Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlayıb.
Xeberdar.net Trend-ə istinadən xəbər verir ki, Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi statusu almış hərbçilər üçün psixoloji və maddi güzəştlərin tətbiqi nəzərdə tutulur. Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq.
B.Hüseynov əlavə edib ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edilib.
Onun sözlərinə görə, nazirliyin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Bununla əlaqədar Sosial Xidmət Agentliyi tərəfindən “Qaynar xətt” (050 406 75 85) yaradılıb.
B.Hüseynov qeyd edib ki, psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər.