Ərazi bütövlüyümüzün QIRMIZI XƏTTİ: Təhlükəsizlik Şurası niyə toplanmadı?

850 23-04-2020, 13:16 siyaset

Ərazi bütövlüyümüzün QIRMIZI XƏTTİ: Təhlükəsizlik Şurası niyə toplanmadı?

İlham İsmayıl

Qətiyyətin, siyasi iradənin, real addımların zamanı gəlmədimi?

Dünyada separatçılığa məruz qalan ölkələr içərisində ən pis vəziyyət Azərbaycandadır. Separatizmdən geniş danışmadan deyə bilərik ki, postsovet ölkələri içərisində Gürcüstan, Moldova və Ukrayna ilə müqayisədə biz daha ağır nəticələrə məruz qalmışıq. Gürcüstanda separatçılar yalnız sovet dövrü muxtar qurumların ərazilərini tutmaqla kifayətləniblər. Gürcü əhalisinin həmin ərazilərdə yaşaması da faktdır. Moldovada isə tamam fərqlidir, Dnestryanı sakinləri Moldova pasportu alıb Rumınyaya səfər etmək istəyirlər və konflikt zonasına gediş-gəliş var. Ukraynada separatizm deyil, Rusiya konkret ərazini işğal edib. Azərbaycanda isə Ermənistan nəinki muxtar vilayətin ərazisini, bu ərazidən də böyük olan ətraf rayonları da işğal edib, etnik təmizləmə aparıb və 27 ildir ki, aparılan sülh danışıqları bizim üçün heç bir müsbət nəticə verməyib. Bu məlum vəziyyəti bir daha ona görə xatırlatmalı olduq ki, bəzi dırnaqarası ekspertlər, umacağı olan siyasətçilər, təhlilçilər, televiziyalardan düşməyən politoloqlar deyirlər ki, "bu yalnız bizimlə baş verməyib” və yuxarıda qeyd etdiyim dövlətlərin adlarını çəkirlər. Bizim vəziyyətin ağırlığı bütün tərəfləri ilə onlarla müqayisə oluna bilməz.

Ermənistanda 27 ildə dörd hakimiyyət dəyişsə də mövqe dəyişikliyi baş verməyib, əksinə, daha da sərtləşib. Vaxtilə Sarkisyan yerli Qarabağ erməniləri qarşısında çıxış edib deyirdi ki, "Ağdam mənim vətənim deyil, biz Ağdama da, Dağlıq Qarabağ ətrafı ərazilərə də iddia etmirik, amma müstəqilliyimiz tanınana qədər biz bu əraziləri təhlükəsizliyimizə qarant hesab edirik”. İndi bu fikri heç bir erməni demir və iki gün əvvəl Ermənistan XİN rəhbəri Mnatsakanyan çox sərt şəkildə "Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” bəyanatını verdi. Ermənistan rəsmləri əvvəllər də belə bəyanatlar veriblər, amma indi fərq ondadır ki, bu sərtliyi yumşaq tanınan Azərbaycana yox, birbaşa hərtərəfli müttəfiqi olan Rusiyanın baş diplomatı Sergey Lavrova nümayiş etdirdilər. Düşmən öz mövqeyini daha da sərtləşdirib. Düşmən birbaşa Lavrova, dolayısı ilə də bizə birmənalı şəkildə bildirdi ki, "Azərbaycanla bütün güzəştlər, yalnız Bakı Artsaxın müstəqil statusunu tanıdıqda mümkündür, çünki "Qarabağ xalqı" nə muxtariyyət, nə də başqa bir şəkildə Azərbaycanın bir hissəsi kimi yaşamaq istəmir”. Bundan artıq aydın və anlaşılan şəkildə mövqeyi necə bildirmək olar? Bu qədər açıq və qəti şəkildə deyiləni başa düşmək üçün 27 il yetmədimi? Bu vəziyyətə Azərbaycanda siyasi fəaliyyət göstərən qurumların səssizliyi, daha çox daxili qarşıdurma məsələləri ilə başları qatışmış siyasətçilərin mövqe bildirməməsi də ümumi laqeydliyin bir təzahürüdür.

Rusiya baş diplomatı Lavrovu tərifləmək fikrində deyilik, çünki cənab Lavrovun bir bəyanat verib, bizim başımızın altına yenə əlavə yastıqlardan qoyduğunun fərqindəyik. Artıq Azərbaycan mediasında möhür vururlar ki, "7 rayon qayıdır”, baxmayaraq ki, Lavrov yeddi yox, "bir sıra rayonlar” ifadəsini işlədib.

Azərbaycan tərəfinin erməni nazirin sərt bəyanatından sonra təzədən videokonfransa qatılmağının yanlış olduğuna və görüşdən sonra verilən rəsmi məlumata istinad etsək, əsasən daha çox koronavirusdan söhbət aparıldığı məlum oldu və buna görə Məmmədyarov haqlı olaraq peşəkar ekspertlərin, millət vəkillərinin, eyni zamanda sosial şəbəkənin tənqidinə məruz qaldı.

Əlavə tənqidə, təhlilə ehtiyac yoxdu. "Indi nə etməliyik" məsələsi üzərində vaxtı uzatmadan düşünüb konkret qərar verməyin zamanıdır. Azərbaycan Minsk Qrupuna, BMT rəhbərliyinə bəyanat ünvanlayıb, Ermənistan tərəfin sülh danışıqlarını predmetsiz duruma gətirdiklərini və ərazi bütövlüyünü bərpa etmək üçün ilk növbədə xalqın iradəsini həyata keçirəcəyini və beynəlxalq hüquqa əsaslanan addımlar atacağını, bu zaman hərbi əməliyyatların da istisna edilmədiyini sərt şəkildə bildirməli və baş verəcəklərin bütün məsuliyyətini işğalçı tərəfin daşıdığını vurğulamalıdır. Koronavirus problemi Azərbaycanın ən faciəli və bir nömrəli problemini arxa plana sala bilməz!

Sülh danışıqlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılması şərtilə Minsk Qrupuna vaxt qoyulmalı, qarşı tərəfin razılaşmadığı halda bütün danışıqlardan imtina ediləcəyini, birtərəfli qaydada atəşkəs müqaviləsindən çıxılacağını yenə də sərt şəkildə bildirməlidir.

Bu addım Azərbaycan dövlətinin sahibi olan Azərbaycan xalqının iradəsi kimi ortaya qoyulmalıdır! Nə uzaq tarix, nə dünən artıq müzakirə olunmamalı, çox yaxın gələcəyə baxılmalı, buradan yaranan zəruri siyasi, hərbi, iqtisadi kompleks tədbirlər planı hazırlanmalıdır. (Hərçənd bu plan çoxdan əl altında hazır olmalı idi). Düşmən qəti mövqemizi hiss etməli, Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu və vətənimizi düşmən işğalından azad etməkdə qətiyyətimizi və konkret hərəkətimizi görməlidir.

Ən azı bu diplomatik siyasəti həyata keçirərkən kimin nə deyəcəyini fikirləşmək, ondan narahat olmaq kimi kompleksdən uzaq olmaq lazımdır. Dünya şahiddir ki, Azərbaycan 27 ildir səbr edir. Yenədəmi susub, hərəkət etməyib növbəti nəticəsiz görüşləri davam etdirəcəyik? Ermənistanın son bəyanatına yalnız Prezident Administrasiyasının şöbə müdürünün cavabı iləmi kifayətlənəcəyik? Mnatsakanyanın həyasız bəyanatından sonra Təhlükəsizlik Şurası niyə toplanmadı? Cənablar, 27 ildir Qarabağ probleminə indiyədək aparılan siyasətlə yanaşmağın heç bir xeyri olmadığını dərk etmək bu qədərmi çətindir?

XƏBƏR LENTİ