“ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib

568 11-10-2019, 11:05 dunya

“ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edibNataşa Bertrand

“Politico”, 10.10.2019


Respublikaçı senator Lindsi Qrehem son bir ildə prezident Donald Trampın Türkiyə ilə apardığı danışıqlarda, bir növ, Konqresin təmsilçisinə çevrilib. O, Ankaranın yayda Rusiya raket sistemini almasından tutmuş Suriyanın şimalına müdaxiləsinə qədər hər şeyi müzakirə edib.

Beləliklə, avqustun əvvəlində Türkiyənin müdafiə naziri olduğunu düşündüyü bir adamdan zəng aldıqda bu, ona qəribə gəlməyib. “Cənab nazir, zəng etdiyiniz üçün çox sağ olun”. Ancaq o, Türkiyənin müdafiə naziri deyilmiş. Bu, “Lexus və Vovan” – rus kəşfiyyatçıları Aleksey Stolyarov və Vladimir Kuznetsovmuş.

Son illərdə bu duet nüfuzlu Qərb siyasətçilərinə saxta zəngləri ilə məşhurlaşıb. O cümlədən demokrat senator Adam Şiffə də.

Qrehemin sözçüsü Kevin Bişop məlum zəngi “POLİTİKO”-ya təsdiqləyib: “Senator Qrehemi ələ salmaq üçün bir çox səyləri dayandırmağa müvəffəq olduq, ancaq bu zəngin qarşısını ala bilmədik. Onu aldatdılar”.

Qrehemə özünü Türkiyənin müdafiə naziri Hulusi Akar kimi təqdim edən Stolyarovla söhbətinin mahiyyəti Suriyanın şimalındakı kürdlərə qarşı hücuma görə cəza olaraq Türkiyəyə sanksiyalar tətbiq etmək istəyi baxımından aktualdır. Senator məlum telefon söhbətində kürdləri Türkiyə üçün “təhdid” olaraq qeyd edib ki, bu da son günlər açıq şəkildə söylədiklərinə ziddir.

Konqres təmsilçisi Trampın İran-Türkiyə qızıl ticarəti və Trampın şəxsi vəkili Rudi Culianinin müştərisi olan Rza Zərrabla əlaqədar Trampın şəxsi marağından bəhs edib.

“Bloomberg” oktyabrın 9-da Ədliyyə Nazirliyinin Zərrabın işini dayandırması üçün 2017-ci ildə Trampın eks-dövlət katibi Reks Tillersona müraciət etdiyini xəbər verib.

Saxta zəng zamanı Qrehem, ilk növbədə, Türkiyəni “F-35” proqramına qaytarmaq və “müdafiə nazirini” Türkiyəyə təhvil verilmiş Rusiyanın “S-400” zenit sistemindən imtinaya çağırışı yer alıb. Lakin Qrehem həm də Türkiyənin “kürd problemi”nə rəğbətini ifadə edib və kürdləri “təhdid” olaraq səciyyələndirib.

“YPG kürd probleminiz – böyük problemdir“. Qrehem ABŞ-ın dəstəyi ilə 2015-ci ildə “Suriya Demokratik Qüvvələri”nin bir hissəsi olaraq İŞİD-ə qarşı mübarizəyə başlayan, lakin muxtar dövlət qurmaq istədiyi üçün Türkiyə tərəfindən terrorçu qrup sayılan YPG-ni nəzərdə tutub. “Mən prezident Trampa Obamanın YPG kürdlərinə güvənməkdə böyük səhv etdiyini söylədim. Narahat olduğum hər şey gerçəkləşdi və indi Türkiyənin Suriyadakı bu təhlükədən qorunmasını təmin etməliyik. Mən YPG probleminə rəğbət bəsləyirəm və prezidentə də bunu çox açıq deyirəm”.

Həqiqətən, Tramp mətbuat konfransında Qrehemin özəl açıqlamalarını əks etdirən etiraflar edib. Bundan sonra Tramp ABŞ qüvvələrinin Suriyanın şimalından çıxarılacağına dair bəyanat verib. Amerika qoşunları ərazidən çıxarıldıqdan bir neçə saat sonra Qrehem Türkiyə ordusu kürdlərə hücum edəcəyi təqdirdə, sanksiyaların qüvvəyə minəcəyinə dair xəbərdarlıq edib.

Lakin oktyabrın 9-da Ərdoğanın müşaviri CNN-ə Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon söhbətində hərbi əməliyyatla bağlı bir-birini başa düşdüklərini söyləyib.

İlk zəngdən bir neçə gün sonra “zarafatcıl oğlanlar” Qrehemi yenidən narahat ediblər. İkinci zəngdə Qrehem “müdafiə naziri”nin söylədiklərini müzakirə etmək üçün Trampla görüşdüyünü söyləyib. “Türkiyə ilə daha yaxşı münasibət istəyirik”. Qrehem Trampa istinad edərək yenidən Türkiyəni “S-400” alışını nəzərdən keçirməyə çağırıb.

Qrehem daha sonra illərlə Ərdoğanın ağlında olan bir məsələni – 2018-ci ildə mühakimə olunan və 32 aylıq həbs cəzasına məhkum edilən Zərrabla əlaqəli məsələni qaldırıb. “Türkiyə bankına aid bu iş çox həssasdır. Prezident səlahiyyətləri daxilində kömək etmək istəyir”.

ABŞ prokurorlarının fikrincə, Zərrab və başqaları Türkiyənin “Halkbank”ından milyardlarla dollar dəyərində İran neftinin gəlirlərini yumaq üçün istifadə ediblər və “Halbank” yenə də Maliyyə Nazirliyinin cərimələri ilə üzləşə bilər.

ABŞ-ın keçmiş Baş prokuroru Prit Bhararanın fikrincə, Zərrabın Türkiyə hökuməti ilə əlaqələri var və “kütləvi rüşvətxorluqla məşğul olub”.

“Vaşinqton Post” qəzetinin verdiyi məlumata görə, Ərdoğan açıq məhkəmədə korrupsiyanın ortaya çıxmasından ehtiyat edərək, Zərrabın 2016-cı ildə sərbəst buraxılması üçün Obamanın yüksək səviyyəli səlahiyyətlilərinə xahişlər edib. Hətta vitse-prezident Co Baydendən Bhararanın işdən çıxarılmasını istəyib. Ərdoğan, eyni zamanda, ədliyyə nazirini o zamankı baş prokuror Loretta E. Linçin yanına göndərib.

Saxta zəng zamanı Qrehem prezidentin bu işlə əlaqədar Ərdoğana bacardığı qədər kömək etməyə çalışacağını deyib. “Mən prezident Ərdoğana rəğbət bəsləyirəm. Düşünürəm ki, prezident Tramp prezident Ərdoğanı sevir. O, güclü adamdır və güclü insanlarla münasibət qurmaq lazımdır”.

Senatorun sözçüsü Bişop bildirib: “Sirr deyil ki, senator Qrehem tez-tez Türkiyəyə gedir və Türkiyə hökumətinin bir çox üzvləri ilə, o cümlədən prezident Ərdoğanla ölkələrimizin əlaqələri haqqında danışır”.

O əlavə edib: “Senatorun daha güclü əlaqə istədiyi aydındır və İŞİD-in yenidən dirçəlməsinin qarşısını almaq üçün tez-tez Suriyanın şimalında sülhün qorunmasının vacibliyindən danışır. Türkiyənin Suriyanın şimalına müdaxiləsi ölkələrimiz arasındakı münasibətlərin daha yaxşı olmasına əks-təkan verdi. Türkiyə dərhal hərbi qüvvələrini geri çəkməlidir və Amerika bölgədə sülhü qorumaq üçün etibarlı zona anlayışını dəyişdirməlidir. Senator Qrehem Türkiyəyə qarşı sərt, ağrılı sanksiyaların qüvvəyə minməsini dəstəkləyəcək”.



Tərcümə: Strateq.az

XƏBƏR LENTİ