Koronavirus dünyanı hara sürükləyir? –YER KÜRƏSİ AÇIQ HAVA HƏBSXANASINA ÇEVRİLİR

1 716 16-03-2020, 11:44 maraqli

Koronavirus dünyanı hara sürükləyir? –YER KÜRƏSİ AÇIQ HAVA HƏBSXANASINA ÇEVRİLİRNurettin Akçay

“Independent Turkish”, 15.03.2020



Koronavirusun ilk dəfə elan edildiyi gündən bəri virusun mənbəyi kimi dünyaya təqdim olunan rəsmi izah bu idi: virus Uhandakı “Seafood Market”-də ortaya çıxıb. Bu, xəstəliyin sıfır nöqtəsi idi. Buradan bütün Uhan şəhərinə, Uhandan Hubey əyalətinə, daha sonra Çinin digər şəhərlərinə və nəhayət, bütün dünyaya yayılıb.

Fevralın 22-ə qədər hamımız bu məlumatın doğruluğuna inanırdıq. Amma fevralın 22-də bir məqalə dərc olunub. Bir çox Çin aliminin töhfəsi ilə hazırlanan məqalədə Huanan dəniz məhsulları bazarının virus mənbəyi olması iddiaları tamamilə rədd edilib.

Məqalədə bildirilirdi ki:

Virus, ehtimal ki, başqa bir yerdən bura gətirilib və buradan digər şəhərlərə yayılıb.

Ancaq onun ilk dəfə haradan gəldiyi haqqında heç bir məlumat yox idi. Dünya Səhiyyə Təşkilatının fevralın 28-də keçirilən iclasında müxbirlərdən biri səlahiyyətlilərə sual verib: “Virusun mənbəyini bilirikmi?”

Səlahiyyətlilər “Qəti bir cavabımız yoxdur”, – deyərək məsələni ört-basdır ediblər. Bir sözlə, bütün dünya artıq nə ilə qarşılaşdığını bilmir.

Qəti cavablar olmadıqda, cəmiyyət öz cavablarını axtarır. Hekayətlər hazırlayır və təxəyyül məhsulu olan hər hekayətə inanır. Topladığı məlumatları parça-parça birləşdirir və bu məlumatdan məntiqli bir tarixçə yaradır.

Bu hekayətlər üçün hətta mənbələr mövcud idi. Birincisi, yanvarın 24-də “The Washington Times” qəzetində dərc olunmuş məqalə. Həmin məqalədəki iddiaya görə, virus Çinin bioloji silah tədqiqatlarının nəticəsi idi.

Yazıda virusun Uhan Virusologiya İnstitutunda iş zamanı sızdığı iddia edilib.

Məqalədə keçmiş İsrail kəşfiyyatçısının ifadələri var, lakin başqa bir sübut olmadan maraqlı bir süjet qeyd edilib.

BBC dərhal bu məqalədən istifadə edib və onu bütün dünyaya yayıb.

Əlbəttə, sonradan, yazıdakı iddiaların həqiqət olmadığı ortaya çıxanda üzr istənib, ancaq hekayət onu bəyənənlərin ixtiyarına keçib.

Sonra respublikaçı senator Tom Kottonun tvitləri, Britaniya parlamentinin üzvü Tobias Elvudun şərhləri və “BuzzFeed”-də yayımlanan xəbərlər bu hekayətləri qidalandırıb.

Dünyanın hər yerindən insanlar maraqlı və oxunaqlı ssenarilər yazırdılar.

Bir az geriyə qayıdaq. 18-27oktyabr 2019-cu il. Bu tarixdə Uhanda 7-ci Dünya Hərbi Olimpiadası keçirilib.

Oktyabrın 17-də ABŞ-ın 300 əsgəri olimpiadada iştirak etmək üçün Uhana gəlib. Şayiələrə görə, olimpiya oyunları ilə əlaqədar təhlükəsizlik tədbirləri azaldılıb və ABŞ əsgərləri Uhana rahatca səfər ediblər.

ABŞ əsgərlərinin 10 gün qaldığı “Wuhan Tianya” otelinin 1911-ci otağı və Huanan dəniz məhsulları bazarı arasındakı məsafə cəmi 8 dəqiqəlik yoldur.

Hekayət hazırlayanlar üçün yeni bir məlumat. Üstəlik, çox faydalı bir məlumatdır. Bu məlumat da günlərlə istismar edilib və virusun bu dəfə ABŞ ordusu tərəfindən Çinə daxil olduğu iddia olunub.

12 mart. Yəni 4 gün əvvəl. Yeni iddia yüksək çinli bir məmurdan gəlib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lijian Jao ilk dəfə “Uhana epidemiyanı gətirən Amerika ordusu ola bilər”, – deyərək Çinin rəsmi mövqeyini açıqlayıb.

Sonra İranın dini lideri Əli Xamnəi də “bioloji hücum ola bilər”, – deyib.

Lakin Çinin açıqlamaları daha çox bu virusun ABŞ-da peyda olması və ABŞ əsgərlərinin 2019-cu ilin oktyabrında Olimpiada zamanı Uhana yoluxdurması ilə əlaqəli idi və bu, bioloji hücum iddiası deyil.

Çin bu iddiasını ABŞ-ın “Qripdən öldüyü düşünülən bəzi adamlarda koronavirus aşkarlanıb” ifadələrinə əsaslanaraq dilə gətirib.

Demək doğrudur?! Bioloji hücum varmı?

Yoxsa ABŞ əsgərləri bu virusu Uhana aparıblar?

Çinin açıqlamasını necə anlamaq lazımdır?

Çin bu iddiaları niyə ortaya atıb?

Əslində, hazırda ciddi bir təbliğat müharibəsi aparılır. Çünki bu gün bütün dünya epidemiya üçün Çini günahlandırır.

Çinin məlumat gizlətdiyi deyilir. ABŞ-ən milli təhlükəsizlik müşaviri Robert O`Brayen da Çinin epidemiyanı ört-basdır etdiyi iddiası qaldırıb və bunun 2 aya qədər dünyaya gec açıqlandığını bildirib.

Digər tərəfdən, çinlilərə qarşı aqressiv münasibət və nifrət dolu ifadələr bütün dünyada artıb. Mümkün kompensasiya tələbləri barədə də danışılır.

Buna görə də, Çin hədəfi qarışdırmaq istəyə və Çinin iddiaları virusdan sonra Çin əleyhinə çıxışların artmasına yönəlmiş bir addım kimi qiymətləndirilə bilər.

Hamımızın virus haqqında danışdığımız sui-qəsd nəzəriyyələri qısaca buna bənzəyir.

Açığı, virusun təbii olaraq ortaya çıxdığını düşünənlərdən biriyəm.

Çinin son açıqlamalarını da təbliğat müharibəsinin bir hissəsi olaraq görürəm. Ancaq ağlıma batmayan və diqqətdən qaçırdığımız başqa bir məqam var.

Virusdan sonra dünyanın fərqli bir yerə sürüklənəcəyini görə bilirikmi? Çünki virusun yaratdığı qorxu şişirdilmiş nöqtələrə çatıb. Üstəlik, bu qorxu günü-gündən artır. Rəsmi şəxslərin hesabına.

Makron gənc insanlara təsir edəcək ikinci bir dalğa haqqında danışır.

Merkel virusun Almaniyanın 70 faizinə təsir edəcəyini və heç bir həll yolu olmadığını söyləyib.

Boris Conson deyib ki, virus daha çox yayılacaq və yaxınlarınızı itirəcəksiniz.

Buna görə də, virusun bioloji bir hücum olub-olmadığını danışmaq əvəzinə, “axtardıqları fürsəti tapıblar?” haqqında danışa bilərik.

İnsanların təcrid olunmasına alışdıqları bir dövrdə yaşayırıq. Şəxsi azadlıqlar bütün dünyada bəzi şəxslərin razılığı ilə minimum səviyyəyə endirilir.

İnsan insandan qorxur, bütün ölkələr bir-birlərinə sərhədlərini bağlayıblar. Hər ölkə yavaş-yavaş açıq hava həbsxanasına çevrilir.

[media=https://twitter.com/i/status/1239060530905653248]

Cəmiyyət üzərində böyük bir təcrübə aparılır və aşağıdakı suallara cavab axtarılır:

İnsanlıq nə qədər dözə və nə qədər sıxışdırıla bilər?

Üstəlik, bu qorxu günü-gündən artır. Rəsmi şəxslər tərəfindən.

Sui-qəsd nəzəriyyələri işi asanlaşdırır, ancaq hadisələrin sosial nəticələrini nəzərdən keçirərək nəticə çıxartmaq bizə irəlini görməyə imkan verir.

Ağlına gələn ilk suallardan biri budur: uzaqdan işləməyə hazırlaşırıq?

2009-2010-cu illərdə ən populyar mövzulardan biri də ənənəvi təhsil sisteminin sona çatması və dünyanın buna hazırlaşması idi.

Lakin bu mübahisələr qəfildən müəyyən bir müddətdən sonra dayandırılıb. İndi müzakirə etdiyimiz mövzu bu gün onun həyata keçirilmə ehtimalıdır.

Onlayn təlimlər bir çox ölkədə, xüsusən Çində başlayıb.

Virusun başqa bir nəticəsi ənənəvi diplomatiyaya zərbə olub.

Biz rəsmi olaraq virtual diplomatiya əsrindəyik. Türkiyə-İran heyətləri arası görüş “Skype” vasitəsilə reallaşır. Çin XİN-in sözçüsü “Wechat” vasitəsi ilə mətbuat konfransı keçirib. Bir çox dövlət xadimləri və diplomatlar danışıqları yenidən rəqəmsal vasitələrlə keçirməyə başlayıblar.

Bütün dünya onlayn əyləncələrə yönəlib. Onlayn oyunlar, sosial media hesabları, YouTube və Netflix dünyası yaradılır və bəşəriyyət getdikcə bu dünyada həbs olunur. Üstəlik, bütün bunlar edilərkən, “Baxın, bu yaxşı və faydalı bir şeydir, gəlin bu sistemə keçək” deyilmir. Yeni sistemi “Biz bunu etməliyik, başqa seçimimiz yoxdur”, – deyərək tətbiq edirlər.

Nəticədə, uzun müddətdir distant təhsil, məsafədən iş, onlayn bir dünya yaratmaq və maşınların işçi qüvvəsindən daha təsirli bir istehsal prosesi araşdırmaları var. Epidemiya bunu sürətləndirib.

Gələcəkdə epidemiya sona çatacaq, dünya köhnə günlərinə qayıdacaq. Bununla belə, baş verənlərin ictimai və siyasi nəticələri daim qalacaq.

Tərcümə: Strateq.az

XƏBƏR LENTİ