankın dediyi kimi, prezident Trampın İrana qarşı tətbiq etdiyi sanksiyalar, habelə aviadaşıyıcı zərbə qrupunun bu bölgədə düzülməsi “şüurlu fitnəkarlıq” xarakteri daşıyır.

Karnegi Fondunun baş elmi işçisi olan Blankın sözlərinə görə, bu sanksiyalar təkcə İran ixracatının gəlirlərinə mənfi təsir etməyəcək, həm də “İran iqtisadiyyatında yetərincə böyük məşğulluq sektoruna” toxunacaq. O, əlavə edib: “Bu, orta təbəqəni qarışdırmaq cəhdi kimi qavranılacaq”.

Tramp çərşənbə günü, mayın 8-də İranda metal hasilatı – İranda neftdən sonra dəyərinə görə ikinci ixracat gəlirləri qaynağı – və istehsalına münasibətdə sanksiyalar haqda icra sərəncamı imzalayıb və Tehran öz davranışını “kökündən” dəyişməzsə, daha dərinə getmək hədəsi gəlib.

Bu, İran prezidenti Həsən Ruhani Tehranın 2015-də imzalanmış və Birgə Əhatəli Fəaliyyət Planı kimi bəlli olan nüvə sazişinin iki tələbini pozmaq niyyəti haqda bildirəndən bir neçə saat sonra baş verib.

Milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton bazar günü, mayın 5-də bildirib ki, İran tərəfdən “təşvişli və kəskinləşməyə aparan əlamət və xəbərdarlıqların” cavabında Tramp administrasiyası Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupu və bombardmançılar göndərir.

Blank CNBC-ə müsahibədə deyib ki, Tramp administrasiyası – ya da, ən azı, onun bəzi təmsilçiləri İranı 2015-ci il nüvə sazişinin tələblərini pozmağa və bu qayda ilə böhran törətməyə səbəb olmaq istəyir. Onun sözlərinə görə, bu, “gələcək demokratik prezidenti küncə qovmağa imkan verəcək” və “sazişə və diplomatiyaya qayıtmaq prosesini qəlizləşdirəcək”.

Tehranın ultimatumu

Ruhani çərşənbə günü, mayın 8-də Birgə Əhatəli Fəaliyyət Planının başqa iştirakçı ölkələrinə – Almaniya, Fransa, Birləşmiş Krallıq, Rusiya və Çinə – qarşı ultimatum irəli sürüb. O, hədə gəlib ki, neft ticarəti 60 gün boyunca təzələnməsə, İran özünün dayandırılmış nüvə proqramının bir hissəsinin gerçəkləşdirilməsinə dönəcək.

Avropa cümə axşamı, mayın 9-da cavab verib ki, İranın “istənilən ultimatumunu rədd edir”, amma bununla yanaşı Birgə Əhatəli Fəaliyyət Planının gerçəkləşdirilməsini davam etdirməyə hazırdır.

“Eurasia Group”un analitiki Henri Roum çərşənbə günü, mayın 8-də qeyd edib ki, Ruhaninin “nüvə proqramı üzrə öhdəliklərdən açıq imtina etmək” qərarı onu bir anda nüvə silahı əldə etməyə yaxınlaşdıra bilməsə də, bu, “ABŞ və İran arasındakı münasibətlərdə yeni və təşvişli dinamikanın başlandığını” göstərir.

Bu gərginlik ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxmasının ildönümündə baş verib və Vaşinqton və Tehran arasındakı gərgin münasibətlərdə növbəti burum olub. Tramp administarsiyası prezidentin İrana qarşı yönəlmiş “maksimal basqı kampaniyası” adlandırdığı çərçivədə görünməmiş addımlar atır. Belə addımlardan biri Vaşinqtonun İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat elan etməkdə aprel qərarı olub.

Blankın sözlərinə görə, təəssürat yaranır ki, indiki administrasiya “iqitsadi basqı rejimi dəyişdirməyə gətirə bilər ideyasını canına çəkib”. O, əlavə edib – Bolton və dövlət katibi Mayk Pompeo “rejimi dəyişdirmək çağırışları ilə özlərinə karyera düzəldiblər”.

Blank izah edib: “Siz ölkənin əsas milli maraqlarına, rejimin yaşamasına dəxli olmayan siyasətdə belə dəyişikliklərə nail olmaq istəyəndə iqtisadi basqı çox-çox effektli ola bilər”.

Onun sözlərinə görə, İran rejiminin tam əvəzlənməsindənsə onun daxilində yerdəyişmələr daha ağlabatandır.

“Yarıdemokratik, yarıseçkili hökumət, İslam İnqilabı Keşikçiləri Korpusu ilə təmsil edilən hərbi-sənaye kompleksi və ruhani isteblişmenti arasında güclərin müəyyən qədər yenidən qruplaşması mümkündür”. Blank əlavə edib: “Lakin güman etmirəm ki, nəticə ABŞ-a və müttəfiqlərinə xoş gələr”.

“Gözlənilməz” İran

Başqa ekspertin sözlərinə görə, ABŞ və Avropa Birliyi İranın nüvə silahı əldə etməyinə yol verməməkdən ibarət vahid hədəfi izləsə də, bu məqsədə çatmaq üsulları barədə suala fərqli cavab verir. Honkonq universitetindən professor yardımçısı Rolan Voqt cümə axşamı, mayın 9-da CNBC-ə müsahibədə deyib ki, İran “yalnız sərt tədbirlərə qıcıq verir”.

O biri yandan, Avropa paytaxtları “anlayırlar ki, İran şantaj və ya məcburiyyət altında danışıqlar aparmayacaq”.

Voqt əlavə edib ki, İranın nüvə proqramı üzrə sazişi saxlamaqda müəyyən “fayda” var, çünki İran hökumətinə təsir etməyə potensial imkan verir. Voqt deyib: “İran bunsuz özünü son dərəcə gözlənilməz aparacaq”.

Voqt əlavə edib: “İrana qarşı son dərəcə çox sanksiyalar qoyularsa, hərəkətə gətiriləsi rıçaqlar çox az olacaq – mən İran hökuməti daxilində Qərb ölkələrilə məqbul anlaşma əldə etmək istəyən gücləri səfərbər etmək üçün gərəkli rıçaqları nəzərdə tuturam”.

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ