Gözdən Əlillərin,Mərkəzi Kitabxana rəhbərliyinin təşəbbüsü,istəyi ilə sözləri və nəğmələri dildən düşməyən Nəbi Xəzrinin 95 illik tədbiri baş tutdu. Hamımızı gəlişi ilə şərəfləndirən şairin oğlu Arzu Babayev öz həzin və kövrək xatirələri vasitəsilə gözümüzün önündə bir vəfalı ATA, sədaqətli ƏR və Vətəni sevən böyük Kişi obrazını yarada bildi. Bu xatirələr fonunda şair Sahib Kəlbəcərlinin saz ifaları lap yerinə düşdü. Filoloq Kamran müəllim də Nəbi Xəzri ilə bağlı bilgilərini tədbir iştirakçıları ilə paylaşdı. Ədəbiyyatda ilk qədəmlərini atan Zəkəriyyə Qurbanov öz hafizəsinə güvənərək Nəbi Xəzri əsərlərindən fraqmentlər söylədi. Respublikamızın Xalq Artisti Eldost Bayram özünəməxsus tərzdə şairin şeirini oxumaqla gurultulu alqışlar qazandı. Kitabxanaçı Mahirə Şəmşiyevanın maraqlı suallarını cavablandıran Arzu Babayev heyrətini gizlətməyərək vurğuladı ki, bu məkanda keçirilən anım tədbiri öz səmimiyyətinə görə əvvəlkiləri üstələmiş oldu.
Tədbirin uğulu alınmasında pay sahibi olmuş bəndəniz Nəbi Xəzri ilə olan görüşlərindən söz açdı və onun əbədiyaşar poeziyası haqqında yüksək fikir söylədi. Sonda tədbir iştirakçıları şairin oğlu ilə şəkil çəkdirdilər.