“Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT

601 15-07-2019, 20:21 cemiyyet

“Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTATFazil Mustafa: “Gürcülər bu cəsarəti çox zaman bizim təmkinimizdən alırlar”

Xəbər verdiyimiz kimi, Keşikçidağda Azərbaycan sərhədçiləri ilə Gürcüstanın mülki şəxsləri arasında xoşagəlməz insident yaşanıb. Belə ki, Gürcüstan vətəndaşları sərhədi qanunsuz şəkildə pozublar, üstəlik onlardan biri sərhədçimizin silahını əlindən alıb.

Maraqlıdır, gürcülər sərhədlərimizi pozmaq və əsgərlərimizə hücum etmək cəsarətini haradan və ya kimdən alırlar? Baş vermiş hadisəyə adekvat cavab olmalıdırmı?

AYNA-ya bu barədə danışan millət vəkili Fazil Mustafa hesab edir ki, baş verən bu insidenti cavabsız buraxmaq olmaz: “Belə bir hadisənin baş verməsi bizim üçün utancverici haldır. Qarşısının alınması üçün isə mütləq addımlar atılmalıdır”.

“Azərbaycan sərhədi toxunulmazdır. Hər hansı bir şəkildə sərhədi pozmağa çalışan mülki şəxslərin qarşısına heç sərhədçiləri yox, elə mülki şəxsləri çıxarmaq lazımdır. Anlasınlar ki, Azərbaycan sərhədində təxribat xarakterli hərəkətlər etməyin heç bir anlamı yoxdur”, – F.Mustafa bildirib.

Deputat baş vermiş hadisənin Rusiya ilə əlaqələndirilməsinə də münasibət bildirib: “Rusiya olmur, başqa dövlət olsun, bu hərəkəti törədən istənilən ölkəyə qarşı mütləq sərt addım atılmalıdır”.

“Gürcülər bu cəsarəti çox zaman bizim təmkinimizdən alırlar. Biz də təmkinimizi bir kənara qoymalıyıq, sərhəd pozan istənilən şəxsi elə cəzalandırmalıyıq ki, digərləri də görsün ki, sərhədi pozmaq olmaz. Azərbaycan tərəfi mövqeyini rəsmi və qəti şəkildə ortaya qoymalıdır”, – deyə deputat vurğulayıb.

Xeberdar.net

XƏBƏR LENTİ