SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..

1 332 29-07-2021, 11:33 kose / siyaset / cemiyyet

SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..Bu gün “Fasebook”da Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin “Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər güclü dövlətimizin iqtisadi qüdrətini göstərir” adlı “məqalə”sini oxudum. Sözün açığı bu cızma-qara məni, qane etmədi və qane də edə bilməzdir. Birincisi, yazı başdan ayağa plagiat, ədəbi oğruluq üzərində qurulubdur. İkincisi, yazıda gətirilən arqument və faktlar reallığı əks etdirmir. Üçüncüsü, Səttar Möhbalıyev niyə son 25 ildə AHTK-da baş verən neqativ hallar haqqında deyil, birbaşa Baş nazirə, iqtisadiyyat nazirinə və başqa nazirliklərə aid olan məsələlər haqqında “hesabat” verir? Görəsən Səttar Möhbalıyev “Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər uğurla davam edir və bu, bütün ölkəni əhatə etməkdədir”, -deməklə,- nəyə işarə vurur? Bu nöqteyi-nəzərdən çıxış edərək cənabın söylədiklərinə aydınlıq gətirmək, o cümlədən, bunları faktlar əsasında analitik təhlil etmək qərarına gəldim.
Cənab Səttar Möhbalıyev yazır: “... kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iri sosial infrastruktur layihələrinin icrası təmin edilir, həmçinin yeni müəssisələr və iş yerləri yaradılır. Bu da yerlərdə əhalinin məşğulluğunun artırılmasına, rifah halının yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarıb”.
Mənə elə gəlir ki, cənab Səttar Möhbalıyev Avropanın hansısa sosial-iqtisadi baxımdan yaxşı tərəqqi etmiş bir ölkəsində yaşayır. Niyə də, yox... İllərlə aldadılan vətəndaşlar, onların zəhməti və həmkarlar təşkilatına ödədikləri pullar hesabına inşa olunan kurort-sanatoriyaların şəxsi məqsədlər üçün istifadə olunması, insanlara göndərişlərin baha qiymətə satılması, aparlan “qara mühasibat” hesabları, əlbəttə, buna imkan verə bilər. O ki, qaldı “kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsinə” bu heç də inandırıcı görünmür. Tez-tez kəsilən elektrik enerjisi vətəndaşların məişət avadanlıqlarının sıradan çıxmasına, soyuducuda olan və baha qiymətə alınan ət-süd, meyvə-tərəvəz məhsullarının xarab olmasına, isti yay günlərində kondinsionerlərin işləməməsinə, ümumiyyətlə, narahatçılığa səbəb olur. Su məsələsinə gəldikdə, burda vəziyyət daha acınacaqlıdır. İnsanlar 45-46 dərəcə isti havada saatlarla, günlərlə, hətta, hətələrlə susuz qalırlar. Kanalizasiya işləmir, ətrafı üfunət bürüyür, kranlarından isə, ən yaxşı halda, keyfiyyətsiz, lilli, qara su gəlir. Əvəz Zeynallı demişkən: “çüy”lə təmir işləri aparan, milyardlarla dövlət əmlakını mənimsəyən, bir Gəncə şəhərində 400 milyon (Bunu deputat Musa Quliyev deyib.) pulu udan “Azrsu”dan bundan artıq nə gözləmək olar... Qaz təchizatı mütəmadi kəsilir, Borulara qaz əvəzinə hava vururlar. Bu isə vətəndaşların onsuz da ağır vəziyyətini bir az da çətinləşdirir. İlin əvvəlindən başlayaraq bütün kommunal xərclər 100 % bahalaşıbdır. Budurmu sizin vətəndaşların qayğısına qalmağınız? “Kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsi?”
Cənab Səttar Möhbalıyevin “iri sosial infrastruktur layihələrinin icrası təmin edilir, həmçinin yeni müəssisələr və iş yerləri yaradılır,- deməsi, əlbəttə məndə sarkazm yaratmaya bilməzdir. Mən, şəxsən regionlarda iri infrastruktur layihələrinin icrasını görmürəm (Qarabağ və Şərqi Zəngəzur istisna olmaqla). Ola bilsin ki, bu Az.TV-nin ekranından belə görünür. Ancaq əlahəzrət fakt tamamilə başqa şeylər deyir. Hanı o müəssisələr, hanı o layihələr, hanı o iş yerləri? Sizin xəbəriniz var insanlar yaşamır, sadəcə olaraq sürünürlər?
Bəlkə siz “Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər uğurla davam edir və bu, bütün ölkəni əhatə etməkdədir”, -deyəndə,- haqlı-haqsız, “qurunun oduna yaşda yanar” aforizimində olduğu kimi insanların gözlərini tikdiyi əlillik, təqaüd, müavinət və başqa kəsilmələri nəzərdə tutursunuz? Yoxsa Novruz Bayramı ərəfəsində mağazalarınızda satılmayıb qalan mallarınızın qablaşdırılaraq insanlara paylanmasına işarə vurursunuz? Bu sosial-iqtisadi proqram yox, bu dələduzluq və şarlatanlıqdır!
Ağız dolusu respublikada tikilən Olimpiya İdman Komplekslərindən, gənclərə göstərilən yüksək qayğıdan danışırsınız. Ancaq Sizin xəbəriniz yoxdur ki, həmin Olimpiya İdman Komplekslərinin 98 % işləmir, amma “ölü canlar” ştatdadır, əmək haqqı alırlar. Tokio Olimpiadası bunu açıq şəkildə sübut etdi.
Bəlkə sosial-iqtisadi proqramlar həyata keçirilir,- deyəndə,-yəqin ki, Qazilərə göstərilən tibbi Xidmət könlünüzdən keçir? Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, korrupsiya və rüşvət burulğanı bu istəyinizi də fiaskoya uğratdı və üstündən çalın-çarpaz qara bir xətt çəkdi. Bunun doğruluğunu bu günlərdə DTX-nin əməkdaşları Hərbi Qospitalda həyata keçirdikləri əməliyyatla isbat etdilər.
Yəqin son günlər respublikanın hər yerində DİN-nin əməkdaşları tərəfində aparılan əməliyyatlarda tutulan yüzlərlə narkotika istifadəçilərindən xəbəriniz var. Bəlkədə yoxdur... Bunların çox əksəriyyəti gənclərdir. Sözsüz bu da, sizin “ürəklə” istinad etdiyiniz sosial-iqtisadi proqramların məntiqi “nəticəsidir”.
Sizin kimi məmurların yarıtmaz əməlləridir ki, ölkə bu gün ürəkaçan vəziyyətdə deyil. Siz elə bilirsiniz ki, Prezidentin dediklərini tutuquşu kimi təkrarlayıb hansısa qəzet səhifəsində yerləşdirməklə Prezidentə kömək edirsiniz və ya onun verdiyi tapşırıqları yerinə yetirirsiniz?
Əsla yox! Əksinə. Ruslar buna “Ayı xidməti” deyirlər... Sizin kimlər mədh etməklə, həm Prezidentə, həm Azərbaycan dövlətinə, həm də xalqa xəyanət etmiş olurlar. Gedin öz işinizlə məşğul olun. Yaxşısı budur ki, istefa verin. Gözləməyin ki, sizi də qudanız Əli Həsənov kimi biabırçı formada yola salsınlar...
28.07.2021.
Veydəddin Pirəliyev
Filologiya üzrə fəlsəfə doktoru,
AJB-nin üzvü, publisist.
demokratik.az

XƏBƏR LENTİ