AZƏRBAYCAN TARIXI NIYƏ TƏDRIS OLUNMALIDIR?!

AZƏRBAYCAN TARIXI NIYƏ TƏDRIS OLUNMALIDIR?!
Açığı bir tarixçi olaraq heç düşünməzdim ki, müstəqilliyimizin 30-cu ili ərəfəsində Azərbaycanda bu sual gündəmə gələ bilər. Amma tədris prosesində ümumi islahatlar adı altında uzun müddətdir milli tariximizə qarşı arzuolunmayan tutum, nə vaxtsa bu məsələnin müzakirə mövzusuna çevriləcəyini göstəriridi. Son 10 ildə BDU-nun Tarix fakültəsində Təhsil Nazirliyinin qərarına əsasən “Azərbaycan tarixi” fənninin (ən qədim dövrdən- günümüzədək) tədris müddətinin Tarixçi, Tarix müəllimi ixtisasında təhsil alanlar üçün 6 semestrdən 4 semestrə (yeri gəlmişkən, qeyd edim ki, digər ölkələrdə dövlətin tarixinə ayrılan 6 semestrlik tədris dəyişməz qalır), Amerikaşünaslıq, Regionşünaslıq kimi ixtisaslarda yarım semestrə, qeyri-ixtisas (hətta, Filologiya, Şərqşünaslıq, Beynəlxalq münasibətlər, Sosiologiya kimi fakultələrdə belə) fakultələrində 2 semestrdən 1 semestrə (ümumi islahatlar adı altında 120 saatdan 90 saata, 90 saatdan 75 saata, hal-hazırda isə 75 saatdan 60 saata endirilmişdir) endirilməsi, bir-neçə il əvvəl orta məktəblərdə “Azərbaycan tarixi”nin dünya tarixinin tərkibində keçilməsi ilə bağlı gətirilməyə cəhd edilən “yeniliklər”, Qarabağ tarixini ümumi Azərbaycan tarixindən ayrıca tədrisi (Azərbaycan tarixinin ümumdünya tarixinin tərkibində tədrisini həyata keçirməyə çalışanlar Qarabağ tarixinin Azərbaycan tarixindən ayrı tədrisinə qərar vermişdilər. Burda bir məntiq görə bilirsiniz?) bu sualın qoyulacağı zamanın uzaqda olmadığının nişanələri idi. Artıq 4 aydır ki, yenidən “Azərbaycan tarixi” fənninin universitetlərdə tədrisi ilə bağlı ciddi, əslində, bütün ictimaiyyəti narahat edəcək vəziyyət yaranmışdır. Təhsil Nazirliyinin yeni qərarına əsasən, “Azərbaycan tarixi” fənninin universitetlərdə tədrisində yenidən hərtərəfli dəyişiklik edilmiş, əvvəlcə fənnin adı dəyişdirilərək “Azərbaycanın müasir dövlətçilik tarixi” qoyulmuş, dərsin məzmununa isə “Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, mərhələləri, formalaşması və inkişafını öyrəndiyi” təyinatı verilmiş, yəni 1918-ci ildən günümüzədək son 100 ilin tarixinin tədrisi nəzərdə tutulmuşdur. Son variantda fənnin adını qaytarsalar da məzmun yuxarıdakı kimi saxlanılmış və kredit (5 kredit (1 kredit = 12-22 saat, lakin dərs yüklərində Azərbaycan tarixi üçün ən aşağı saat ayrılır)) tryuku ilə ona ayrılan 75 saat 60 saata endirilmişdir. Ən pisi odur ki, dövlətimizə, milli tariximizə, milli maraqlarımıza daban-dabana zidd olan bu layihənin müəllifləri məlum deyil. Amma biz tarixçilər bu prosesin sonluğunun hara apara biləcəyini gözəl bilirik, ona görə də öz etirazımızı açıq bildiririk.
Azərbaycan tarixi niyə tədris olunmalıdır, sualının cavabını görünür həm özümüzə, həm də bunu israrla görmək istəməyənlərə tez-tez xatırlatmalıyıq. Əvvəla, Azərbaycan adlı müstəqil dövlətimizdə bu sualın qoyulmasının özü düşüncəli vətəndaşı, cəmiyyəti ciddi narahat etməlidir.
Riyaziyyatçılar gözəl bilirlər, aksiomanın isbata ehtiyacı olmur. Azərbaycan tarixinin də tədrisi məsələsi müzakirəsinə belə yol verilməməli aksiomalardandır. Çünki, dövlət ona dəstək olan, sahib çıxan düşüncəli vətəndaşın çiyinlərində güclü olur. Bu gün bizim milli ruhda böyüyən, tarixini bilərək bu gününə və gələcəyinə sahib çıxmağı bacaran, dövlətini qoruyan nəsillərə ehtiyacımız var.
İndi isə istəyirəm Azərbaycan tarixinin tədrisinin aktuallığını daha konkret şəkildə ifadə edim:
1. Xalqın, millətin var olduğunu göstərən əlamətlər sırasında onun tarixi və milli şüuru xüsusi rol oynayır. Tarixini bilməyən cəmiyyət amneziya diaqnozlu insana bənzəyir və o cəmiyyət olmaqdan çıxaraq kütləyə çevrilir. Məgər sovet dövründə Azərbaycan tarixinin tədris edilməməsinin fəsadlarını görmədik? Hələ də bu fəsadları aradan qaldıra bilməmişik. Tez-tez adı çəkilən 5-ci kolon və ya cəmiyyətimizdə dövlətini gah İranın, gah Rusiyanın, gah da Türkiyənin bir əyaləti görməyi arzulayan vətəndaşların var olması, öz tarixi qəhrəmanlarından, şəxsiyyətlərindən daha çox yarındıqları cəmiyyətlərin qəhrəmanlarına pərəstiş edənlərin çoxluğu milli və tarixi şüurun formalaşdırılması istiqamətində ciddi problemlərin olduğunu göstərmir? Axı Təhsil Nazirliyindəki ekspertlər bunu görməmiş deyillər və ya görmürlərsə, onda tarixçilərin niyə fikirləri diqqətə alınmır?
...

2. Dərbənddən Həmədanadək uzanan tarixi Azərbaycan torpaqlarının şimal-şərqində bərpa etdiyimiz Azərbaycan Respublikası açıq təcavüzə, işğala məruz qalan bir ölkədir. 86,6 min kv.km-lik ərazimizin 20 faizi işğal altındadır. Düşmənlərimiz işğala haqq donu geyindirmək üçün bu torpaqlarda haqqımızın olmadığını və cəmi 100 illik dövlətçilik tariximizin olduğunu bəyan edirlər. Bununla bağlı hər il müxtəlif adda (məzmun eyni) kitablar çap etdirib dünyaya yayırlar. Bizim isə dövlətçilik tariximiz e.ə. III minillikdən başlayır. Bu tarixin şanlı dövrləri var, dərs çixarmalı olduğumuz məşəqqətli dövrləri var, bizə dostumuzu-düşmənimizi ayırd etməyə imkan verən dövrləri var. Bəs Təhsil Nazirliyinin təyinatı ilə son 100 ilin tarixi (bu tarixin də cəmi 31 ili müstəqillik dövrümüzü əhatə edir) tədris olunanda, elə həmin o düşmənin quyusuna su tokülməyəcək? Hər qarışında izimiz olan torpaqların, qədim kökləri olan dövlətçiliyimizin tarixini özümüzə unutdurmuş olmayacağıq? Vətənin ərazi bütövlüyü uğrunda savaşa hazır olan vətəndaş, əsgər necə yetişdiriləcək?
Hər il auditoriyaya daxil olanda “Qarabağ bizimdir?” sualını fərqli intonasiyalarda gənclərə ünvanlayıram və təəssüf ki, iki fərqli şəkildə sualı səsləndirəndən sonra, bir çoxunda şübhə yaranmağa başlayır. Bəs gənc nəsillərin beynində Qarabağ savaşını qələbəmizlə başa çatdırmağı Təhsil Nazirliyi hansı şəkildə düşünür? Bunun ancaq bir yolu var, o da Vətən tarixini mükəmməl bilən, itirdiyimiz hər qarış torpaq haqqında tam məlumatlı milli ruha sahib vətəndaşın yetişdirilməsi!
3. Azərbaycan dünya mədəniyyətinə kifayət qədər töhfələr vermiş bir məmləkətdir. Amma, təəssüf ki, əksər insanlarımız, xüsusilə də gənc nəsil bunun fərqində deyil. Bu gün ancaq özgə mədəniyyətlərdə gözəlliyi görən nəsillərə özümüzü necə sevdirəcəyik? Gənc nəsil Əl-Bərdəyini, Bəhmənyar ibn Mərzbanı, Eynəlqüzzat Miyanəçini, Fazil Fəridəddin Şirvanini və adlarını çəkmədiyim yüzlərlə elm, mədəniyyət xadimlərini, böyük şəxsiyyətləri necə tanıyacaqlar, necə qürur duyacaqlar? Axı bu mədəniyyətə biz sahib çıxmadıqca yiyələnənlər çoxalır.
Göründüyü kimi suallar çoxdur. Və onların hamısının cavabı da, həlli də Azərbaycan tarixinə doğma münasibətdən, sevgidən keçir. Milli, dövləti maraqlara toxunan bütün məsələlər kimi Azərbaycan tarixinin tədrisi məsələsini də ümumi tədris planında digər predmetlərlə eyni cərgəyə qoymaq, bir arşınla ölçmək olmaz. Azərbaycan adlı məmləkətimizin tarixinə ayrılan saatın islahatlar adı altında azaldılması, məzmununun dəyişdirilməsi nəinki yolverilməzdir, hətta, müzakirə mövzusu belə edilməməlidir. Azərbaycan tarixi dünyada heç kimə lazım deyil, deyənlərə isə yalnız bir cavabımız var! AZƏRBAYCAN TARIXI BIZƏ LAZIMDIR!!! Necə ki, Almaniyanın tarixi almanlara, Fransanın tarixi fransızlara, Yaponiyanın tarixi də yaponlara lazımdır.

dosent Arzu Məmmədova
Bakı Dövlət Universiteti

Xeberdar.net

AZƏRBAYCAN TARIXI NIYƏ TƏDRIS OLUNMALIDIR?!

  • 15-08-2020, 13:06
  • 1 332


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI